Kino tənqidçisi Vinni Mankuzo sosial təcrid şəraitində baxmaq üçün ən yaxşı macəra filmlərinin siyahısını tərtib edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Collider" məlumat yayıb.
Vinni Mankuzo sözlərinə görə, koronavirus hamını dörd divar arasında oturmağa məcbur edərək, səyahət, yeni nələrisə kəşf etmək imkanlarını məhdudlaşdırıbsa, deməli, kəskin süjetli filmlərə baxıb, dəfinə axtarışında olanların macəralarını izləmək vaxtı gəlib.
Kino tənqidçisi Stiven Spilberqin İndiana Cons haqqında 1981-ci ildən bəri çəkdiyi 4 filmi – “İndiana Cons: İtirilmiş gəmi axtarışında”, “İndiana Cons və tale məbədi”, “İndiana Cons və sonuncu səlib yürüşü”, “İndiana Cons və Büllur qafa krallığı” filmlərindən başlamağı məsləhət görür.
Sonra müəllif Robert Zemekisin “Daşla roman” komediyasına keçid edib, “Ketlin Törner və Maykl Duqlasın gözəl ifalarını izləməyi tövsiyə edir.
Xatırladaq ki, film 1984-cü ildə istehsal edilsə də, hər zaman gözəl aktyor oyunu ilə diqqət mərkəzindədir.
Con Hyustonun “Syerra-Madre dəfinəsi” (1948) filmi vestern həvəskarlarının xoşuna gələcək. Baş qəhrəmanlar son pullarını qoyub qızıl axtarmağa gedirlər. Əlbəttə ki, yol boyu onları təhlükələr gözləyir.
Vinni Mankuzo “Zorronun maskası” (1998) filmini müasir dövrün süjet xətti ilə aktyor tərkibinin eyni dərəcədə yüksək səviyyəli olması ilə fərqlənən azsaylı kino əsərlərindən biri hesab edir. Filmdə Antonio Banderas, Ketrin Zeta-Cons, Entoni Hopkins kimi güclü aktyorlar çəkilib.
“Gizli qalada üç əclaf” (1958) kinolenti tanınmış yapon rejissoru Akira Kurosavanın yəqin ki, ən gülməli işidir.
Stiven Spilberqin “Tintinanın Sərgüzəştləri: “Təkbuynuz”un sirri” animasiya filmi bu siyahıya hadisələrin qeyri-adi inkişafı baxımından daxil edilib.
Bütün zamanların ən populyar macəra blokbasteri isə əlbəttə ki, 1999-cu ildə çəkilmiş “Mumiya” filmidir. Stiven Sommersin bu ekran əsərinin 20 ildən artıq yaşı olsa da, hər dəfə bu filmə baxanda sanki ilk dəfə görürsən.
Vinni Mankuzo, həmçinin öz reytinqinə “Raketçi”, “Amazonkanın xəzinəsi”, “Kitabxanaçı: Tale nizəsinin axtarışında”, “Millətin xəzinəsi”, “Tomb Raider: Lara Kroft", “Yerin mərkəzinə səyahət”, “Karib dənizinin dəniz quldurları: Qara mirvarinin lənəti”, “Şahanə-gəlin” və “Üzüklərin sahibi: Üzük Birliyi” filmlərini daxil edib.