Vikipediyada dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında özbək dilində bölmə istifadəyə verilib - FOTOLAR
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə dahi söz ustadı Məhəmməd Füzuli haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bölmədə dahi şairin həyatı, yaradıcılığı, əsərləri, şeirlərinə yazılan musiqilər, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycanda görülən işlər haqqında geniş məlumat verilir.
Dünyanın milyonlarla internet istifadəçisinin, tədqiqatçısının müraciət etdiyi Vikipediya Elektron Ensiklopediyasında yaradılan Füzuli bölməsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin xatirəsini əbədiləşdirmək məqsədilə 1996-cı ildə anadan olmasının 500 illik yubileyi münasibətilə Azərbaycanda "Füzuli Ensiklopediyası"nın hazırlanaraq nəşr olunması, Füzuli Beynəlxalq Mükafatının təsis edilməsi, Bakı şəhərinin mərkəzində dahi şairin möhtəşəm heykəlinin ucaldılması, ölkənin Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna şairin adının verilməsi haqqında məlumatlar, fotoşəkillər öz əksini tapıb.
Bölmədə şairin adı verilən Füzuli rayonu haqqında da məlumat verilir və rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunur.
Səhifədə Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində 2019-cu ildə yaradılan M.Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi haqqında da məlumat yerləşdirilib.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Mərkəzin Vikipediya könüllüləri ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" könüllüləri arasında təcrübə mübadiləsi və bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
Bildirilib ki, mərkəzin sifarişi ilə bu il dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin özbək dilinə tərcüməsi həyata keçirilir və nəşri planlaşdırılır.
AMM-nin direktoru Samir Abbasov Məhəmməd Füzuli irsinin, yaradıcılığının Azərbaycan xalqı ilə yanaşı, bütün bəşəriyyət üçün maraqlı və dəyərli olduğunu söyləyərək Azərbaycan ədəbiyyatında Füzulinin şəxsiyyətinin, sənətinin zirvədə dayandığını bildirib.
O, Füzulini Azərbaycan poeziyasının milli dühası, qüruru, Şərq poeziyasının zirvəsi kimi səciyyələndirib.
Vikipediyada dahi Məhəmməd Füzuli haqqında özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Fuzuliy linkində tanış olmaq mümkündür.