Türkiyənin Dənizli şəhərində yerləşən, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan və martın 19-dan COVID-19 pandemiyası səbəbindən ziyarətə bağlanan Pamukkale ağappaq görünüşü ilə diqqəti cəlb edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin ən qabaqcıl turizm məkanlarından olan Pamukkale koronavirus səbəbindən bir aydan çoxdur ki, səssizliyə bürünüb. Hər il dünyanın dörd bir yanından milyonlarla turistin ziyarət etdiyi bu məkandan indi yalnız quşların səsləri eşidilir.
Qeyd edək ki, Pamukkale bir vaxtlar möhtəşəm olmuş qədim şəhərin - İyerapolisin xarabalıqları ilə əhatə olunub. Təbii bulaqların əmələ gətirdiyi kalsium bikarbonatla zəngin gur şəlalələr ağappaq travertin terraslardan üzüaşağı axır, dünyada analoqu olmayan bəyaz səthli termal su hövzələri əmələ gətirir. Pamukkaledəki 17 unikal termal bulaq Yer kürəsinin 20 ən qeyri-adi yeri siyahısına daxildir. Gün işığında elə təəssürat yaranır ki, sanki bu bulaqlar parlaq mərmər daşlara və ya hətta buza oxşayır. Bulaqlarda temperatur 35-100 dərəcə arasında dəyişir. Ötən il Pamukkaleni 2 milyon 580 mindən çox turist ziyarət edib.