Kitab və kitab mütaliəsinin önəmini nəzərə alaraq YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan etmişdir. Ölkəmizdə də bu tarixi gün geniş qeyd olunur.
Kitab bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan ən böyük kəşflərdən biridir. Əfsanələr, əsatirlər, rəvayətlər, qəhrəmanlıq dastanları, əmək mahnıları əvvəllər şifahi formada yazılmış, sonralar isə daş, dəri və ağac üzərinə yazılaraq bu günə qədər gəlib çatmışdır. Əlifba və yazının yaranması, kağızın kəşfi, əlyazmalar, çapçılığın ixtira edilməsi, kitabxanaların yaranması kitabın inkişaf mərhələsində ən mühüm səhifələrdir. Kitabın insan həyatına daxil olması, kitabların çoxalması həm də müəlliflik hüququnun yaranması zərurətini meydana gətirmişdir. Orta əsrlərdə Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun səmərəli qorunma formasını yaratmışlar.
Azərbaycan kitab mədəniyyətinin X-XII əsrlərdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyması ədəbiyyat, coğrafiya, təbabət, astronomiya, tarix, fəlsəfə, məntiq və elmin başqa sahələrinə aid əsərlərin yaranmasına səbəb olmuşdur. Bu dövrdə Azərbaycan kitab tarixini zənginləşdirən böyük alimlər, şairlər yaşamışdır. Eyni zamanda bu dövrdə yaşamış Xətib Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Nəcməddin Naxçıvani, Hinduşah Naxçıvani, Nəsirəddin Tusi, Qətran Təbrizi, Bəhmənyar, Mahmud Şəbüstəri və başqalarının müəllif hüquqlarının qorunmasını ortaya qoyan əlyazmaları bu günə qədər gəlib çatmışdır. Kitab tariximizin ilk mərhələsinə aid olan əlyazmalar ölkəmizdən başqa, dünyanın Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa, Almaniya, Vatikan, Polşa, Çexiya, Çin, Türkiyə, İran, Özbəkistan və başqa ölkələrində qorunub saxlanılmaqdadır. “Kitab”, “Müəllif” və “Müəlliflik hüququ” anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. Dahi Nizaminin “tükənməz mənəvi qida”, Şekspirin “tacdan qiymətli”, böyük Sabirin “ilk dostum”, maarifçi-alim Zərdabinin “qiymətli dəfinə” adlandırdıqları kitab bilik mənbəyi olaraq qalmaqdadır. Dünya mədəniyyətinin inciləri sırasında Azərbaycanın “Kitabi-Dədə Qorqud” unu xüsusi qeyd etmək lazımdır.
İntibah və bilik mənbəyi olan klassik Azərbaycan kitabı xüsusilə orta əsrlərdə böyük şöhrət qazanmışdı. Sonrakı dövrlərdə də Azərbaycanın Naxçıvan, Ordubad, Bakı, Şamaxı, Gəncə, Bərdə, Şəki, Qarabağ və başqa bölgələrində yaradılan kitablar dərin məzmunu, dilinin bədiiliyi, tərtibatının gözəlliyi ilə seçilirdi. Kitab sənətkarlarımız xəttat Mirəli Təbrizi, Qazı Məhəmməd Bağır Ordubadi, Hacı Məhəmməd Naxçıvani, Hacı Hüseyn Naxçıvani, Əbdülbaqi Danişmənd, Qasım bəy Səhhaf və onlarla başqaları kitab mədəniyyətimizin formalaşmasında və inkişafında böyük xidmətlər göstərmişlər.
“Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirmişdir.
Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşrinin kütləviliyini təmin etmək üçün mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə çalışan intellektual və yaradıcı insanlara hərtərəfli qayğı göstərilmişdir. Müstəqillik illərində də ulu öndər Heydər Əliyev tərəfindən kitab nəşri və müəlliflik hüququ sahəsində ardıcıl tədbirlər görülmüşdür. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi ilə bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılmış, Azərbaycan Respublikası “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa da başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 sentyabr 2017-ci il tarixli Fərmanı müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsinə səbəb olmuşdur.
Müasir dövrdə kitab həm də hər bir xalqı beynəlxalq arenaya çıxaran və onu təbliğ edən bir vasitədir. Xalq bir çox hallarda dünya miqyasında öz yaradıcı şəxsiyyətlərinin əsərləri ilə tanınır. Bu gün Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, eləcə də mədəni irsi haqqında nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdir. Xalqımızın min illər boyu yaratdığı zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. YUNESKO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları bu qədim və nadir sənətin də xalqımıza məxsusluğunun bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük nailiyyətdir.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. “Kitabxanaya və kitablara olan diqqət hər bir ölkənin inkişaf və tərəqqisində başlıca şərtdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə şərait yaratmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurularaq elektron kitabxana sistemi istifadəyə verilmişdir. 2017-ci ildə Heydər Əliyev Sarayında Azərbaycan Miniatür Kitab Muzeyinin filialı fəaliyyətə başlamışdır.
Qədim diyarımızda təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanaların istifadəyə verilməsi bunun göstəricisidir. Muxtar respublikanın paytaxtında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmiş, müvafiq kateqoriyadan olan insanların mütaliəsi üçün lazımi şərait yaradılmışdır.
Bu gün muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən, muxtar respublikanın kitabxanalarına yüz minlərlə elmi və bədii ədəbiyyat paylanmışdır. Təkcə 2018-ci ildə muxtar respublikanın mədəniyyət ocaqlarına 15 mindən çox kitab və çap məhsulu daxil olmuşdur.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağının artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, ‘‘Uşaqlar və Günəş”, “Naxçıvan mətbəxi”, ‘‘Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan muzeyləri”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, “Pedaqoji fikir tarixindən”, “Naxçıvanın xüsusi mühafizə olunan təbiət əraziləri” və başqa kitablar tariximizi və milli dəyərlərimizi öyrənmək üçün dəyərli kitablardır.
Uşaq və gənclərdə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Bu Sərəncam muxtar respublikamızda intellektual gələcəyimizin daha mükəmməl formalaşdırılması, mütaliə vərdişlərinin yaradılmasında mühüm əhəmiyyətə malikdir. Siyahıda gəncliyin hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərəcək nümunələr seçilmişdir.
Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin xətti ilə son on ildə hazırlanan “Dünyanın bəzəyi”, “Uşaqlar və günəş”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “”Xoş baharlı Naxçıvanım”, “Əlincəqala” və 3 kitabdan ibarət “Dünyaya pəncərə” adlı tərcümə kitabları da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kitab nəşrinə göstərdiyi qayğının daha bir ifadəsidir. Həmçinin son illər Yazıçılar Birliyi üzvlərinin mindən artıq kitabı nəşr olunmuşdur. Bütün bunlar bir daha muxtar respublikada müəllif hüquqlarına və kitab işinə göstərilən qayğının bariz nümunəsidir.
Kitab bütün zamanlarda bəşəriyyətə gərək olub, insanlığın yoluna işıq salıb, gələcəkdə də xalqların tərəqqi və intibahına xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti