Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə ən yaxşı rəqs ansambllarının top-reytinqində ilk üçlükdə yer alıb.
Mədəniyyət Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, reytinq “Turstat” turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.
29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxil edilib.
“Turstat” turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Rəqs Günü kimi 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunur.