5 May "Xalçaçı günü"dür - FOTOLAR

Xalçaçılıq sənəti əsrlərin yadigarı olan milli sərvətimizdir

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Azərbaycanda toxuculuğun tarixi 5-7 min il bundan əvvələ gedib çıxır. Naxçıvanda duz istehsalına başlanması, duzun tədavülü və daşınmasında torba və xurcunlardan istifadə toxuculuq sənətinin də qədim tarixindən xəbər verir. Toxuculuğun inkişafı isə xalçaçılıq sənətinin yaranması üçün geniş imkanlar açmışdır. Herodot, Klavdi Elian, Ksenofont və digər qədim dünya tarixçilərinin əsərlərində, "Kitabi-Dədə Qorqud" dastanında, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycan xalçaları haqqında məlumatlar verilmiş, bu dəyərli mədəni irsimiz tərənnüm olunmuşdur. Görkəmli Azərbaycan və dünya rəssamlarının tablolarında da təsvir olunan xalçalarımız bu gün dünyanın məşhur muzeylərinin ən dəyərli eksponatlarındandır.

“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalçaçılığın yaşadılması və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ulu öndərimizin mühüm xidmətlərindəndir. Xalçaçılıq sənətinin inkişafı sahəsində aparılan iş bu gün uğurla davam etdirilir. Ölkə rəhbərinin mədəniyyətimizin inkişafı ilə bağlı tövsiyə və tapşırıqları milli-mənəvi dəyərlərimizin, xalq sənəti növlərinin mühafizəsi və inkişafı üçün zəmin yaratmışdır. Bu baxımdan “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşa edilməsi barədə 2007-ci ildə imzaladığı Sərəncam bu sənətə verilən yüksək qiymət və qayğının ifadəsidir. 2010-cu ildə xalça sənətimiz YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.

Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu vardır. Zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxış və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirmişdir. Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılmış, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılmışdır. Xüsusilə heyvandarlığın və qoyunçuluğun inkişafı xalçaçılıq sənətinin formalaşmasında mühüm amil olmuşdur. Xalçaçılığın inkişafı isə boyaqxanaların yaranmasını zəruri etmiş, boyaqçılar bu torpaqda bitən gül çiçəklərdən, ağac qabıqlarından istifadə edərək min illərin yadigarı olan və əlvanlığını itirməyən xalçalarımızın təbii rəngini almışlar. Naxçıvan xalçalarının, ümumilikdə, özünəməxsus çalarları vardır. Bu elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Xovsuz xalça növündə atların, atlıların və dəvələrin, çullarla bəzədilmiş dəvə karvanının təsviri, xovlu xalçaların bəzəyinə çevrilən buta elementi Naxçıvan xalçalarını öz spesifik toxunuşu və bədii quruluşu ilə fərqləndirir. Araşdırmalar nəticəsində xalçaçılıq sənətinə daxil olan keçəçiliyin lap qədim dövrdə mövcud olduğunu qeyd etmək olar.

Tariximiz qədər qədim olan xalçaçılıq və bununla bağlı sənət sahəsi Naxçıvanda Tunc dövründən başlayaraq inkişaf etmiş, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Orta əsr ərəbdilli mənbələrdə Naxçıvanda xalçaçılığın inkişafı və bu ərazidə toxunan xalçaların dünya bazarında satılması haqqında maraqlı məlumatlara rast gəlmək mümkündür. Miladi tarixi ilə 982-ci ildə ərəb dilində yazılmış “Hüdüd-əl-Aləm” (“Dünyanın sərhədləri”) adlı əsərdə Naxçıvanda toxuculuğun inkişafı haqqında qeydlər öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal edilən iri ölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir."

Qədim ənənələrə malik xalçaçılıq sənəti bu gün də Naxçıvanda yaşadılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu qədim sənətin inkişafı və təbliği sahəsində də yeni imkanlar açmışdır. Naxçıvanda xalça sənətinin inkişafı üçün görülən işlərin miqyası genişdir. Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 1998-ci ildə yaradılan bu muzey 2010-cu ildə yeni binaya köçürülmüşdür. Yarandığı vaxt 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3 mindən artıqdır. 2013-cü ildə muzey yenidən qurulmuşdur. Həmin il “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi olmuşdur. Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Naxçıvan xalçaçıları” kitabında 254 toxucu haqqında məlumatlar toplanmışdır. Muzeyin internet saytının yaradılması ilə dünyanın hər yerindən muzeyi virtual ziyarət etməyə, ziyarətçilərin ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almalarına, həmçinin tarixi keçmişimizi öyrənmələrinə imkan yaratmışdır. Muzeyin  ekspozisiyasında 264 xovlu və xovsuz xalça, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 mis və saxsı qab nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Xalça Muzeyinə də ekskursiyalar təşkil olunur. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilmişdir. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər təşkil olunur, kitab təqdimatları, elmi konfranslar keçirilir. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyi də günün tələblərinə uyğun olaraq, öz fəaliyyətini onlayn şəkildə davam etdirir. Muzeyin sosial şəbəkə hesablarından Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən eksponatları izləmək mümkündür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirmiş, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açmışdır. Dövlət proqramında milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi yeni vəzifələr kimi müəyyənləşdirilmişdir. Dövlət Proqramının icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə 585 xalça haqqında məlumatlar daxil edilmişdir.

Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, insanların bu sənətə olan marağının artırılması məqsədilə Şərur rayonundakı Cəlilkənddə XIX əsrə aid “Buzxana” Kompleksində xalçatoxuma sahəsi fəaliyyətə başlamışdır. Həmçinin “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi çərçivəsində naxçıvanlı xalçaçı qadınlarla müqavilələr bağlanılmış, milli çeşnilər əsasında evlərdə xalça toxunması məqsədilə onlar material və avadanlıqlarla təmin olunmuşlar. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır.

Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilmişdir. Hazırda Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi davam etdirilir.

Bu gün Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslər təşkil olunur. Muxtar respublikanın bölgələrində xalçaçılıq kursları fəaliyyət göstərir. Xalçatoxuyanlar üçün lazımi şərait yaradılır. Həmçinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kurslarının, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyinin fəaliyyət göstərməsi, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili, muxtar respublikanın kəndlərində xalçatoxuyan qadınların hana və digər zəruri ləvazimatlarla təmin olunması xalçaçılığın inkişafına öz töhfəsini verir.

Xalqımızın istedad və bacarığını, tükənməz sənət imkanlarını göstərən xalçaçılıq əbədiyaşar sənətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvan xalçaları, sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır”.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: