Qədim Naxçıvan özünün bənzərsiz turizm-rekreasiya ehtiyatları ilə həmişə bura səyahət edən turistlərin diqqətini cəlb edir. İstər təbii, tarixi-mədəni, istərsə də sosial-antropoloji resuslar baxımından Azərbaycanın bu qədim diyarında turistlər üçün çox geniş məzmunlu turizm ehtiyatları vardır. Təsadüfi deyil ki, Naxçıvana səyahət edən turistlər bütün dünyadan daha fərqli məkana düşdüyünü, insan, təbiət və tarix anlayışının bir ahəngdə bir-birini tamamladığını etiraf edirlər. İntensiv sosial-iqtisadi həyatın yaratdığı gərginliklərdən azad olmaq, mənəvi zənginliyə qovuşmaq və sağlamlığı bərpa etmək istəyən turistlərin də tələbatları budur.
Naxçıvanın simvoluna çevrilən, onun qürurunu və bütün dünyada bənzərsizliyini göstərən Haçadağ bir təbiət abidəsidir. Əzəmətli dağın turizm-rekreasiya cazibəsi onu görənləri həmişə heyrətə salır. Coğrafi cəhətdən hardasa Naxçıvanın tam mərkəzi mövqeyində olan Haçadağ sanki bir alınmaz qala kimi hələ uzaqdan özünün qürurlu duruşunu hamıya göstərir, qonaqları salamlayır, bədniyyətlilərin canına qorxu salır. Turistlər üçün isə Haçadağın ecazkar mənzərəsi Naxçıvana enən hava gəmisinin pəncərəsindən başlanır. Bu cazibə qüvvəsi özünün inikasını daha sonra turistlərin Naxçıvanla tanışlığı zamanı hər yerdə rastlaşacağı qonaqpərvərlik, sosial həyatdakı qayda-qanun və insanların gündəlik həyatındakı axıcı bir ahəngdə tapır.
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincə çayının sol sahilində yerləşən Haçadağ vulkan mənşəli dağdır. Demək olar ki, Naxçıvanın hər yerindən aydın görünən dağın hündürlüyü 2415 metrdir və sinəsində kolluq, dağ-meşə landşaftı yayılıb. Əfsanəyə görə Nuh Peyğəmbərin gəmisi Gəmiqayadan Ağrı dağına yola düşərkən İlandağın zirvəsinə elə güclü toxunub ki, dağ haçalanıb. Ehtimal ki, dağın adı da bu əfsanə ilə bağlıdır.
Haçadağ Naxçıvanın hazırda ən məhşur turizm marşrutlarıdan biri olan Naxçıvan-Əlincə turizm marşrutunun üzərində yerləşir. Əlincəyə çatmağa az qalmış turistlərin gözü qarşısında əzəmətlə ucalan Haçadağ sanki Əlincə qalanın böyük qardaşı kimi tarix boyu Naxçıvana gəlmiş səyyahları salamalayaraq öz varlığını bütün dünyaya tanıdıb. İlin çox vaxtı incəbelli nazlı gəlin kimi ağ örpəyə bürünən Haçadağın sinəsindəki dumanın uzaqdan görünüşü fotoqraf həvəskarları olan turistlər üçün əsl turizm resursudur. Haçadağa qalxmaq, buradakı zəngin flora və fauna ilə tanış olmaq istəyən turistlər üçün isə onları burada bambaşqa bir dünya gözləyir. Dağa yaxın olan Gal və Xoşkeşin kəndlərinin yerli sakinlərinin və dağa dırmanmış alpinist turistlərin dediklərinə görə buradakı vəhşi həyatın zənginliyi heç də Amazon cəngəlliklərindən geri qalmır. Şübhəsiz Naxçıvandakı təmiz ekoloji şərait və təbiətin qorunmasına yönəlmiş tədbirlər Haçadağ və ətrafında da hər kəsin gözünü doyura biləcək bir təbii zənginlik yaradır. Yerli faunaya xas olan vəhşi heyvanları, nadir quşları, unikal dərman bitkiləri, qayada bitmiş kol və ağacları, dağın zirvəsinə yaxın yerdən qaynayan buz bulaqları olan Haçadağ hazırda ekoturistlərin, alpinistlərin və ekstermal yürüş həvəskarlarının həvəslə dırmandığı bir turizm destinasiyadır. Dağa Culfanın Gal və Xoşkeşin kəndlərindən yerli bələdçilərin xidmətlərindən istifadə etməklə dırmanmaq olar. Haçadağ təkcə turistlərin maraq obyekti deyil, həm də xalqımızın milli sərvəti, ümumbəşəri tanışlıq dəyəri daşıyan bir təbiət möcüzəsidir.
İlin yaz fəsli, ayların yağmurlu, günlərin daha uzun və havanın da şəffaf vaxtlarıdır. Belə bir zamanlarda Naxçıvanın Haçadağını bir daha görmək və onun gözəlliyini yaddaşlara köçürməyin əsl vaxtıdır.
Həbib Zeynalov
Naxçıvan Dövlət Universitetinin müəllimi