Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın qədim memarlıq abidələri haqqında virtual fotosərgilər hazırlayır.
İdarədən NUHÇIXAN İnformasiya Agentliyi bildirilib ki, növbə virtual fotosərgi qədim və müasirliyi özündə birləşdirən, yaşı min illərlə ölçülən Naxçıvan abidələrindən biri- Möminə Xatun türbəsindən bəhs edir.
Azərbaycanın qədim memarlıq nümunələrindən biri də özünün yüksək inşaat texnikasının səviyyəsi və zəngin memarlıq bəzəyi ilə başqa tarixi-memarlıq abidələrinin içərisində xeyli fərqlənən Memar Əcəminin şah əsəri, əzəmətli Möminə Xatun türbəsidir ki, o, sanki eşq mücəssəməsidir. Türbənin hündürlüyü vaxtilə təqribən 35 metrə qədər olub. Lakin zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir. Binanın səthinə başdan-başa müxtəlif növ naxışlar vurulub. Türbənin bütün 10 guşəsinin bir-birini təkrarlamayan, bir-birinə azacıq belə oxşamayan mürəkkəb həndəsi naxışlarla işlənməsi memarın zəngin təfəkküründən, onun böyük istedadından xəbər verir.
Möminə Xatun türbəsi iki hissəlidir - yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yerüstü hissənin xarici görünüşü planda onbucaqlı, daxili görünüşü isə dairəvidir. Bina bişmiş kərpicdən hörülüb, onun bütün səthini örtən piltələrin üzəri həmin kərpicdən düzəldilmiş zəngin ornamentlə, bəzi yerlərdə isə mavi mina ilə bəzədilib. Memar türbənin hədlərinin bəzəyində külli miqdarda kufi xətlə yazılmış kitabələrdən istifadə edib.
Türbənin kimin üçün tikilməsi onun qurşağındakı kufi xətlə ərəb dilində həkk olunmuş yazıda göstərilir. Kitabələrdən aydın olur ki, türbənin Cahan Pəhləvan Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldənizin hərəmi Möminə Xatun adlı qadının şərəfinə inşa etdirib. Möminə Xatun Azərbaycanın diplomat qadınlarındandır.
Binanın tikilməsi tarixi hicri 1186-cı il göstərilir. Kitabədə Azərbaycan atabəyi Məhəmməd Cahan Pəhləvanın (1175-1186) adı çəkilir.
Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri olan Möminə Xatun türbəsi "Naxçıvan məqbərələri" tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilib.
Virtual sərgini kitabxananın "instagram" hesabından izləyə bilərsiniz:
https://www.instagram.com/tv/CANBsvwhH3p/?igshid=srws3kjmjjl8