Əbdürrəhim bəy Haqverdiyev və Ana dilimiz

A- A A+

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq ədib, demokrat yazıçı, nasir, pedaqoq, ədəbiyyatşünas, publisist, maarifpərvər ziyalı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi may ayının 17-də tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli sərəncamı ilə yazıçının  həyat və yaradıcılığının, bədii-publisist irsinin yenidən araşdırılması və təbliği sahəsində növbəti mərhələ başladı.

Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli yaradıçılığının müəyyən istiqamətlərindən biri də ana dili məsələləridir. Doğma vətəninin ictimai həyatında fəal iştirak edən vətənpərvər ziyalı xalqımızın mədəni-ictimai həyatındakı bütün çatışmamazlıqlar kimi Ana dilinin probləmləri  də onu hər daim narahat edib. Dövrün ədəbi dil normasının müəyyənləşməsində həmin dövrün görkəmli ziyalıları ilə yanaşı Əbdürrəhim bəy Haqverdiyev də əlifba, orfoqrafiya, milli terminologiya məsələlərinin ətrafında gedən mübarizələrdən kənarda qalmayıb, dilçi alimlərlə daha yaxın münasibətdə olan ədib dil məsələlərinin müzakirəsində mərkəzi mövqe tutubdur. Həmçinin Ə.Haqverdiyev onu narahat edən ötən əsrin ilk iki on illiyinin dil və əlifba məsələləri haqda mətbuatda çıxışlar edibdir. Onun “Ədəbi dilimiz haqqında”kı dəyərli məqaləsi o dövrün qızğın müzakirələrindən aldığı təəssüratın nəticəsidir. Məqalədə ədəbi dilin inkişafında bədii ədəbiyyatın və mətbuatın rolundan, əlifba, orfoqrafiya, terminologiya məsələlərindən danışır. Ədəbi dilin inkişafına mane olmaqda davam edən müəyyən nöqsanları qeyd edir. Ədəbi dilimizin qarşılaşdığı problemləri vətəndaş yanğısı ilə qələmə aldığı “Ədəbi dilimiz haqqında” əsəri həqiqətən də öz dövrünün ən aktual və acınacaqlı dil hadisələrinə həsr olunubdur. “Ədəbi dilimiz varmı, yoxmu” problemini ortaya qoyduğu bu əsərdə müəllif mətbəələrin doğma ana dilimizdə kitab çap etməməsindən şikayətlənir: “Türklərin bir mətbəəsi yоx idi. Quberniya mətbəəsində türk hürufatı var idisə, о da xırda elanlar tərcüməsi üçün оlub, bərbad bir halda idi. Bu səbəbdən məktəblərdə tədris kitabları və camaatın оxuduğu kitablar ancaq “Leyli və Məcnun”, “Gülüstan”, “Bustan”, “Tarixi-Nadir” və bu qəbil İranda çap оlunmuş və əksəri fars dilində yazılmış kitablar idi. Buna görə də fars dili türk dilinə tam mənasilə ağalıq edirdi. О vaxtın xalqı türk dilində məktub yazmağı bacarmazdılar, məktublar hamısı fars dilində yazılırdılar”. Ə.Haqverdiyev XX əsrin əvvəllərində Azərbaycanda mətbəələrin qurulması, müxtəlif qəzetlərin işıq üzü görməsi, ədəbiyyat kitablarının çapı, maarif cəmiyyətlərinin, dram dərnəklərinin təşkil оlunması yolunda ziyalıların fəaliyyətlərini yüksək qiymətləndirməsinə baxmayaraq, o dövürdə qüsurları, nöqsanları da qeyd etməkdən çəkinməyibdir.

Həmin məqalədə həm məişət leksikasına, həm də ədəbi dilimizə fars dilinin qrammatik normalarının yamanmasını, təyini söz birləşməlirini yerinə daha çox izafət tərkiblərindən istifadənin ənənə halını almasını da ifşa edirdi. Hətta Mirzə Fətəli Axundovun kоmediyalarını Azərbaycan dilində yazmasını təqdir edən nasir fars sözlərinin çoxluğundan da şikayət edir. Həmçinin M.F.Axundovun öz tərcümeyi-halını fars dilində yazmasını və onun da o dövrün qəzətlərində də çap olunmasından narazı qaldığını dilə gətirir.

Təbii ki, o dövrdə bütün Azərbaycan ziyalıları eyni mövqedən çıxış etmirdi. Maraqlı burasında idi ki, ədəbi dilin taleyinə heç kəs laqeydlik göstərmir, müxtəlif siyasi cəbhələrdə milli ədəbi dilin normasına münasibət baş qaldırır. Milli normanın ana dili üstündə qurulmasını tələb edən demokratik qüvvələrin önündə gələnlərdən biri kimi Ə.Haqverdiyev “Əkinçi”, “Kəşkül” və sairənin də nümunəvi ədəbi dil yarada bilmədiyini və bu qəzetlərdəki rus və fars dilindən çox söz istifadə edilməsini və oxucunun mütləq lüğətdən istifadə etməyə məcbur qaldığını ürək ağrısı ilə qələmə alır. Ə.Haqverdiyev ziyalıların, ədəbiyyat adamlarının ana dilinin saflığına xələl gətirməsini  ictimaiyyətə bu şəkildə çatdırır: “Ədəbiyyatla məşğul оlmaq istəyən ziyalılarımız (özümü də о cümlədən hesab edirəm) iki tərəfdən də avara оlub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qоydular”. Ayrıca ədib dilimizin morfologiya və sintaksisinə həsr olunan qrammtikaya aid vəsaitlərlə bağlı onu da vurğulayır ki, “ədəbi dilin yоxluğundan əlavə indiyədək, türk Azərbaycan ləhcəsinin bir mükəmməl sərfi və nəhvi yоxdur. Ədəbi dil haradan оla bilər? Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik. Bu xüsusda xüsusi məqalə hazırlayıram”.

Bu dövrdəki dil meyillərini düzgün təhlil edərək doğru olaraq konkretləşdirərkən belə yazır: “Sultan Əbdülhəmid zamanında Osmanlı ədibləri hökumətin təhriki altında Osmanlı türk ədəbiyyatının cəmi türk aləminin ədəbiyyatına ağalıq etməsi yоlunda cidd-cəhd edirdilər”. Ə.Haqverdiyev ədəbi dil və Azərbaycan ədəbi dili anlayışlarına nəzər yetirir, ədəbi dilin pozulması və ya olmaması məsələsində yad dillərin təsiri altında oxuyub-yazan ziyalıları, mətbuat aləmini ciddi günahlandırır. Ə.Haqverdiyev osmanlı ləhcəsi ilə ədəbi dili müəyyənləşdirmək istəyən ziyalıların ideya mənşəyinin Osmanlı dövləti ilə bağlı olduğunu yazır: “Əlibəy Hüseynzadə, Əhməd Kamal, Səbribəyzadə Xalid Ziya və sairləri. Birinci Əlibəy Hüseynzadə “Füyuzat”ı nəşrə başlayıb, türk Azərbaycan dilini оsmanlılaşdırmağa qədəm qоydu. Bunun müqabilində “Mоlla Nəsrəddin”in amansız mübarizəsi nəticə verə bilmədi və yazıçı gənclərin çоxunu Əlibəy öz nüfuzu altına çəkdi”. Öz dövrünün müasir gəncliyinə, ələlxüsus da, cavan ədib və şairlərin bəzi jurnal və qəzetlərin təsirinə düşməməsini, ana dilinin saflığına zərərər verməsini ədəb “gənclərimiz özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri istemal edirlər. Bu sözlər türk sözləri isə də bizim üçün yabançıdır və əvəzlərində başqa türk sözlərimiz də var. Məsələn: “sırt”-çiyin, “erkək”-kişi. “ərkək” sözü Azərbaycan türkü təsəvvüründə heyvaniyyəti təşkil edən bir sözdür” və s. məqamlara toxunaraq həyəcan təbili çalırdı. Göründüyü kimi Ə.Haqverdiyev Azərbaycan dilini osmanlılaşdıranlara qarşı mübarizənin ön cərgəsində dayanır və bu dili “osmanlı dilinin pozuq şivəsi” hesab edənlərə və onu hər cür yersiz alınmalarla korlamağa çalışanlara qarşı tutarlı faktlarla cavab verir.

Bəhs açdığımız “Ədəbi dilimiz haqqında” əsərində Azərbaycanda ədəbiyyatının və mətbuatının keçdiyi inkişaf yoluna dərindən nəzər salan ədib kitabların dilindəki ədəbi qüsurların da hədsiz dərəcədə olmasını faktlarla sübut edir. Və bu qüsurların Azərbaycan dilin ədəbiləşməsinə, ədəbi dil normalarının sabitləşməsinə mənfi təsir göstərdiyini qeyd edir.

Müxtəlif fənnlər üzrə ana dilində dərsliklərimizin olmaması, həmçinin dilimizlə bağlı dərs vəsaitlərinin, dilimizin morfoloji quruluşunu, sintaksisini əks etdirən qrammtika dərsliklərinin yoxluğu onu narahat edir və “Xalq Maarif Kоmissarlığı yanında, ya Ümumittifaq Akademiyasının Azərbaycan şöbəsində xüsusi bir təşkilat, Azərbaycan türk lisanı üçün mükəmməl sərf-nəhv və əbədi dil yaratmaq üçün qurulmalıdır” təklifini irəli sürməkdən çəkinməyibdir. O, təhsil sahəsindəki dil problemlərini bir pedaqoq kimi dolğun şəkildə təhlil etdərək maarifçiliyin alovlu təbliğatçısına çevrilibdir.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimaiyyəti üçün dil quruculuğu məsələsi ana dili probleminin əsası olsa da, nəticə etibarilə ədəbi dil normalarının müəyyənliyinə xidmət etdiyindən əlifba mübahisələri də geniş mədəni siyasi dairələri əhatə edir. Ərəb əlifbasının Azərbaycan dilinin fonetik sisteminə uyğunsuzluğunu M.F.Axundovun əməli şəkildə qaldırmasını təqdir edən  Ə.Haqverdiyev “Mirzə Fətəli və ərəb əlifbası” məqaləsində M.F.Axundovun bu əlifbanı həyata keçirmək üçün gördüyü işlərdən ətraflı danışır, onun bu təşəbbüsünün tarixi əhəmiyyətini izah edir. Ərəb əlifbasının çətinliklərindən, onun bu əlifbanı dəyişmək uğrundakı mübarizəsi haqda belə yazır: “Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi-müsəvvitənin yazılmamasıdır”. Böyük ictimai xadim Ə.Haqverdiyev konkret misallarla izah edir ki, saitləri əvəz emək üçün hərflərin altında və üstündə qoyulan işarələr olmadıqda bu əlifba ilə yazılmış mətnləri oxumaq daha da çətinləşir.

Ə.Haqverdiyevin “Böyük islahat” adlı məqaləsi də əlifba məsələsinə həsr olunan maraqlı yazılardan biridir. Burda o, türk dillərinin qədim abidələri ilə bağlı tədqiqatları yaxından izləyib, türkoloji ədəbiyyatla yaxından tanış olubdur. Ardıcıl və sistemli təhlilərdən sonra “Latın əlifbasının altı illiyi münasibətilə” məqaləsində türk əlifbalarının keçdiyi tarixi inkişaf yolunu təhlil edibdir.

Yeni-yeni bədii əsərlər yazmaqla bərabər pedaqoji sahədə də uğurlu fəaliyyət göstərən Ə.Haqverdiyev Azərbaycan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olubdur. O, bu sahədə də ədəbi dilin inkişafına mane olan çətinlikləri aradan qaldırmaq üçün ciddi müzakirələr aparır, Azərbaycan dilinin tədqiqi və tətbiqi üçün zəmin yaradan təkliflər irəli sürübdür.  Maarif, mədəniyyətin inkişafında ölkənin qabaqcıl ziyalılarını səfərbər etməkdə mütəmadi çıxışlar edib, təqdirəlayiq işlər görübdür.

Ə.Haqverdiyev Azərbaycan dilinin bəzi sahələrinə dair ilk elmi əsərlər də yazıbdır. 1926-cı ildə yazdığı N.İ.Aşmarinin “Nuxa şəhəri türk xalqı şivələrinə bir nəzər” adlı kitabı dialektologiya sahəsində ilk qiymətli əsərlərdən biridir.

Ə.Haqverdiyev bədii tərcümə məsələlərinə mədəni inkişafın mühüm hissəsi kimi baxıbdır. Mədəniyyətlərarası qarşılıqlı inkişafa xidmət edən bu işə də öz töhfələrini verib. Belə ki, Ə.Haqverdiyev Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”, “Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini dilimizə tərcümə edib. O, tərcüməçilik işinə çox ciddi və məsuliyyətlə yanaşıbdır. Onun tərcümə əsərlərinin dili öz milli ruhunu saxlamaqla Azərbaycan ədəbi dilinin də zənginliklərini özündə əks etdirməkdədir.

Ə.Haqverdiyev istər elmi-nəzəri fikirləri, istərsə də bədii nəsr nümunələri, publisistik məqalələri ilə Azərbaycan ədəbi dilinin düzgün istiqamətdə inkişafına, ana dilinin saflığının qorunması məsələlərinə kömək edibdir. Son olaraq qeyd edək ki, milli ədəbi dilimizin sürətli inkişafı dövrünün görkəmli nümayəndəsi olan Ə.Haqverdiyev Azərbaycan ədəbi dilinin varlığını şübhə altına alanlara qarşı mübarizədə fəal mövqe nümayiş etdirir. O, həmçinin xalq dilini dərindən bilir, bəzi mətbuatın zərərli meyillərinə baxmayaraq, öz əsərlərin geniş xalq kütləsinin dilindən süzülüb gələn söz və ifadələr, ana dilinin zəngin təbii imkanları əsasında yaradırdı. Ə.Haqverdiyev öz yazılarını nə müasiri olduğu bəzi ədəbiyyat adamlarının dilinə, nə də mövcud mətbuatın dilinə uyğunlaşdırmağa çalışmayıb, əksinə mətbuat dilini öz üslubuna uyğunlaşdırmağa cəhd edibdir. Milli dili xəlqi zəmindən ayırmağa çalışan qəz və jurnalların qarışıq dilinə qarşı mübarizə aparıb, demək olar ki, öz dili, öz üslubu ilə mövcud mətbuatın arasında sədd çəkibdir. Ədibin orijinal bədii dilinin və orijinal üslubunun başlıca məziyyəti ümumxalq canlı dilinə yaxınlıq və yad dillərin təsirinə məruz qalmamış xəlqi bir dil olmasıdır. Öz xalqını daim mədəni oyanışa və tərəqqiyə səsləyən, sadə xalq adamlarının arzu və istəklərini əsərlərinin mövzu və ideyasına çevirən yazıçı real həyat həqiqətlərini bədii ruhla dolğun şəkildə əks etdiribdir. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri ümumxalq danışığı, xalq dilinin hikmət xəzinəsi daha da zənginləşdirir. Bu cür xəlqiliklə yoğrulan əsərləri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur.

Yuxarıdakı qeydlərimizdən belə aydın olur ki, Azərbaycan tənqidi realizminin qocaman nümayəndəsi olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında ədəbi dil məsələsi və doğma ana dilimizin, ümumxalq danışıq dilinin zəminində Azərbaycan ədəbi dilinin formalaşmasının tərəfdarı olduğunu təkidlə ifadə edibdir. 1933-cü ildə “Molla Nəsrəddin” haqqındakı xatiratım” yazısında “jurnalın dili haqqında çox danışıqlar oldu” və s. bu kimi sağlam ədəbi dil uğrunda mübarizədə məsləkdaşı və qələmdaşı böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadənin mövqeyindən çıxış etmiş, hər daim “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri tərəfində dayanıbdır. Azərbaycan ədəbi dilini rəsmi dövlət dilinə çevirmək, ədəbi dil probleminin müzakirəsinin keçirildiyi bütün tədbirlərdə birmənalı mövqe nümayiş etdiribdir.

Zülfiyyə İsmayıl

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: