Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb.
Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək Şura üç İşçi Qrupundan ibarətdir. Birinci İşçi Qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin, ikinci İşçi Qrupu ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin, üçüncü İşçi Qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcək.
Kino Şurasının tərkibi kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də müxtəlif sənət adamlarından ibarətdir.
Şuranın sədri, “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovdur.