Muxtar respublikanın turizm potensialı artır - FOTOLAR

A- A A+

Turizm dünyada sürətlə inkişaf edən iqtisadi sektorlardan biridir. Ölkəmizdə də bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Mehmanxanalar, istirahət kompleksləri inşa edilir, keçirilən idman yarışları, musiqi festivalları, mədəniyyət tədbirləri, simpoziumlar və digər beynəlxalq tədbirlər ölkəyə gələn turistlərin sayını ildən ilə artırır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da füsunkar təbiəti, tarixi abidələri, müasir infrastrukturu ilə yerli və xarici turistlərin marağını cəlb etməkdədir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş Fəaliyyət Proqramında da qeyd olunmuşdur ki, "Müasir dövrdə turizm iqtisadi inkişafın vacib sahəsi kimi götürülür. Ona görə də muxtar respublikanın mövcud turizm imkanlarının tanıdılması və bu sahədə yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı tədbirlər görülməli, ölkə və xarici turizm şirkətləri ilə əlaqələr gücləndirilməli, turist cəlbi sahəsində mütərəqqi layihələr həyata keçirilməlidir".

Son illərdə muxtar respublikanın ixtisaslaşmış turizm məkanına çevrilməsi, bu sahədə üstünlüyünün artırılması istiqamətində dövlət əhəmiyyətli layihələr reallaşdırılır. Turizm sektorunun inkişafı üçün əlverişli mühitin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı bu sahədə atılan mühüm addımlardandır. Proqramın uğurla icra edilməsi yüksək keyfiyyətli və rəqabətə davamlı turizm xidmətlərinin təmin edilməsi, müasir ideya və innovasiyalara əsaslanan investisiya layihələrinin cəlb edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Dövlət Proqramında 22 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur. Bu ilin ötən dövründə Proqrama uyğun olaraq Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi turizmlə bağlı məlumatları əks etdirən materiallarla zənginləşdirilmişdir. Sosial şəbəkə hesablarına 151 məlumat daxil edilmiş, 24 min 388 baxış sayı qeydə alınmışdır. Naxçıvan Muxtar Respub­likasına səfər edən turistlərin məlumatlılığının artırılması üçün tədbirlərin görülməsi davam etdirilmiş, 15 fevral 2020-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi “İran və Azərbaycan üzrə İkinci İxtisaslaşmış Turizm Simpoziumu”nda Naxçıvan Muxtar Respublikası təmsil olunmuşdur. Muxtar respublikanın turizm potensialı haqqında simpozium iştirakçılarına məlumat verilmiş, yerli istehsal məhsullarından ibarət hədiyyə paketləri və reklam-informasiya materialları rəsmi nümayəndələrə təqdim edilmişdir. Simpoziumda ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.

Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən 20-dən çox xarici ölkədə və Azərbaycanda fəaliyyət göstərən 200-dən çox turoperatora, mehmanxanaların elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən   12 turizm informasiya mərkəzinə muxtar respublikanın turizm imkanları ilə bağlı materiallar göndərilmişdir.

Turizm sahəsində əsas hərəkətverici qüvvələrdən biri reklam-informasiya fəaliyyətidir. Müasir dünyada reklam ölkənin xaricdə tanıdılması üçün əsas təbliğat vasitəsi hesab olunur. Ötən dövrdə Naxçıvan Muxtar Respub­likasının turizm potensialını əks etdirən reklam-informasiya materiallarının hazırlan­ması və nəşri diqqətdə saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının Bələdçi Kitabı”nın hazırlanması istiqamətində iş aparılmışdır.

Şübhəsiz ki, muxtar respublikaya turist səfərlərinə müsbət təsir edən önəmli faktorlardan biri də mütəmadi olaraq turizm təqvimlərinin hazırlanmasıdır. Ötən dövrdə Dövlət Proqramında nəzərdə tutulan tapşırığın icrası istiqamətində “Naxçıvan Muxtar Respublikasının 2020-ci il üçün Turizm Təqvimi” hazırlanmış və Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Muxtar respublikanı turistlər üçün cəlbedici edən mühüm amillərdən biri də tarix-mədəniyyət abidələrinin sayının çox olmasıdır. Bu da onu deməyə imkan verir ki, Naxçıvan Muxtar Respublikasında mədəni turizmin inkişafı üçün böyük potensial vardır. Ötən dövrdə tarixi - mədəni irsi özündə əks etdirən mədəniyyət abidələrinin qorunması, elmi bərpası istiqamətində Naxçıvan şəhərində Yusif Küseyir oğlu türbəsinin və Buzxana abidəsinin bərpası başa çatdırılmış, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Böl­məsi tərəfindən muxtar respublikada turizmin inkişafı və perspektivləri, eləcə də turizm mar­şrut­ları üzrə bir neçə abidənin daxil edildiyi 4 monoqrafiya nəşrə təqdim edilmişdir.

Mədəni turizmin inkişafı ilk növbədə onun peşəkarlıqla nümayiş etdirilməsindən asılıdır. 2020-ci ilin ötən dövründə Naxçıvanın özünəməxsus dəyərlərinin və məhsul­larının, o cümlədən sənətkarlıq nümunə­lə­rinin təşviqi üçün müxtəlif tədbirlər keçiril­mişdir. Belə ki, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması işi davam etdirilmiş, Naxçıvan mətbəxinə xas olan yemək reseptləri sosial şəbəkələr vasitəsi ilə təbliğ edilmişdir. Hazırda www.nakhchivancuisine.az saytının hazırlanması ilə bağlı iş aparılır.

Muxtar respublikanın turizm potensialını əks etdirən ən mühüm nümunələrdən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin               29 noyabr 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də tətbiq etməkdən ibarətdir. Bu gün dünyanın bir çox ölkələrində təmiz ekoloji şəraiti olan, flora və fauna ehtiyatının qorunduğu yerlərdə turizm bölgələri yaradılır. Muxtar respublikada da turizm bölgələrinin yaradılması üçün yerlər mövcuddur. Həmin yerlər içərisində ən əlverişlisi isə Ağbulaq kəndidir.” Ötən dövrdə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində müvafiq infrastrukturun qurulması, həmçinin Xizək kompleksinin yaradılması istiqamətində işlər davam etdirilmiş, ərazidə yaşıllaşdırma işləri aparılmışdır.

Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası istiqamətində ekskursiyaların təşkili də davam etdirilmiş, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına və 6 mart 2020-ci il tarixdə “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün Naxçıvan şəhəri üzrə piyada marşrutunun proqramına əsasən ekskursiyalar təşkil olunmuşdur.

Turizm sektorunun nüma­yən­dələri üçün maariflən­dirici seminar­ların təşkili bu sahədə peşəkarlığın müasir standartlar səviyyəsində olmasına şərait yaradır. Bu məqsədlə “Peşəkar ofisiant” layihəsi çərçivəsində iştirakçılar üçün ümumilikdə 10 təlim, “Təbriz” Mehmanxanasında yemək süfrəsi və çay süfrəsi üzrə 2 praktik məşğələ təşkil edilmişdir. Sonda sertifikasiya imtahanı keçirilmiş, ən yüksək nəticə göstərən 6 layihə iştirakçısına müvafiq sertifikatlar təqdim edilmişdir. “Turizm agenti” ixtisası üzrə peşə kursunu Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 21 müdavim müvəffəqiyyətlə başa vuraraq sertifikat almışdır.

Restoran və kafelərdə müxtəlif bədii fəaliyyətlərin təşkili davam etdirilmiş, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 13 restoran və iaşə obyektində fərdi sənət ustalarının və musiqi kollektivlərinin çıxışları təşkil olunmuşdur.

Dövlət Proqramının icrası Naxçıvan Muxtar Respublikasında turizm təcrübəsinin formalaşdırılması üçün bundan sonra da yeni imkanlar açacaqdır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: