Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb - FOTOLAR
Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zəngin mədəniyyətimizin nümunəsi olan Azərbaycanın əfsanəvi qalaları haqqında rus dilində məqalə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanda çoxsaylı qədim abidələrin və qalaların olduğu qeyd edilir, bütün bu abidə və qalaların qədim dövrlərdə hökmdarlar tərəfindən tikildiyi vurğulanır.
Materialda İsmayıllı rayonundakı Cavanşir qalası, Şamaxı rayonundakı Gülüstan qalası, Şəkidəki Gələrsən-Görərsən və Narınca qalaları və Naxçıvandakı Əlincəqala haqqında ətraflı məlumat verilir.
Cavanşir qalası haqqında bildirilir ki, rayonun qədim dövrlərə aid abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri Girdiman vilayəti və tanınmış sərkərdə Cavanşirin adı ilə bağlıdır və qala VII əsrdə tikilib.
Şəki Narınca qalası haqqında deyilir ki, abidə dəniz səviyyəsindən yüksəklikdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanın ilk müstəqil xanlığının əsasını qoyan Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilib.
Gələrsən-Görərsən qalası haqqında bildirilir ki, abidə Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir.
Gülüstan qalası haqqında deyilir ki, abidə IX yüzilliyə aid olsa da, XIII əsrin əvvəllərində köklü şəkildə yenidən qurulub və möhkəmləndirilib.
Əlincəqala haqqında isə bildirilir ki, Naxçıvan şəhərindən 30 km şərqdə, Əlincəçayın sağ sahilində, 1800 metr hündürlüyündə olan Əlincə dağının üzərində yerləşir.