“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitab Daşkənddə çap olunacaq
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə araşdırmaçı alim Emin Arifin “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitabı Daşkənddə özbək və rus dillərində çap olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kitabı artıq Şahistə Kamranlı özbək dilinə çevirib və əsərin rus dilinə tərcüməsi üzərində iş gedir.
Əsərdə XX əsrin əvvəllərində “erməni məsələsi”nin dünyanın aparıcı güc mərkəzi olan Böyük Britaniyanın geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın müxtəlif qurumları tərəfindən qəbul edilən qərarlarla ermənilər üçün külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatın təmin edilməsindən bəhs olunur. Müəllif Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsərdə qeyd edir ki, ingilislərin ermənilərlə əməkdaşlığı Azərbaycanın bir çox bölgəsində minlərlə insanın qətlə yetirilməsinə səbəb olub.
Nəşrdə böyük güclərin geosiyasi maraqlarının toqquşması kontekstində “erməni məsələsi”nin yeri, bu dövlətlərin siyasətlərinə uyğun olaraq silahlandırılan və güclənən ermənilər tərəfindən gerçəkləşdirilən kütləvi qırğınların mahiyyətinin araşdırılması, rəqabət və təhriklər nəticəsində ortaya çıxan problemin Azərbaycan üzərindəki ağır nəticələri xarici mənbələr və arxiv materialları əsasında təhlil edilir.
Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər İngiltərənin arxiv materiallarına əsaslanır.