Azərbaycan ədəbiyyatı və milli teatr tariximizdə özünəməxsus yeri və çəkisi olan Əbdürrəhim bəy Haqverdiyev görkəmli yazıçı-dramaturq olmaqla yanaşı, həm də bir rejissor, dirijor, mühərrir, tərcüməçi və ədəbiyyatşünas kimi tanınıb. Ə.Haqverdiyev öz pyeslərilə Azərbaycan teatrının repertuarını zənginləşdirməklə kifayətlənməyib, rejissorluqla məşğul olub, aktyorların ideya-sənətkarlıq inkişafında dramaturq-müəllim kimi fəaliyyət göstərib. Eyni zamanda o rus, Qərbi Avropa və b. xalqların ədəbiyyatından bir sıra qiymətli tərcümələr hazırlayıb.
O, Rusiyada – Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil aldığı illərdə buradakı Aleksandrinski Teatrının daimi tamaşaçılarından biri olur, bu qədim sənət ocağının rəngarəng tamaşalarını müntəzəm, böyük maraq və diqqətlə seyr etməklə yanaşı, onun zəngin yaradıcılıq irsini, ümumilikdə teatr sənətinin xüsusiyyətlərini, əsasən də rejissor və aktyor işinin incəliklərini dərindən mənimsəyib.
Milli teatrımızın ilk xadimlərindən biri olan Əbdürrəhim bəy Haqverdiyevin səhnə fədailiyini sənətşünaslıq üzrə elmlər doktoru, professor, respublikanın əməkdar incəsənət xadimi İlham Rəhimli belə dəyərləndirib: “Gözəl ziyalı, böyük mədəniyyət fədaisi, nasir və dramaturq Əbdürrəhim bəy 1901-ci ildə Bakıya gəldi... Əbdürrəhim bəyin ilk, ən böyük xidməti o oldu ki, mövcudluğu çox az hiss edilən teatr həvəskarlarını dəstə-truppa şəklində cəmləşdirə və müəyyən məqsədyönlü iş qura bildi... Dəstə afişalarda, mətbuatda əsasən “Bakı müsəlman dram truppası” adlanırdı. Dramaturqun özü bu dəstənin, başqa sözlə desək, truppanın baş rejissoru funksiyasını icra etməyə başladı, Əbdürrəhim bəy dörd il sərasər bu truppaya rəhbərlik etdi və əslində milli teatrda ilk baş rejissor kimi tarixə düşdü”.
Ə.Haqverdiyev müasirlərindən özünün nəzəri biliyilə də fərqlənirdi. O, uzun illər dramaturgiya problemlərinin və teatr tarixinin tədqiqilə də məşğul olaraq bu barədə xeyli miqdarda qeydlər və xatirələr yazıbdır.
“Haqverdiyevin Şekspir, Molyer, Şiller, Qoqol, Ostrovski, hətta Avropa simvolist dramaturqlarının əsərlərilə yaxından tanış olduğu bizə bəllidir. Bu tanışlıq, şübhəsiz, nəticəsiz qalmamışdır... Lakin bu xarici təsirlərə baxmayaraq, Haqverdiyev Azərbaycan dramaturgiyasının sınanmış ənənələrinə əsaslanıb, dramaturgiyada öz fərdi üslubunu yarada bilibdir. Onun fərdi üslubunu həm mövzularında, həm dramaturji vasitələrində, həm də bir sıra bədii ifadə xüsusiyyətlərində görmək mümkündür” yazan görkəmli ədəbiyyatşünas, professor Əli Sultanlı onu da məxsusi qeyd edir ki, Haqverdiyev başlıca olaraq mövzularını mülkədar həyatından alıbdır.
Beləliklə, Ə.Haqverdiyevin pyesləri, xüsusən də faciələri Azərbaycan teatrının, həmçinin onun ikinci qocaman qolu olan Naxçıvan Teatrının təşəkkülü, formalaşması və inkişafı üçün böyük əhəmiyyət kəsb edibdir. Bu dramaturgiyanın səhnə təcəssümündə böyük bir rejissor, aktyor və rəssam nəsli yetişib püxtələşibdir.
XIX əsrin 80-ci illərində pərvəriş tapan Naxçıvan Teatrının Ə.Haqverdiyev dramaturgiyası ilə ilk tanışlığı 1899-cu ilə təsadüf edib. Məhz bu ildə, hələ sonuncu kursunda təhsil alan Əbdürrəhim bəy “Dağılan tifaq” faciəsinin bir nüsxəsini Sankt-Peterburqdan Naxçıvana, dostu Qurbanəli Şərifova göndərib. Q.Şərifov həmin pyeslə Naxçıvan Teatrının artıq formalaşmış yaradıcı heyətini tanış edir. Əsəri səhnəyə qoymağı Moskva Universitetinin hüquq fakültəsini bitirmiş Fərəcullah Şeyxov öz öhdəsinə götürür. Bu işdə qardaşı Nəsrullah da ona yaxından kömək edir. Bu tamaşada əsas rolları Ələkbər Süleymanov (Nəcəf bəy) və Əbülqasım Sultanov (Sona xanım ) oynayıblar.
XX əsrin əvvəllərindən başlayaraq Naxçıvan Teatrının truppası yeni teatr həvəskarları ilə formalaşmaqda davam edir. Bu dövrdə kollektivə Böyük xan Naxçıvanski rəhbərlik edirdi. Onun təşəbbüsü ilə 1907-ci ilin payızında Ə.Haqverdiyev dramaturgiyasına yenidən müraciət olunaraq onun “Bəxtsiz cavan” faciəsinin məşqlərinə başlanılır. Məhz onun quruluşunda hazırlanan bu tamaşa həmin il noyabr ayının 20-də təhvil verilir.
1909-cu ildə öz truppası ilə İrəvanda qastrolda olan dahi teatr fədaisi Hüseyn Ərəblinski oradan dönüşdə Naxçıvana gəlir. Onların qastrol repertuarında olan tamşalar burada da göstərilir. “Bəxtsiz cavan” göstərilərkən onun naxçıvanlılar tərəfindən də hazırlandığını bildiyindən Ərəblinski həmin tamaşadakı epizodik rollara yerli aktyorları da cəlb edir. Ümumiyyətlə, o zaman H.Ərəblinskinin bir müddət Naxçıvanda olması yerli aktyorlarda böyük ruh yüksəkliyi yaratmaqla onlarda səhnəyə sonsuz sevgi hissini daha da coşdurub, Naxçıvan Teatrının fəaliyyətində əsaslı dönüş yaradıb onun yeni bir yaradıcılıq mərhələsinə qədəm qoymasına rəvac veribdir.
“Azərbaycan Teatrının Salnaməsi” ikicildliyinin birinci cildində – “1912-ci il” bölməsində belə bir qeyd vardır: “2 mart, Naxçıvan. Bu yaxınlarda Z.Hacıbəyovun “Evlikən subay” operettası və Böyük xan Naxçıvanskinin nəzarəti altında “Dağılan tifaq” oynanacaqdır. ”Daha sonra qeyd olunur: “7 mart, Naxçıvan. Hüseyn xan Naxçıvanskinin evində yerli həvəskarlar tərəfindən “Dağılan tifaq” oynanmışdır. Nəcəf bəy – Böyük xan.”.
Buradan bəlli olur ki, 1912-ci ilin əvvəlindən Böyük xan Naxçıvanski “Dağılan tifaq”ı yeni quruluşda hazırlayıb və Hüseyn xan Naxçıvanskinin evində oynanılan tamaşada özü də baş rolu ifa edib.
“Bəxtsiz cavan” da 1912-ci ilin əvvəllərindən Naxçıvan Teatrında tamamilə yeni quruluşda hazırlanmağa başlandı. Qeyd etmək yerinə düşər ki, həmin vaxt Tiflisdə təhsil alan və qış tətilinə gələn Bəhruz Kəngərli “Bəxtsiz cavan” tamaşası üçün arxa pərdədə böyük bir mənzərə çəkməklə və səhnədə ayrı-ayrı məkanlar üçün əşyalara müəyyən tərtibat verməklə bu sənət ocağının ilk rəssamı kimi öz adını Azərbaycan teatrının salnaməsinə yazmış oldu.
Aprel ayının 22-də RzaTəhmasibin quruluşunda göstərilən “Bəxtsiz cavan” tamaşası böyük rəğbətlə qarşılanıbdır. Cəmi iki il sonra kollektiv Ə.Haqverdiyevin daha bir əsərinin – “Ac həriflər”in də uğurlu tamaşasını hazırlanıb.
1916-cı ildə isə Naxçıvan Teatrı Əbdürrəhim bəy Haqverdiyevin ardarda iki əsərini tamaşaya qoymağa müvəffəq olub. 1915-ci ildən Naxçıvan Teatrına rəhbərlik edən görkəmli teatr xadimlərindən biri Rza Təhmasib (sonralar respublikanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor) C.Məmmədquluzadənin “Ölülər” tragikomediyasına elə həmin ildə, məhz Naxçıvanda ilk səhnə həyatı verdikdən sonra, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərini hazırlayıb.
1915-ci ildə təhsilini başa vurub doğma şəhərinə qayıdan gənc Bəhruz Kəngərli də həmin ildə burada “Ölülər” tamaşası ilə daimi fəaliyyətinə başlayıb və növbəti işi kimi “Pəri cadu” tamaşasının da tərtibatçı rəssamı olub. “Kəngərli teatr dekorasiya tərtibatı sənətində də boyakarlıqda olduğu kimi, əsl realist rəssam olub, həyat hadisələrinin təbii və inandırıcı əks etdirilməsinə çalışıbdır. Realist rəssam eyni zamanda geniş yaradıcılıq fantaziyasına malik idi. Bu cəhətdən onun “Pəri cadu” əsərinə (tamaşasına – Ə.Q.) verdiyi səhnə tərtibatı – dekorasiyalar, geyim eskizləri və yaratdığı tipajlar olduqca maraqlıdır. Bu tamaşaya verəcəyi səhnə tərtibatını hazırlamaq üçün yaradıcılıq axtarışları apararkən rəssam öz fikrini belə izah edirdi: “Mən elə edəcəyəm ki, Xızr göydən yerə ensin. O, həmişə xeyir və yaxşılığı təmsil etdiyindən, başdan ayağa qədər insana xoş təsir göstərən ağ rəngdə, ağ ayaqqabıda olacaqdır. Çünki ağ rəng qüdsiyyəti təmsil edir. Onun ətrafında rəngarəng çiçəklər, yaşıl ağaclar və gözəl təbii mənzərələr yaradacağam. Əksinə, Şamama cadunu isə yerdən çıxaracağam. O, qorxunc və qara paltarda olacaqdır. Onun üzünün rəngi də qara olacaqdır. Ətrafında insanı kədərləndirəcək mənzərələr yaradacağam””.
1915-ci ilin sonlarından məşqlərinə başlanılan “Pəri cadu”nun ilk tamaşası 1916-cı ilin əvvəllərinə təsadüf edib. İlin mart-aprel aylarında isə kollektiv böyük dramaturqun “Dağılan tifaq” faciəsinə yeni səhnə həyatı veribdir.
Aprel ayının 28-də göstərilən “Dağılan tifaq”ın da quruluşçu rejissoru R.Təhmasib, rəssamı B.Kəngərli olub. Tamaşada əsas rolları Rza Təhmasib (Nəcəf bəy), Əli Xəlilov (Həmzə bəy), Rza İsfəndiyarlı (Süleyman bəy), Muxtar Nəsirov (Sona), Heydər Muradov (Pəri) və Həsən Səfərli (Məşədi Cəfər) ifa ediblər.
Naxçıvan Teatrı 1917-ci ilin aprel ayında yaradılan “El güzgüsü” cəmiyyətinin nəzdində fəaliyyətini davam etdirib və cəmiyyətin yaradılması münasibətilə “Ölülər” tamaşasını bərpa edib, həmin ayın sonunda göstərib.Tamaşanın quruluşu və səhnə tərtibatı olduğu kimi saxlanılıb, baş rollardan (R.Təhmasib – Kefli İskəndər, Ə.Qəmküsar – Şeyx Nəsrullah) başqa digər rolların iştirakçıları arasında müəyyən dəyişiklik edilib.
“Ölülər” göstərildikdən sonra kollektiv Ə.Haqverdiyevin “Bəxtsiz cavan” faciəsini hazırlamağa başlayır. Quruluşçu rejissoru R.Təhmasib, rəssamı B.Kəngərli olan bu tamaşa ilk dəfə olaraq musiqi parçaları ilə müşayiət olunub. Musiqi tərtibçisi Heydər Təhməzbəyov idi. Burada vurğulamaq yerinə düşər ki, R.Təhmasibin əmisi oğlu olan H.Təhməzbəyov uzun illər Naxçıvan Dövlət Dram Teatrının musiqi hissə müdiri vəzifəsində işləyib, bir sıra opera və operettalara dirijorluq edib.
Elə həmin il may ayının 18-də, “El güzgüsü”ndə göstərilmiş “Bəxtsiz cavan”ın ilk tamaşasında əsas rollarda Rza Təhmasib (Fərhad), Əli Xəlilov (Hacı Səməd ağa), Muxtar Nəsirov (Mehri), Rza İsfəndiyarlı (Mirzə Qoşunəli), Teymur Qasımov (Kərbalayı Bəndalı), Həsən Səfərli (Musa bəy), Heydər Muradov (Çingiz bəy), Əli Talıbov (Dustaq), Heydər Məmmədov və Əkbər Abbasov (kəndlilər) iştirak ediblər.
Burda bir maraqlı faktı da qeyd etmək yerinə düşər ki, Rza Təhmasibin Bakıya, Azərbaycan Dövlət Dram Teatrına qəbul olunmasında Ə.Haqverdiyevin böyük rolu olub. Bu hadisəni görkəmli teatrşünas və ictimai xadim, professor Cəfər Cəfərov xalq artistinin 70 illik yubiley gecəsindəki məruzəsində də məxsusi vurğulayıb: “...Qocaman sənət xadimi Rza Təhmasib doğrudan da böyük istedad və seçmə bir sənətkardır... Naxçıvanın qaranlıq mühitində meydana çıxan Təhmasib hələ kiçik yaşlarından, təxminən 12-13 yaşından öz yolunu və əqidəsini teatrda görüb. Bu yolun necə deyərlər, zəvvarı olub... Naxçıvanda rejissoru olduğu “Ölülər” tamaşasında İskəndər rolunda diqqəti cəlb edib və sonralar, sovet hakimiyyətinin ilk illərində, Əbdürəhim bəy Haqverdiyevin zəmanətilə Azərbaycan Dövlət Teatrına qəbul edilib.
1920-ci ilin iyul ayında Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra teatrın da repertuar siyasəti nəzarətə götürülür və kollektivdə bir sıra dəyişikliklər baş verir. Naxçıvan Teatrının ilk və ən uzunmüddətli direktoru olmuş Əli Xəlilov (sonralar muxtar respublikanın əməkdar artisti) yazıbdır ki: “1920-ci il avqustun 24-dən etibarən yeni teatr kollektivi fəaliyyətə başladı və biz ilk dəfə Ə.Haqverdiyevin “Bəxtsiz cavan” pyesini tamaşaya qoyduq.
1931-ci il mart ayının 27-də, Bakıda məşhur aktyor Sidqi Ruhullanın səhnə fəaliyyətinin 25 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirildi. Yubileydən sonra Sidqi Ruhulla Naxçıvan Teatrına rejissor dəvət edildi və bir müddət sonra həm də kollektivin direktoru təyin olundu. Azərbaycan səhnəsinin görkəmli xadimi 1931-ci ilin aprelindən 1933-cü ilin iyununa kimi kollektivin yaradıcılıq imkanlarını, teatr tamaşalarının bədii səviyyəsini qaldırmaq üçün səmərəli və faydalı əmək sərf etmişdir.
Naxçıvan Teatrında milli, həmçinin rus və Avropa dramaturgiyasının ən yaxşı nümunələrinə quruluş verən S.Ruhulla Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsini də tamaşaya qoyubdur. Sovet dövründə, Naxçıvan Dövlət Dram Teatrında ilk dəfə hazırlanan “Dağılan tifaq” tamaşasının quruluşçu rəssamı Adil Qazıyev, ikinci rəssamı Nağı Nağıyev, musiqi tərtibçisi Adil Kəngərli olubdur. Quruluşçu rejissor tərəfindən rollar belə bölünübdür.
Nəcəf bəy – Sidqi Ruhulla, Süleyman bəy – Nəcəf Tağızadə, Sona xanım – Zina Budaqova, Səlim bəy – Məmmədhüseyn Təhmasib, Həmzə bəy – Kazım Şeyxov, Pəri xanım – Telli Əkbərova, Mirzə Bayram – Əyyub Haqverdiyev, Aslan bəy – Seyid Səbri, Məşədi Cəfər – Əli Xəlilov, Nazlı – Məhbubə məmmədova, Cavad – Rza İsfəndiyarlı, ovçular – Ağabala Məmmədov və Əşrəf Rüstəmov. 1932-ci ildə hazırlanmış “Dağılan tifaq” faciəsinin ilk tamaşası sentyabrın 21-də olub və rəğbətlə qarşılanıb.
1937-ci ildə Gəncədən Naxçıvana gələn və bu müddətdə istedadlı bir aktyor kimi tanınan İbrahim Həmzəyev həmin vaxtdan ömrünün sonuna kimi sənət taleyini bu şəhərlə, onun qocaman teatrı ilə bağlayır. Burada aparıcı aktyor kimi fəaliyyətə başlasa da, sonralar rejissorluq edərək baş rejissor və direktor vəzifələrində də işləyib, uzun illər bu kollektivə rəhbərlik edərək Azərbaycanın müqtədir aktyorları sırasında özünəməxsus yer tutmuş, xalq artisti fəxri adına layiq görülübdür.
1940-cı ildən bir neçə tamaşaya quruluş vermiş İ.Həmzəyevin üçüncü müstəqil rejissor işi məhz Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsəri olubdur. Tamaşanın rəssamı Rəcəb Rəcəbov, musiqi tərtibçisi Ənvər Hüseynov, rejissor assistenti Xədicə Qazıyeva idi.
O dövrün mətbuatının da qeyd etdiyi kimi “İbrahim Həmzəyevin quruluşunda “Pəri cadu” əvvəlki səhnə yozumlarından fərqlənirdi.
1940-cı il dekabr ayının 11-də “Pəri cadu”nun ilk tamaşası olubdur.
1941-ci ilin iyununda Böyük Vətən Müharibəsinin başlaması səbəbindən Naxçıvan Teatrından da cəbhəyə getmiş 15 nəfərin təxminən yarısının aktyor olmasından truppada əsaslı boşluq yaranıb. Bu boşluğu aradan qaldırmaq məqsədilə bir neçə tamaşanın yeni quruluşda hazırlanması zərurəti yaranıb. Belə tamaşalardan biri də “Pəri cadu” idi.
İlk tamaşasından bir il keçəndən sonra, 1942-ci ilin dekabrından teatr Səməd Mövləvinin rejissorluğu ilə yeni quruluşda “Pəri cadu” üzərində işə başladı. Tamaşanın rəssamı Əyyub Hüseynov, musiqi tərtibçisi Ənvər Hüseynov, rejissor assistenti Rüxsarə Ağayeva idi.
Həmin vaxtdan, Böyük Vətən Müharibəsindən sonrakı dövrdə yalnız 1953-cü ildə Naxçıvan Teatrında “Pəri cadu” – Ə.Haqverdiyev dramaturgiyası yenidən səhnəyə gəldi. Budəfəki tamaşanın da quruluşçu rejissoru Səməd Mövləvi oldu. Tamaşanın bədii quruluşu teatrın baş rəssamı Məmməd Qasımova (sonralar muxtar respublikanın əməkdar incəsənət xadimi), musiqi tərtibatı teatrın musiqi hissə müdiri (sonralar muxtar respublikanın əməkdar müəllimi) Məmməd Məmmədova məxsus olmuşdur. Rejissor assistenti Əsgər Əhmədoğlu idi.
“Pəri cadu”nun son – 1953-cü il quruluşundan sonra Naxçıvan Teatrı bugünədək Əbdürrəhim bəy Haqverdiyev əsərlərinə müraciət etməyib. Hər halda öz dramaturgiyası ilə Naxçıvan Teatrının formalaşmasına və inkişafına müəyyən dərəcədə təkan vermiş böyük dramaturqun pyeslərindən biri onun 150 illiyi münasibətilə qocaman sənət ocağının repertuarında öz əksini tapmalı idi.
Ələkbər Qasımov
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.