“Gəmiqaya qayaüstü rəsmləri” kitabının təqdimatı olub - FOTOLAR
“Gəmiqaya” Tarix-Bədii Qoruğu və Muzey binasında “Gəmiqaya qayaüstü rəsmləri” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev 2002-ci ilin 12 avqustunda AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə Naxçıvanın qədim və zəngin tarixini, Gəmiqaya abidələrinin öyrənilməsini müqəddəs və vacib vəzifə kimi qarşıya qoymuşdur.
Qeyd edilib ki, xalqımızın tarixən bu torpağa məxsusluğunun daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksi daşüstü rəsmlərlə zəngindir. Bu abidələrin tədqiqinə 1970-ci illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına əsasən elmi-tədqiqat işlərinin aparılması üçün “Gəmiqaya” ekspedisiyası təşkil edilib, yaradılan şərait nəticəsində 2002-ci il iyun ayının 10-dan başlayaraq arxeoloji tədqiqatlar daha da genişləndirilib. Muxtar respublika rəhbəri 2001, 2002, 2005 və 2013-cü illərdə Gəmiqayaya səfər edərək qayaüstü rəsmlərin yayıldığı ərazilərlə tanış olub, ərazidə tədqiqat aparan alimlərlə görüşüb, tədqiqat işləri ilə bağlı tövsiyə və tapşırıqlarını verib. Ekspedisiya Gəmiqaya abidələrinin qorunub saxlanması, ardıcıl və sistemli şəkildə öyrənilməsi üçün aparılan tədqiqat işlərinin nəticəsi barədə elmi rəy hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edib.
Diqqətə çatdırılıb ki, 2006-cı ildə Gəmiqaya Tarix-Bədii Qoruğu, 2013-cü ildə “Gəmiqaya” Muzeyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən 2016-cı ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğunda və ona bitişik ərazilərdəki daşüstü təsvirləri ilə bağlı tədqiqat işləri aparılıb. Tədqiqat nəticəsində, ümumilikdə, 136 hektar ərazidə 2040 daş üzərində 7477 təsvir müəyyənləşdirilərək qeydiyyata alınıb. Gəmiqaya abidələrinin elmi təsvirindən və fotoşəkillərdən ibarət fundamental nəşr – albom-kataloq hazırlanıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Gəmiqaya abidəsinin geniş tədqiqinə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilkin mərhələsində başlanılıb və ümummilli liderin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahəyə yenidən diqqət artırılıb. Muxtar respublikamızda Gəmiqaya abidələrinə dövlət qayğısı həmişə diqqət mərkəzində olub. Gəmiqaya təsvirlərinin tədqiqi sahəsində atılan ən mühüm addımlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamından sonra Gəmiqaya ərazisinə bir neçə dəfə elmi səfərlərin təşkil edilməsi, çoxlu təsvirlərin qeydə alınması, bir neçə monoqrafiya və çox sayda məqalələrin işıq üzü görməsidir. Ali Məclis Sədrinin tapşırığına əsasən 2016-cı ilin avqustunda Gəmiqayaya təşkil olunan yeni ekspedisiya ilə qeydə alınan təsvirlər sistemləşdirilib və onların əsasında bu gün təqdimat mərasiminə toplaşdığımız “Gəmiqaya qayaüstü rəsmləri” kitabı hazırlanıb. Qeydə alınmış təsvirlərin əsasında hazırlanmış yeni nəşr Gəmiqaya abidələrinə həsr olunmuş ən möhtəşəm və mükəmməl kitabdır.
İsmayıl Hacıyev Naxçıvan ərazisində tarixi-memarlıq abidələrinin tədqiqi, bərpası, mühafizəsi və bununla əlaqədar kitabların nəşr olunmasına göstərilən diqqət və qayğıya görə muxtar respublikanın ziyalıları, elm və təhsil işçiləri adından dövlətimizə minnətdarlıq edib.
Sonra AMEA-nın müxbir üzvləri – AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Fəxrəddin Səfərli və AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev, “Gəmiqaya”ekspedisiyasının rəhbəri, sənətşünas Nizami Alıyev, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli çıxış ediblər. Çıxışlarda tariximiz və milli-mənəvi dəyərlərimizin yaşadılmasına qiymətli töhfə olan kitabın üstünlükləri, tarixi abidədə aparılan tədqiqatlar barədə ətraflı məlumat verilib.
Bildirilib ki, yeni nəşrin əsas üstünlükləri ondan ibarətdir ki, ilk dəfə olaraq Gəmiqaya təsvirlərinin yerləşdikləri ərazilərin sahəsi çox dəqiqliklə hesablanıb, kitaba daxil olan təsvirlərin fotoşəkilləri qeydə alındığı ərazilərin ardıcıllığı üzrə verilib, hər bir şəklin altında daşın materialı, ölçüsü qısa təsvir olunub. Şərhlər kitabın digər materialları kimi üç dildə (Azərbaycan, rus və ingilis dillərində) verilib. Çıxış edənlər tarix və mədəniyyətimizə göstərilən böyük diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları “Gəmiqaya” Tarix-Bədii Qoruğu və Muzeyi ilə yaxından tanış olublar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə birlikdə hazırladığı, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “Gəmiqaya qayaüstü rəsmləri” adlı nəfis tərtibatlı, yüksək poliqrafik keyfiyyətə malik yeni kitabın layihə rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdur. Elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, müəllifi “Gəmiqaya” ekspedisiya qrupunun rəhbəri, sənətşünas Nizami Alıyev, fotolar və qrafik cızmaların müəllifləri Nizami Alıyev və Arzu Novruzov, dizayner Ziya Məmmədov, mətnlərin rus və ingilis dillərinə tərcüməçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, Aidə Cəlilzadə, Bayram Əliyev və Fatimə İsmayıllıdır. Yeni nəşr Naxçıvanşünaslığa və milli tariximizə ən böyük töhfədir. Kitab Gəmiqaya təsvirlərinin tədqiqi tarixində xüsusi və mükəmməl mərhələ təşkil etməklə Azərbaycan sərhədləri çərçivəsindən çıxaraq dünya miqyasında geniş oxucu kütləsinin və elmi ictimaiyyətin diqqətini cəlb edə biləcəkdir.
Güntac Şahməmmədli
"Şərqqapısı" qəzeti