Qədim abidələrimiz xalqımızın ululuğundan xəbər verir
Dünyanın ilk yaşayış məskənlərindən olan Naxçıvan həm də Yer kürəsinin ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu ad bəzi tarixi qaynaqlara görə «Nəqşi cahan» - dünyanın naxışı, dünyanın bəzəyi, geniş yayılmış və tarixin araşdırıcıları tərəfindən də qəbul edilmiş fikirlərə görə isə «Nuhçıxan» -- Nuhun çıxdığı yer, yaxud «Nuhçıvan» -- Nuhun məskəni, Nuhun diyarı mənasındadır.
Ümummilli lider Heydər Əliyev deyibdir: «Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir».
Muxtar respublikanın digər bölgələri kimi, ən qədim yaşayış məskənlərindən olan Şərurda da son illər çoxlu sayda maddi-mədəniyyət qalıqları aşkar edilərək pasportlaşdırılıb. Bu baxımdan rayonun Yuxarı Yaycı kəndi ərazisində olan arxeoloji və tarixi-memarlıq abidələri də elmi nöqteyi-nəzərdən böyük maraq doğurur. Burada çoxlu sayda qədim insan məskənləri olan sirli-soraqlı mağaralar, qala tipli yaşayış yerləri, küp qəbirlər, dini ziyarətgahlar və digər maddi-mədəniyyət abidələri də öyrənilir.
Kəndin ərazisində mövcud olan arxeoloji abidələrdən biri «Cənnətqaya» qədim yaşayış yeridir. Bu qədim yaşayış yeri kəndin Şimal-Şərqində, hündür təpənin üstündə yerləşir. Ümumi sahəsi 2 hektardan çox olan «Cənnətqaya»nın yerləşdiyi təpə çoxterraslıdır. Aparılan ilkin arxeoloji axtarışlar zamanı buradan çoxlu yerüstü tapıntılar, xüsusilə müxtəlif ölçülü daş əmək alətləri, qırmızı, qara və qonur rəngli gil qab hissələri, dəvəgözü daşı (opsidian) və sair aşkar edilibdir.
Ümumi cəhətinə görə «Cənnətqaya» qala tipli qədim yaşayış yeridir. Bu tipli qalalar muxtar respublika ərazisində, o cümlədən Şərur bölgəsində yetərincədir. Bu baxımdan möhtəşəm «Oğlanqala», «Qız qalası», «Qarasuqala», «Ceyranqala», «Qalayeri», Sədərək rayonu ərazisində «Sədərək qalası», «Dəhnə qalası» və başqa qədim yaşayış məskənləri arxeoloq-alimlərimizin diqqət mərkəzindədir. Hazırda bu arxeoloji abidələrin bir çoxunda, o cümlədən «Oğlanqala»da, «Qız qalası»nda, «Ovçular»da, «I Maxta Kültəpəsi»ndə arxeoloqlarımız tərəfindən genişmiqyaslı qazıntı işləri aparılır.
Eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərində Naxçıvan ərazisində iri tayfa ittifaqları mövcud olub və bu tayfalar yadelli hücumlardan qorunmaq üçün strateji əhəmiyyətə malik olan hündür təpələrdə məskən salıblar. Həm də qonşu tayfaların hücumlarının qarşısını almaq üçün, yerin relyefindən asılı olaraq, qədim yaşayış məskənlərinin ətrafına iri daşlarla möhkəm qala divarları çəkib və uzun əsrlər boyu burada yaşayıblar. «Cənnətqaya» qədim yaşayış yeri də bu tipli qalalardandır. Qaladan aşkar edilmiş maddi-mədəniyyət nümunələri onun eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərinə aid olduğunu təsdiq edir. Arpaçay vadisi boyu yaşayan qədim türk tayfaları burada tarixən əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olublar.
Yuxarı Yaycı kəndinin Şərqində, kənddən 2-3 kilometr aralı yerləşən «Ağbulaq» adlanan ərazidə başqa bir qədim yaşayış yerinin izlərinə rast gəlinir. Yerli əhali həmin yeri şərti olaraq «Dəyirman dərəsi» («Gavur dərəsi» də deyirlər) adlandırır. Ətrafda içərisi oyulmuş iri ölçülü, sal və oval şəkilli daş alətlər diqqəti çəkir. Görünür, qədim sakinlər bu iri daş məmulatlardan taxılı döymək üçün istifadə ediblər. Amma ərazidə gil qab qırıntılarına rastlanmadığı üçün «Dəyirman dərəsi»nin dövrünü müəyyənləşdirmək hələlik mümkün olmayıb. Bəzi tarixçilər bu qədim yaşayış yerinin antik dövrə aid olduğunu ehtimal edirlər. Qeyd edək ki, «Ağbulaq» gur suyu olan, eyni zamanda kəndi içməli və suvarma suyu ilə təmin edən su qaynağıdır.
Kəndin ərazisində küp qəbirlər də aşkar olunub, bu qəbirlərdən çoxlu sayda maddi-mədəniyyət nümunələri götürülüb.
Yuxarı Yaycı ərazisində mövcud olan qədim abidələrdən biri də «Ağzirət ocağı»dır. Ziyarətgah kəndin Şimal-Şərqində, meyvə bağlarının yuxarısındakı təpə üzərində yerləşir. «Ağzirət» çox da böyük olmayan və bir-birinə yaxın ikiotaqlı mağaradan ibarətdir. Ziyarətgaha gələn insanlar ilk öncə mağaranın aşağısında, qayaaltı yerdə, qayadan süzülən bulaq suyu ilə paklanır və sonra «Ağzirət» ocağına qalxıb ziyarət edirlər.
Ərazidə «Karst» mağaraları da mövcuddur və 10-a qədər belə mağara var. Bu mağaralar dəniz səviyyəsindən 1.400-1.600 metr, çay yatağından isə 60-350 metr yüksəklikdə yerləşir.
Yuxarı Yaycı mağaraları içərisində ən irisi uzunluğu 40 metr olan «Xizəngi» mağarasıdır. Girəcəkdə mağaranın ölçüləri nəzərə çarpacaq dərəcədə böyük deyil, eni və hündürlüyü 1 metrə qədərdir. Mağaranın salonu getdikcə böyüyərək eni 8 metrə, hündürlüyü isə 6-7 metrə çatır. Kəndin ərazisində el arasında «Hacı Rüstəmli», «Hacı Nəbi», «Qara» və başqa adlarla tanınan bir çox zağalar (mağaralar) da mövcuddur.
Ərazidə nəinki qədim dövr, eyni zamanda orta əsr memarlıq abidələri də mövcud olubdur. Bu memarlıq tikililərindən biri də XVIII-XIX əsrdə inşa olunmuş «Köhnə hamam»dır. Təəssüf ki, bu qədim tikili ötən əsrin 80-90-cı illərində dağıdılıbdır. Bu gün əlimizdə onun yalnız yarıuçmuş vəziyyətdə olan fotoşəkli qalır. «Köhnə hamam» orta əsr memarlığına xas olan üslubda inşa olunubdur.
Son illər muxtar respublika rəhbərliyinin təşəbbüsü ilə tarixi abidələrin pasportlaşdırılması və bərpası istiqamətində gərəkli işlər görülür. Bunun nəticəsidir ki, xalqımızın qədimliyini, ululuğunu, mədəniyyətini özündə əks etdirən onlarla tarixi abidə bərpa olunubdur. Rayonumuzda da Xanlıqlar kəndi ərazisindəki XVI əsrə aid «İmamzadə» kompleksi və Cəlilkənddəki XIX əsrdə inşa edilmiş «Buzxana», Yengicə kəndindəki XIII əsrə aid hamam bərpa olunubdur.
Bəli, hər daşının altında bir tarix yatan qədim abidələrimiz, dünənimizə işıq tutan arxeoloji axtarışlar bu xalqın qədimliyindən, ululuğundan xəbər verir. Xalqımızın, millətimizin mənəvi sərvəti, ulu babalarımızın bizə əmanəti olan tarixi abidələrimiz həm də tariximizi saxtalaşdırmağa, öz xeyirlərinə dəyişmək istəyənlərə bir xəbərdarlıq, bir ismarıc, tutarlı cavabdır.
Allahverdi Əsgərli
“Şərurun səsi”qəzeti