İyunun 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilib.
Mədəniyyət Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bir sıra regional və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə baş tutan konfransın açılış sessiyasında ICESCO-nun Baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət və Bilik naziri Nura əl-Kəəbi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos çıxış ediblər.
Konfransın gündəliyinə COVID-19 pandemiyası dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər, pandemiyadan sonrakı dövrdə mədəniyyət, mədəni turizm sahəsində yeni trendlər mövzuları barədə müzakirələrin aparılması və ICESCO-nun Rəqəmsal Mədəniyyət Strategiyası layihəsinin təqdimatı daxil idi.
Virtual konfransda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə təmsil edib. Azərbaycan nümayəndə heyəti çıxış zamanı COVID-19 pandemiyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verib, həmçinin Azərbaycanın ICESCO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini qeyd edib.
Sonda konfransın yekun bəyannaməsi qəbul olunub.