Hər bir xalqın incəsənətini xalq özü yaradıb, yaşadıb və yaşadacaq. O da həqiqətdir ki, bir xalqın yaradıcı potensialını ifadə və təcəssüm, vəsf və tərənnüm edən ayrı-ayrı fərdlər, şəxslər də var. İstedad xəzinəsindən çıxan həmin dühalara xalq özü ustad adı verib. Ona görə də həyat və yaradıcılığında xalq mədəniyyət xəzinəsindən faydalanan, özünün incilərini həmin xəzinəyə qatan, varlığını xalqdan ayırmayan ustaların adı da tarixə qızıl hərflərlə yazılıb. Naxçıvan torpağının yetirdiyi gözəl səs sahibi, görkəmli müğənnimiz, əməkdar artist Yaşar Səfərov da incəsənətimizin inkişafına əvəzsiz töhfələr bəxş edən belə şəxslərdəndir. Ümumiyyətlə, Azərbaycan musiqi tarixində istedadlı müğənnilər kifayət qədər çox olublar: Rəşid Behbudov, Akif İslamzadə, Elmira Rəhimova, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Sara Qədimova, Rübabə Muradova və s. bu siyahını uzatmaq da olar. Vokal sənəti dedikdə ağıla ilk gələnlərdən biri də böyük ifaçılıq imkanları ilə musiqi mədəniyyəti tariximizdə silinməz iz qoyan Yaşar Səfərovdur.
Yaşar Səfərov ömrünün 50 ilini sənətə bağladı. Əməkdar artist, Prezident təqaüdçüsü olaraq yaradıcılığı boyu 400-dən artıq mahnı ifa etdi. İllər keçməsinə baxmayaraq bu gün də dəyərli müğənninin səsi dinləyiciləri heyran etməkdədir. O, Naxçıvan vokal ifaçılıq tarixində ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda özünə şöhrət tapmış, məlahətli səsi, gözəl ifaçılıq qabiliyyəti və rəngarəng repertuarı ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanıbdır. Klassik Azərbaycan mahnılarının bənzərsiz ifaçılarından olan Yaşar Səfərov doğma diyarımızın yetişdirdiyi böyük və unudulmaz sənətkarlardan biridir.
Görkəmli müğənni Şahbuz rayonunda dünyaya göz açıb...Düz 80 il bundan öncə, 1940-cı ilin iyun ayının 25-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olan sənətkar uşaq yaşlarında ailəsi ilə birgə Naxçıvan şəhərinə köçüb. Müğənnidə olan bənzərsiz səs və istedad atası Abutalıb kişidən keçmişdi. Müğənni sonralar xatirələrində qeyd edirdi ki, elə atasının arzularını reallaşdırmaq üçün adı Yaşar qoyulub. 1951-ci ildə ilk dəfə Pioner və Məktəblilər evinə qədəm qoyan balaca Yaşar ümumtəhsil məktəbini bitirdikdən sonra görkəmli bəstəkarımız Məmməd Məmmədovun yaratdığı “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının aparıcı solistlərindən biri olur. O vaxt Səfər Rəcəblinin “A dostlar” mahnısını ifa edən Yaşar elə həmin mahnını və Cahangir Cahangirovun “Partiya” mahnısı ilə Bakıda keçirilən Azərbaycan məktəblilərinin Bədii özfəaliyyət kollektivinin yekun konsertində çıxışı ilə gur alqışlar qazanır və mükafata layiq görülür.
Təhsil illəri...
Musiqiyə, vokal sənətinə olan güclü həvəs Yaşar Səfərovu Azərbaycan musiqi elminin beşiyi sayılan Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarır. Burada əvvəlcə kamança, 2-ci kursdan isə oxuduğu “Küçələrə su səpmişəm” xalq mahnısı bəyənildikdən sonra isə vokal sinfində təhsil alır. Texnikumda təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsilə yiyələnir. İnstitutu bitirdikdən sonra , uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin solisti işləyən Yaşar Səfərov Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış edərək Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil edib. O, həmçinin Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısıdır.
Yaşar Səfərov korifeylərin gözündə...
Yaşar Səfərov repertuarında ilk əvvəl xalq mahnılarına, bəstəkar mahnılarına önəm verirdisə, sonrakı illərdə bununla yanaşı Azərbaycan və Qərb bəstəkarlarının klassik operalarından ariyalar, romanslar da oxumağa başlayır. Yaradıcılıq taleyi Yaşar Səfərovu yeni uğurlara doğru aparırdı. Belə uğurlardan biri də onun 1959-ci ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin xor kollektivində solist olaraq işə qəbul edilməsi idi. Böyük bəstəkar və dirijor Səid Rüstəmovla ilk tanışlıq və yaradıcılıq təmasları da elə məhz bu vaxtdan başlayıb. Onu da qeyd edək ki, korifey sənətkarın Yaşar Səfərovun sənətində uğurlu addımlar atmasında böyük rolu olub. Bəstəkarın “mənim əksər mahnılarımın ilk ifaçısı Şövkət Ələkbərova və Gülağa Məmmədov olub. Sənin səsin çox xoşuma gəlir. İstəyirəm sən də onların davamçısı olasan” deməsi gənc müğənninin sənətinə verilən yüksək qiymət idi. Səid Rüstəmovun bu sözləri təbii ki, onun daha məsuliyyətlə işləməsinə də təkan verirdi.
Yaşar Səfərovun səhnə həyatı çox uğurlu olub. Səs diapazonuna, səhnə mədəniyyətinə, həyatda davranışına görə onu çox istəyirmişlər. Şövkət Ələkbərova onu hər dəfə görəndə deyərmiş: “həm ifaçı həm də qədərsiz insan olduğun üçün sənə qədərsiz hörmətim var”. Təsadüfi deyil ki, Ramiz Mirişli, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa bəstəkarlar yeni nota aldıqları mahnıları ifa etməyi məmnuniyyətlə ona həvalə edərdilər. Elə bu səbəbdən də müğənninin repertuarındakı mahnılar günbəgün artırdı. Hazırda qızıl fondda saxlanılan “Oxu tar”, “Şeir deyildi”, “Ağ çiçəklər”, “Süsən qızlar” xalq mahnılarından “Küçələrə su səpmişəm”, “Gözəlim sənsən” və başqa mahnılar ilk dəfə səhnədə onun ifasında səslənəndə alqışlarla qarşılanıb.
Unudulmaz “Naxçıvan” ifaçısı...
Yaşar Səfərov sənət dünyasında Naxçıvanla bağlı mahnılar xüsusu yer tuturdu. Müğənni yaradıcılığı boyu Naxçıvanı vəsf etməkdən yorulmayıbdır. Harada oxuyursa oxusun, hansı səhnədə çıxış edirsə etsin onun konserti Naxçıvan mahnısı ilə başlayıb onunla da sona yetərdi. Müğənni qəlbən, ruhən doğma diyara bağlı idi. Bu sevgi hələ uşaqlıqdan onun qəlbində baş qaldırmışdı. Sənətşünaslar “Yaşarın səsində şır-şır axan Arazın səsinin doğmalığı var “-deyirdilər. Doğma diyarı vəsf edən nəğmələrin ən gözəl təqdimatçısı idi desək yəqin ki, yanılmarıq. Konsert salonlarında, mavi ekranda, radio dalğalarında həmişə bir səs eşidilirdi: Ramiz Mirişli, “Naxçıvan təranələri”, oxuyur Azərbaycan Televiziya və Radiosunun solisti Yaşar Səfərov. Onun Naxçıvana həsr olunan vokal əsərlərindən ibarət nəğmə çələngində müxtəlif səciyyəvi mahnılar var idi: Ramiz Mustafayevin “Sevimli Naxçıvan”, Nəriman Məmmədovun “Sirab”, Mehriban Əhmədovanın “Arazüstü şəhərim”, Ramiz Mirişlinin “Qızlar bulağı”, “Doğma diyar”. Ancaq bu mahnıların sırasında bir mahnı var idi ki, Yaşar Səfərovun ifasında ölümsüzlük qazanıb desək heç də yanılmarıq. Bu da doğma diyarımız haqqında yazılan ən gözəl mahnılardan biri olan “Naxçıvan” mahnısıdır. Həqiqətən də Yaşar Səfərov Məmməd Cavadovun Hüseyn Əziminin sözlərinə bəstələdiyi “Naxçıvan” mahnısının ən mahir ifaçısıdır.
Duet janrının aparıcı simalarından biri...
Unudulmaz səs sahibinin ifasında dinlənilən elə mahnılar var ki, bu dəyərli əsərlərə sənətkar öz möhrünü vurub. Belə mahnıların sırasında onun sənət dostları ilə birgə oxuduğu duetlər xüsusilə seçilir.Yaddaqalan, şirin, məlahətli səsləri ilə könülləri riqqətə gətirən, bu gün də adları sənətsevər dinləyicilər tərəfindən hörmətlə çəkilən hər iki ifaçı - Yaşar Səfərovla Elmira Rəhimova musiqi mədəniyyətimizdə duet janrına adlarını qızıl hərflərlə yazdırıblar. Məhz onların ifasında səslənən “Səadət”, “Günəşi gözləyirik”, “Həyat söylə sən kiminsən”, “Ulduzlar” və digər mahnılar duet janrının ən gözəl nümunələri kimi xalq tərəfindən sevilib.
Azərbaycanın klassik mahnılarının əvəzolunmaz ifaçıları Yaşar Səfərov və Elmira Rəhimovanın oxuduğu "Səadət" mahnısı "Qızıl duetlər" sırasındadır. Bu cütlük birlikdə bir çox duet oxusa da, ən yaddaqalanı və bu gün də seviləni "Səadət" mahnısıdır. Elmira Rəhimova özü həmin duet haqqında deyirdi: "Azərbaycanda duet oxumağın əsas təməlini Yaşar Səfərovla biz qoymuşuq. Doğrudur, 50-60 il bundan əvvəl Xan əmi ilə Şövkət Ələkbərova "Keçən il gördüm səni" misrası ilə başlayan xalq mahnısını duet şəklində oxuyublar. Amma onlardan sonra bizə qədər heç kəs müasir duet oxumayıb. Professional bəstəkar duetlərini Yaşarla mən ifa etmişik".
Doğrudur “Səadət" mahnısını sonralar gənc ifaçılar da solo və ya duet şəklində ifa edirlər, amma Elmira Rəhimova ilə Yaşar Səfərovun səsinin bu mahnıya vurduğu möhürü hələ ki heç bir səs unutdurmaq gücündə deyil.
Qeyd etmək lazımdır ki, mərhum sənətkar mədəniyyətimizin inkişafındakı uğurlarına görə 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görümüşdü, prezident təqaüdçüsü idi. 2007-ci ildə 67 yaşında vəfat edən Yaşar Səfərov qaynar, sənətə bağlı bir ömür yaşadı. “Səadəti” səslədi mahnılarının birində. Ancaq gerçək səadəti dinləyici sevgisində, tamaşaçı alqışında və əbədiyaşarlıq qazanan mahnılarında tapdı. Ən gözəl mahnıların ifaçısı, hər zaman gənc Yaşar Səfərov sənət dünyamız üçün, gələcək musiqimiz üçün də istedadlı kadrlar yetişdirdi. Ondan geriyə unudulmaz mahnılar qaldı. İllər, əsrlər keçsə də yenə onun səsi könül dünyamızı ovunduracaq, ruhumuz onun səsini eşitməyə can atacaq. Radiolar, televiziyalar yenə onun ifasına təqdim edəcək, xalqımız da hər zaman böyük istəklə dinləyəcək - oxuyur respublikanın əməkdar artisti Yaşar Səfərov!
Nihad Bayramlı
Naxçıvan televiziyasının baş redaktoru