Naxçıvanda olarkən gördüm ki, burada gəncliyin inkişafı üçün hər cür şərait yaradılıb. Ali təhsil ocaqlarındakı tədris şəraiti olduqca ürəkaçandır. Türkiyəyə qayıdandan sonra yaxın dost-tanışa da təhsil almaları üçün Naxçıvandakı universitetləri seçmələrini tövsiyə edəcəyəm.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin iştirakçısı, Bandırma Onyedi Eylül Üniversitetinin dosenti Zülfikar Bayraktar səsləndirib.
“Türk dünyasının böyük oğlu Heydər Əliyevin çox gözəl bir kəlamı var: Gənclər bizim gələcəyimizdir. Doğrudan da, əgər gələcəyimizin sağlam təməllər üzərində qurulmasını istəyiriksə, gənclərin yüksək təhsil almaları, yaxşı mütəxəssis kimi yetişmələri üçün indidən lazım olan işləri görməliyik” – deyən Zülfikar Bayraktar vurğulayıb ki, gəzdiyi digər ölkələrdə çox acınacaqlı hallarla qarşılaşıb. Amma Naxçıvana ayaq basan andan burada sabitliyin, əmin-amanlığın hökm sürdüyünü, hər tərəfin, sözün həqiqi mənasında, gülüstana çevrildiyinin şahidi olub.
“Yüksək qonaqpərvərlik, mehriban münasibət, təmizlik, səliqə-sahman, bir sözlə, görünən hər şey gözəldir. Burada olmaqdan çox məmnun qaldım, bizə göstərilən diqqətə görə minnətdaram”, - deyə Zülfikar Bayraktar əlavə edib.