Yaşadığımız zaman dönəmində biz jurnalistlərin qismətinə müxtəlif xarakterli, fərqli sənət sahibləri ilə həmsöhbət olmaq düşür. Ziyalısı da, fəhləsi də, tələbəsi də, balaca uşaqlar da bizim üçün əzizdir, doğmadır.. Amma yaddaşımızda kimlər özünə daha çox yer edir, elə onu da zaman göstərir. İyirmi səkkiz iyun-tanıdığım qısa müddət ərzində öz ziyalılığı, intellektual səviyyəsi, vətəndaşlığı ilə yaddaşımın süzgəcindən keçib, işıqlı xatirələri ilə daim xatırladığım görkəmli pedaqoq, şair-publisist Vaqif Məmmədovun doğum günüdür...
Dünyanın qəhrimi düşüb üstünə?
Çöhrən niyə belə dalğındır sənin...
De, bəlkə nadanlar durub qəsdinə,
Səsin qəzəblidir, çılğındır sənin…
Alnındakı vaxtsız qırışlar Vətənin dərdləriydi sanki...Asta yerişi, kədərli baxışı keçirdiyi acı günlərin nişanəsi idi. Vətən haqqında danışanda isə gözləri atəşlə parıldayar, verdiyim suala o qədər əhatəli, səlis cavab verərdi ki...Yurdun faciəli, od içində olan günlərindən yana-yana söz açardı...Sədərək qalasından, onun müdafiəsindən ancaq Vaqif müəllim gözəl danışa bilərdi. Çünki o günlərin canlı şahidlərindən biri, orada baş verən döyüşlərin ən fəal iştirakçısı, yol-iz biləni olmuşdu.
Dəyanət dəmiydi, qeyrət dəmiydi,
Yolumuz haqq işə uzanan yolsa…
Sədərək ümmanda batan gəmiydi
Qeyrətsiz olsaydıq, silaha qalsa…
misraları ilə həmvətənlərini mübarizəyə, qisasa çağıran, “Ürəyimə təkcə Vətən yerləşir”- deyən vətən oğlunun, Vaqif Məmmədovun bu gün doğum günüdür. Beş ildir ki, ailəsi, onu sevənlər onun ad gününü onsuz qeyd edir. Vaqif müəllim 1948 -ci il iyun ayının 28-də Naxçıvanın Qeyrət Qalası Sədərəkdə anadan olub. Dəyərli ziyalı ömrü yaşayan , bütün varlığını vətənin yolunda sipərə döndərən şair
Vətən deyil ki, hər tala,
Qəmini mənlə ortala.
Dönüm azad bir qartala,
Vəzifəm, çinim olmasın…. deyirdi
Onun vəzifəsi təkcə vətəni ürəyinə sığdıraraq, onu misralarından dönə-dönə keçirmək, vətən üçün yanmaq, yandırmaq idi. Azərbaycan poeziyasında özünəməxsus qələmi olan Vaqif Məmmədov ömrünün qırx beş ilini poeziyaya, sənətə həsr edib. Qırxdan artıq kitabın müəllifi olan şair ömrünün son günlərinədək qələmi əlindən yerə qoymayıb.
Təkcə Vətəni yox, bu dünyanın sevincini, qəmini özününkü bilən şair, baş verən haqsızlıqları görüb, gah bu dünyadan küsəcəyini dilə gətirir:
İtər, bu tilsimdən aşmasa dünya,
İlləri əyirib eşməsə dünya,
Düzəlib yoluna düşməsə dünya
Deyəsən,dünyadan küsəcəyəm mən...
Gah da bu gərdişdən gileylənir:
Deyən dostdu, yoxsa yaddı, bilinmir...
Yanan sudu, yoxsa oddu, bilinmir,
Ağzındakı hansı daddı bilinmir,
Bu dünyanın belə gəlib gərdişi...
Sanki dünyanın bu gününə yazılıb bu misralar.. Şairin böyüklüyü də məhz elə bundadır. Hər zaman üçün öz dəyərini itirməyən misralar yazmaq əsil söz adamlarına nəsib olur.
Hə, ustad, hamının bu dünyadan küsdüyü bir gündə sizin misralarınıza köklənmək yenidən dünyaya gəlmək deməkdir:
Bu gecə yuxuda dəniz görmüşəm,
Tək-tənha, sahildə dayanmış kimi.
Bu gecə dünyanı təmiz görmüşəm,
Günəşin nuruna boyanmış kimi...
Sərib ətəyini qırçınlı donun,
Sahilə dəyirdi dəniz biraz da...
Deyəsən xətrinə dəymişdim onun,
Sənə bənzəyirdi dəniz, biraz da...
Birdən-birə lirik notların əfsununa düşməniz də təbiidi, əziz oxucular. Çünki, Vaqif müəllim gözəl sevgi misralarının müəllifi kimi də yaddaşımızdadır. Çox sevdiyi dənizi fərqli misralarda sevgiylə həmahəng sevib, bənd-bənd, misra-misra dəniz olub, ləpələnib, dalğaların qoynunda özünü- lirik qəhrəmanını tapıb:
Dənizlə elə xoş, zaman ki, vaxt ki,
Sanıram nökərlə, kənizləyəm mən...
Deyirəm qismətə, taleyə bax ki,
Gecə yuxuda da dənizləyəm mən...
Həssas duyğuları incəliklə qələmə alan şair ilham pərisinin ömür-gün yoldaşı Hərgül xanım olduğunu dönə-dönə dilə gətirir…
Bahar buludu tək bil ki, dolsam da,
Qəlbimin istisi, odu sənlədir.
Hayana getsəm də, harda olsam da
Gəzdiyim ünvanın adı sənlədir.
Ömrümdə, günümdə nişanəm, izim,
Səninlə mən küsüb əyişə bilməm,
Sən də, sənsizlik də doğmam, əzizim,
Onları heç nəyə dəyişə bilməm...
Vaqif müəllim gözəl ailə başçısı idi. Övladlarının timsalında övlad bildiyi tələbələrinə, gənclərə hər zaman düz yolla getməyi, həyatın ağrısını, acısını mərdi-mərdanə qarşılamağı, sınmamağı, əyilməməyi tövsiyyə edirdi. Qəfil zərbələrə dayanmağın yollarını misraların diliylə çatdırırdı…
Ölüm çox da asan gəlməsin sənə,
Nə qəm çək, qüssədən nə də ki, əyil...
Güvən öz əzminə, öz iradənə,
Həyat kitablarda gördüyün deyil..
Dünyanın müxtəlif ölkələrində olmuş, dilimizi, şeirimizi, millətçiliyimizi başqalarına sevdirməyi bacaran biri kimi, Vətəninə sərhəd olan doğma, dili bir, dini bir, qanı bir yurddaşlarına üz tuturdu:
Ömrün baharı var, ömrün yayı var,
Tanrı qisməti var, Tanrı payı var,
Nə zaman istəsən qonaq gələrdim,
Arada sərhəd var, Araz çayı var..
Vaqif müəllim yaşadığı həyatın, keçirdiyi ömrün necə şərəfli olduğunu bilirdi. Layiq görüldüyü adları, titulları, mükafatları halallıqla qazanmışdı. Ürəklərdə öz heykəlini, büstünü qürurla ucaltmış söz ustadının bu gün aforizm kimi xatırlanacaq bəndlərindən biri də
Kimsənin yazığı gəlməsin mənə,
Sanmayın qəlblərə dəyib gedirəm.
Atımı sürmədim dumana-çənə…
Şərəfli bir ömür qoyub gedirəm… misralarıdır.
Ruhunuz şad olsun, ustad! Doğum gününüz mübarək!
Təranə Arifqızı