Hacı Zeynalabdin Tağıyevdən bəhs edən ekran əsəri beynəlxalq film festivalında - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” sənədli filmi Los-Ancelesdə “FLICKFAIR” film festivalında bütün mərhələləri keçərək finala vəsiqə qazanıb və birincilik uğrunda mübarizəyə qatılıb. Qaliblərə ümumi dəyəri 10 min ABŞ dolları olan mükafat veriləcək.

“100 il şərəfli ömür” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov jurnalistlərə bildirib ki, ekran əsərinin posteri festivalının əsas səhifəsində yerləşdirilib.

Onun sözlərinə görə, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

“Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarımızdan köməyini əsirgəməyib, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”, -deyə Cəlaləddin Qasımov bildirib.

O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini söyləyib.

C.Qasımov deyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni isə Xalq artisti Eldost Bayram səsləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: