“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı nömrəsi işıq üzü görüb - FOTOLAR
“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı nömrəsi işıq üzü görüb.
NUHÇIXAN xəbər verir ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.
Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılar, həmçinin Əhməd Quliyevin (AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu) “Səfəvi dövrü Azərbaycan xalçaları ingilisdilli tarixşünaslıqda”, Fizzə Quliyevanın (AMEA-nın Naxçıvan bölməsi) “Naxçıvan xalçalarında buta naxışının inkişaf xüsusiyyətləri”, Şahin Ağayevin (AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu) “Şah Səfi dövründə ipək ticarətinin inkişafına zəmin yaradan amillər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Mir-Bağırzadənin (AMEA-nın Memarlıq və İncəsənət İnstitutu) ”İpək Şərq xalçaları və onların rəmzi məzmunlu naxışları”, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “Azərbaycan xalçalarındakı ərəb qrafikalı yazılar ulu tariximizdir”, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun (“Qəsr” İctimai Birliyi) “Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarına məxsus bayraqlarda şir simvolu”, tarix üzrə fəlsəfə doktoru Sara Hacıyevanın (AMEA-nın Naxçıvan bölməsi) “Şəbəkəçilik sənəti haqqında”, tarix üzrə fəlsəfə doktoru Mərziyə İsgəndərovanın (AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu) “Rusiya-Qacar müqavilələrinin Azərbaycan xalqının taleyində həlledici rolu (diplomatik aktların tarixi-analitik aspekti)”, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın (AMEA-nın Naxçıvan bölməsi) “Azərbaycan xalçaları şifahi xalq ədəbiyyatında”, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın “Qobustanın qayaüstü incəsənəti”, Ajap Bayriyevanın (Türkmənistan) “Türkmən tikmələrində xalça ornamentlərinin təkamülü”, tarix üzrə filologiya doktoru Zeynəb Quliyevanın “Naxçıvanın qədim əkinçi-maldar tayfalarının mədəniyyəti” və s. kimi məqalələri yer alıb.
Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.