Yaponiyanın “Sərhədləri aşanlar 3.0” YouTube kanalında ulu öndər Heydər Əliyevə və Naxçıvana həsr olunan veriliş yayımlanıb - FOTOLAR

A- A A+

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” YouTube kanalında ulu öndər Heydər Əliyevə və Naxçıvan Muxtar Respublikasına həsr olunan xüsusi veriliş yayımlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, verilişin aparıcısı, Azərbaycanın yaxın dostu Kazuyasu İşida “Azərbaycan Respublikasının Milli Atlası” kitabı əsasında ölkəmizin coğrafi mövqeyi, dövlət atributları, müstəqilliyin bərpa edilməsindən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyası, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal layihələr barədə ətraflı məlumat verib. Dəfələrlə çoxsaylı yapon iş adamları ilə birlikdə Azərbaycana səyahət etdiyini xatırladan K.İşida, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı ilə görənləri heyran qoyduğunu vurğulayıb. Qeyd edib ki, əsrarəngiz təbiəti, müasir mehmanxana və nəqliyyat strukturu ilə seçilən Azərbaycan yalnız Yaponiyadan deyil, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sevimli istirahət və əyləncə mərkəzlərindən birinə çevrilib.

Azərbaycanın müasir inkişafında ulu öndər Heydər Əliyevin xüsusi xidmətlərini vurğulayan aparıcı, XX əsrin 90-cı illərinin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra ölkəmizin qarşılaşdığı çətinliklərdən də bəhs edib. Qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkədə davam edən xaosun aradan qaldırılmasına səbəb olub, Ermənistan tərəfdən torpaqların işğalının qarşısını alıb. Ulu öndər tərəfindən bu gün də dünyanın enerji təminatında xüsusi rol oynayan neft strategiyasının hazırlanması və həyata keçirilməsi Azərbaycanı iqtisadi inkişaf yoluna çıxararaq, böyük tərəqqinin əsasını qoyub. Ölkədə nəhəng infrastruktur layihələri həyata keçirilib, öz gözəlliyi ilə görənləri heyran qoyan binalar inşa edilib.

Hazırda həmin inkişafın, nəhəng quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin geniş şaxəli fəaliyyəti Azərbaycanı yalnız regionun deyil, həm də dünyanın bir çox dövlətlərinin böyük ehtiramla yanaşdığı ölkələrdən birinə çevirib.

Verilişdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası barədə də ətraflı bəhs olunub. Qeyd edilib ki, Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, bu gün Naxçıvan öz müasir inkişafı, əldə etdiyi iqtisadi uğurları ilə dünyanın ən inkişaf etmiş regionları ilə bir sırada dayanır. Okinava parlamentinin nümayəndə heyəti ilə Naxçıvana səfərini xatırladan K.İşida bu səfərin yalnız onda deyil, bütün nümayəndə heyətində böyük təəssürat yaratdığını xüsusi vurğulayıb. Qeyd edib ki, qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, ləziz mətbəxi ilə seçilən Naxçıvan torpağı şəfaverici suları və digər obyektləri ilə yapon turistlərin sevimli məskəninə çevrilə bilər. Bunda Naxçıvan əhalisinin qonaqpərvərliyi, səmimi münasibəti aparıcı rol oynayar.

Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın xalqlarımız üçün faydalı olduğunu qeyd edən aparıcı bu gün yalnız Yaponiyadan Azərbaycana deyil, həmçinin əks istiqamətdə də müxtəlif məhsulların göndərildiyini xatırladıb. Bildirib ki, Azərbaycan şərabları, nar şirələri, balı və digər orqanik məhsulları artıq Yaponiya bazarında özünə yer tutmaqdadır.

K.İşida əmin olduğunu bildirib ki, bu əməkdaşlıq dost xalqlarımızı daha da yaxınlaşdırmaqla yanaşı, hər iki tərəf üçün faydalı olacaq və əlaqələrimizin inkişafına mühüm təsir göstərəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: