Xalq artistinin 80 illik yubileyi qeyd edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, muxtar respublikamızda tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sənət adamlarına göstərdiyi diqqət və qayğı bunun bariz nümunəsidir. Belə incəsənət xadimlərindən biri də Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvidir. Vurğulanıb ki, yarım əsrdən artıq səhnədə 100-dən çox müxtəlif xarekterli obrazlar yaratmış Tofiq Mövləvi böyük tamaşaçı sevgisi qazanmışdır. Aktyor 1938-ci ilin iyulun 1-də qüdrətli sənətkar Səməd Mövləvinin ailəsində dünyaya göz açıb. Böyüdüyü mühit onu səhnə sənətinə daha qırılmaz tellərlə bağlayıb. Bildirilib ki, Tofiq Mövləvi hələ Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə təhsil aldığı illərdə Naxçıvan teatrında ilk kiçik rollarını oynamışdır. 1955-ci ildə orta məktəbi bitirdikdən sonra o, görkəmli ədib Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində rol alır. O zaman atası mərhum Səməd Mövləvi də bu tamaşada Şeyx Kəbir rolunda səhnəyə çıxır. Bu, gələcək aktyor üçün unudulmaz anlar olmaqla bərabər, həm də sənət imtahanı idi.

Nazir bildirib ki, görkəmli sənətkarın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının, 1987-ci ildə isə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adlarına layiq görülüb. Naxçıvan teatrının 125 illiyinin qeyd edildiyi 2008-ci ildə isə Tofiq Mövləvi “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı ilə təltif edilib. Tofiq Mövləvi 2005-ci ildən Prezident təqaüdçüsüdür. Nazir yubilyarı təbrik edib və ona hədiyyə təqdim edib. Tədbirdə Xalq artistinin sənət dostları, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Xalq artistləri Kamran Quliyev, Həsən Ağasoy, Yasəmən Ramazanova, Rövşən Hüseynov, Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov, Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Yusif Allahverdiyev, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elxan Şeyxov, sənətkarın qızı İlahə Mövləvi, nəvəsi Röya Ələkbərova çıxış edərək ­yubilyar haqqında ürək sözlərini ­bildiriblər. Sonda Xalq artisti Tofiq Mövləvi çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyinə, ona göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib və bundan sonra da teatr sənətimizin inkişafı üçün çalışacağını bildirib.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: