135-ci teatr mövsümü başa çatıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında səhnələşdirdiyi ikihissəli tarixi dramı ilə 135-ci teatr mövsümünü başa çatdırıb.

Tamaşadan əvvəl muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu qədim sənət məbədinin əsaslı inkişafı, yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin qayğısı nəticəsində teatrımız ötən əsrin 70-ci illərindən başlayaraq davamlı inkişaf yoluna çıxıb.

Mədəniyyət tariximizin şərəfli  səhifələrini yazan Naxçıvan teatrı dövlət müstəqilliyi qazanıldıqdan sonra da ulu öndərin diqqət və qayğısı ilə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bildirilib ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrlara diqqət və qayğı bu gün uğurla davam etdirilir. Ölkə Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir.

Son illər muxtar respublikada teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının 2012-ci il fevral ayının 3-də əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olub. Vurğulanıb ki, muxtar respublikada teatr sənətinə bağlı insanların əməyi də daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar fəxri adlara, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər. Natəvan Qədimova bütün mədəniyyət və incəsənət işçiləri adından göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Sonra “Qılınc və qələm” tamaşasına baxılıb.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: