Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan kinosu gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il 2 avqust ölkəmizdə Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bu il milli kinomuzun yaranmasından 122 il ötür. Azərbaycanda kino sənətinin inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının böyük rolu olmuşdur. Onun dəfələrlə ekranlaşdırılmış əsərləri milli kino sənətimizə böyük uğur qazandırmışdır. Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olmuşdur. XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı kinonun yaranmasına təkan vermişdir. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübh çağı”, “Qatarın dəmiryol vağzalına daxil olması”, “Balaxanıda neft fontanı”, “Qafqaz rəqsi”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdir.
1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzda yeni keyfiyyət dəyişikliyindən xəbər verir. Bu günə qədər Azərbaycan milli kinosunun ən uğurlu və parlaq nümunələri sırasında dayanan “Arşın mal alan” bədii filmi indiyədək 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunmuşdur. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir: bu gün də sevilə-sevilə baxılan “O olmasın, bu olsun” ilk rəngli bədii filmi ekranlaşdırılır.
İncəsənətimizin böyük hamisi ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. 1970-1980-ci illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərk duyğularının oyadılmasında, milli şüurun formalaşmasında və yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynamışdır. Bu filmlər məzmun və janr etibarilə kino sənətimizə yeniliklər gətirmiş və bu sevilən sənəti xalqa daha da yaxınlaşdırmışdır. Azərbaycan filmləri içərisində müxtəlif peşə və sənət adamlarının həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir.
Ötən əsrin 70-80-ci illərində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, nüfuzlu əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi film, “Mozalan” satirik jurnalının 96 nömrəsi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Alma almaya bənzər”, “O qızı tapın”, “Babamızın babasının babası”, “Səmt küləyi”, “Tütək səsi”, “Qərib cinlər diyarında” və başqa bədii filmlərimiz bu illərdə çəkilmişdir. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Sovet imperiyası dövründə nə qədər çətin olsa da, ulu öndərin təşəbbüsü ilə milli kinomuzun qızıl fondu sayılan bu cür sənət nümunələri yaradılmışdır.
Müstəqillik illərində milli kinomuza xüsusi diqqətin yönəldilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il avqustun 19-da “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, filmlərin qorunması təmin edilmişdir.
Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” buna bariz nümunədir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 31 yanvar tarixli Sərəncamı isə ekran sənətimizə diqqət və qayğının daha bir ifadəsidir.
Son illər ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər təkcə son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırmış və nüfuzlu mükafatlara layiq görülmüşdür. “Nabat”, “Çölçü”, “Buta”, “Dolu”, “Axırıncı dayanacaq”, “Qırmızı bağ”, “Dəyərli adlar”, “Yarımçıq xatirələr”, “Qala”, “40-cı qapı”, “Qisas almadan ölmə”, “Sahə”, “Aktrisa”, “Xeyirlə Şərin rəqsi” və başqa filmlərimiz müstəqillik illərində Azərbaycan kinosunun zəngin mövzu və sənət axtarışlarından xəbər verir.
Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır. Bu gün də muxtar respublikada kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları yenidən qurulmuş, Ordubad, Culfa, Babək, Kəngərli, Sədərək və Şahbuz Rayon Mədəniyyət sarayları müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu sahəyə olan qayğının daha bir nümunəsidir. Fondda 4800-dən çox film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur. Eyni zamanda fondda 100-dən çox Azərbaycan filminin ssenarisi ilə tanış olmaq imkanı da mövcuddur.
Naxçıvan Dövlət Film Fondu tərəfindən filmlərin qorunub saxlanılması, təbliği, fondun arxivinin yeni filmlərlə zənginləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər görülür. Nazirliyin sistemində fəaliyyət göstərən kinoteatrlar və mədəniyyət saraylarına fondun arxivində olan filmlərin nüsxələrinin verilməsi təmin edilmiş, Naxçıvan Dövlət Film Fondunda olmayan bədii və sənədli filmlər əldə edilərək fondun arxivi zənginləşdirilmişdir. Filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri də diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” və “Dünya kinosu – kino dünyası” layihələri çərçivəsində muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində hər həftənin cümə günləri film nümayişləri təşkil edilir. Həmçinin milli kinomuzun təbliği istiqamətində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Milli filmlərimiz” və “Mən kinonu sevirəm” adlı kinoviktorinalar, “Qısa filmlər üçün ssenari müsabiqəsi” keçirilmişdir. O cümlədən Mədəniyyət və Təhsil nazirliklərinin təşkilatçılığı ilə Film Fondu tərəfindən hərbi hissələrdə əsgər və zabitlərə, ümumtəhsil məktəblərinin şagirdlərinə, məktəbdənkənar müəssisələrin dərnək üzvlərinə və sosial qayğıya ehtiyacı olan uşaqlara film nümayişləri təşkil olunmuşdur. Dövrün tələbinə uyğun olaraq Naxçıvan Dövlət Film Fondu da fəaliyyətini onlayn quraraq görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı məlumatlar hazırlayaraq sosial şəbəkələrdə paylaşımlar edir. Həmçinin “Yallılar dünəndən bu günə” kitabı ilə bağlı yallıların çəkilişi Film Fondu tərəfindən həyata keçirilir.
Ötən dövrdə muxtar respublikanın tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti, təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi, təsərrüfat həyatı, ordu quruculuğu ilə bağlı Naxçıvan Dövlət Televiziyasında 156 televiziya filmi hazırlanmışdır. Həmçinin Naxçıvan Dövlət Televiziyasında 700-ə yaxın, “Kanal 35” televiziyasında isə 165 sənədli film dublyaj olunmuşdur.
Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Bizim kinonun tarixi və əldə etdiyi nailiyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti