UNESCO üzrə Azərbaycan Milli Komissiyasının təşəbbüsü ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçiriləcək
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə avqustun 12-də aidiyyəti dövlət qurumlarının rəsmiləri və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə UNESCO-nun gənclər sahəsində fəaliyyəti, bu sahədə Azərbaycan-UNESCO əməkdaşlığının cari vəziyyəti və perspektivləri, həmçinin ölkəmizdə həyata keçirilən gənclər siyasətinin müxtəlif istiqamətlərinin müzakirə edilməsi planlaşdırılır.
Milli Komissiyanın Daimi Katibliyindən bildirilib ki, Portuqaliyanın paytaxtı Lissabon şəhərində 8-12 avqust 1998-ci ildə gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş ümumdünya konfransının tövsiyəsi əsasında 17 dekabr 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qərara əsasən, hər il avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. UNESCO-nun mandatına da aid olan gənclər sahəsinə təşkilat böyük əhəmiyyət verir və bununla bağlı bir sıra proqram və təşəbbüsləri həyata keçirir.
BMT tərəfindən Beynəlxalq Gənclər Günü münasibətilə 2020-ci il üçün ‘‘Qlobal fəaliyyət üçün gənclərin cəlb olunması’’ mövzusu seçilib. Bu mövzunun seçilməsində məqsəd yerli, milli və qlobal səviyyələrdə gənclərin cəlb olunmasının hansı yollarla milli və çoxtərəfli təsisatların və proseslərin zənginləşdirilməsinə töhfə vermək, eləcə də onların formal institusional siyasətdə təmsilçiliyi və iştirakının necə artırıla bilməsini nəzərdən keçirməkdir.