Bu gün Xalq şairi Qabilin doğum günüdür

A- A A+

XX əsr Azərbaycan poeziyasında öz dəst-xətti, üslubu, mövzuları olan Qabil, bədii-estetik, lirik, fəlsəfi məzmunda ərsəyə gətirdiyi əsərləri ilə ədəbiyyatımızı rövnəqləndirən ədəbi şəxsiyyətlərdəndir. Şairin həyat yolu, sənətdə ilk addımları – ilk şeiri, ilk kitabı zahirən ədəbi şəxsiyyətlərin keçdiyi yola bənzəyir. Lakin poeziyaya özünün coşqun təbi ilə yeni çalar, rənglər gətirməsi, mövzulara çox istiqamətlərdən yanaşaraq, zamanın ağrılarından çıxış etməsi, klassik poeziyamızın mənəvi-əxlaqi, didaktik, fəlsəfi düşüncələrindən bəhrələnərək ədəbiyyatımıza yeni dəyərlər qazandırması şairin istedadının, ədəbi fəhminin göstəricisidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Xalq şairin Qabilin anadan olmasının 94-ci ildönümü münasibətilə yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin hazırladığı yazıda yer alıb. Yazını oxuculara təqdim edirik.

Bəllidir ki, hər bir şairi, yazıçını, ümumən yaradıcı insanı yetişdirən mühit, onun dərs aldığı bir məktəb, həyat müəllimi, eləcə də, düşüncəsini formalaşdıran ədəbi məclislər olur. Qabilin də poetik ruhda yetişməsində, şeirə, sənətə ülvi baxışlarının yaranmasında Bakı mühitinin təsiri böyük olub. Belə ki, hələ uşaq yaşlarından yaxınların, qohumların məclislərində eşitdiyi mərsiyələr onda şeirə, sənətə maraq oyadıb. Eləcə də klassik şeirimizin vəznini və əruzu gözəl bilən müəllimi Mirzə Cavad Qabil İmamverdiyevin ədəbiyyata, poeziyaya olan fitrətini duyduğundan onun yetişməsinə səy edib. Təbii ki, bunlar onun fəhmi, qabiliyyəti, dərki ilə yenicə formalaşmağa başladığı çağlar idi. Qabilin həmin dövrdə klassik irsə marağı, çağdaş şairlərin əsərləri ilə yaxından tanışlığı poeziyaya gəlişini zəruri etdi. Həm də fikrən, ruhən onu cazibəsinə aldığından şair bədii-poetik sözün xiridarına çevrildi.

Qabil İmamverdiyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil aldıqdan sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ali ədəbiyyat kurslarının müdavimi olub. Şərq və Qərb ədəbiyyatını mütaliə edən Qabilin ədəbi təfəkkürü, dünyagörüşü onun mükəmməl bir şair kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir, O, müxtəlif vaxtlarda “Ədəbiyyat və incəsənət” qəzetində poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib, bir müddət də Azərbaycan Televiziyasında çalışıb. Qabil müasirləri olan B.Vahabzadə, R.Rza, N.Xəzri, Ə.Kürçaylı kimi şairlərin sırasında özünün poetik düşüncəsi, dəstixətti ilə fərqlənib, özünəməxsusluğu ilə seçilib.

Yayın qorabişirən ayında dünyaya gələn Qabilin bütün şeirlərində, poetik incilərində ürəyinin hərarəti, alovu duyulur. Şair misraları ilə sanki od püskürür, düşüncəmizi alovlandırır. Onun poeziyasından nümunələr gətirmək istəyində olduğum indiki anlarda yaddaşımda səf-səf düzülən incilərinin arasında sanki çaşıb qaldım. Hansı mövzuda, ricətdə yazdığı şeirlərinin hər birinin öz cazibəsi, təsiri, ətri və qüdrəti var... Bu yerdə onun əqidəsini, amalını ifadə etdiyi misralar düşüncəmdə, yaddaşımda sanki haray qopardı. Bu, şairin “Avtoqraf” şeiridi:

Qibləgahım – həqiqət

Səcdəgahım – sədaqət.

Daş-tərəzim – ədalət

Qətiyyətim – cəsarət.

Riyadan, xəyanətdən

Uzağam yeddi iqlim.

Əyilləm haqq önündə,

Bilsəm ki, nahaqqam mən.

Şairin mövzuları gerçək həyatımızın güzgüsüdür, desək, yanılmarıq. Bu güzgüdən şeirlərinin poetik rəngləri aydın görünür. Çox zaman da şair ictimai həyatımızda baş verən hadisələrə özünəməxsus tərzdə verdiyi suallarla bir növ aydınlıq gətirir.

Şəhidlik haqqında istər poeziyamızda, istərsə də nəsrimizdə yaranan əsərlər qədərincədir. Lakin Qabilin şəhidlərə münasibəti tam fərqli və xalqın gözündə gördüyü zirvədədir. Şəhid kimlərə deyilir? Bunu ümumi şəkildə dərk edirik, amma Qabil bunu sadə, həm də məntiqli, obrazlı şəkildə düşüncəmizə həkk edir:

Şəhidlik qanunu nədən ibarət?

Torpağa, bayrağa, xalqa sədaqət!

Adı bir, şəkli min qəhrəmanlığın

Daş-tərəzisimi, arşınımı var? –

Deyin! Axı deyin, – Qəhrəmanlığın?!

Qabilin əsərlərinin çox hissəsi qəsidə, mərsiyə formasında yazılmışdır və inamla demək olar ki, bu üslubda o, özünün bənzərsiz, mükəmməl əsərlərini yaradıb. Yəni Qabil Azərbaycan poeziyasında məhz bu qabili-fəhminə görə də fərqlənib. “Gecəni atəş ilə qırmızı qan eylədilər. Xalqımı, millətimi gülləbaran eylədilər... ” Bu iki misra ilə başlayan “Mərsiyə”si 1990-cı ilin o şənbə gecəsinin qanlı mənzərəsini bütün ağrıları ilə gözümüzün qarşısında canlandırır. Yeri gəlmişkən, şairin bir bənd şeirinin, hətta bir misrasının səsləndirilməsi kifayət edər ki, onun Qabilə məxsusluğunun fərqində olaq. Təbii ki, bu fərdi üslub, özünəxas lirik ricət, deyim tərzi, şeirlərinin ahəngi, müraciət formasının özünəməxsusluğudur. Qabili Azərbaycan oxucusuna sevdirən ən mühüm, ümdə cəhət xalqın üzləşdiyi faciələri, çəkdiyi ictimai, mənəvi ağrıları vətəndaş şair olaraq öz taleyində yaşaması olub. O, həyatda olduğu kimi, şeirlərində də hər şeyi açıq deyən, yazan şairdi. Onun “Lazım gəlsə... Lazımsan də!” şeirindəki bu misralar dediklərimizin barizliyidir.

Deyirsən ki: – Lazım gəlsə hazıram

Qəsb edilmiş bu torpağı almağa.

Vallah-billah, eşitməkdən bezaram

Hapla-gopla Qarabağı almağa...

Şairin bəlkə də uşaqdan-böyüyə hamımızın ruhunu alovlandırdığı bir şeiri var. Qabil onu 1969-cu ildə qələmə alıb. 50 ildən çoxdur ki, bu şeir özünün kəsb etdiyi məna-qüdrəti, poetik pafosu, məntiqi anlamı ilə düşüncəmizi elə sarıb ki... Hər günümüzdə-saatımızda şairin dediyi kimi, “Səhv düşəndə yerimiz” həyatımızda hansı tufanlar qopur, çox ciddi şəkildə onun şahidi oluruq...

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,

Buludlar xəsis...

Yağış tökür Talışa,

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

Heyf... korşalırıq biz,

Səhv düşəndə yerimiz.

 

Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

Qabilin poetik irsi bir ümmandır, dənizdir. Ora baş vurmaq, mətləblərindən agah olmaq, yazdıqlarının əksini həyatımızda hiss etmək, hikmətlərindən bəhrələnməyin özü də bir ecazdır, zövqdür. Bəzən də həyatın burulğanlarında azıb-qalanda o, şeirlərinin ifadə etdiyi mətləbləri ilə əlimizdən tutan aqilimiz, yolgöstərənimizdir. Elə bu mənada Qabil bütün zamanların şairidir, demək ki, şeirləri ilə yol-yoldaşlığı etmək həm də mənəvi borcumuzdur...

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: