Naxçıvanda qalayçılıq sənəti: dünən və bu gün

A- A A+

Naxçıvanda inkişaf etmiş, yaşı əsrlərə bərabər olan sənətkarlıq sahələrindən biri də qalayçılıq sənətidir. Qalayçılıq mis qabların pas atmaması, üzünün paxırlanmaması üçün onların daxili səthinin qalaylanması ilə əlaqədar yaranmış peşə sahəsidir. Naxçıvan diyarının arxeoloji abidələrində e.ə III minilliyin ortalarına aid qalaylı tunc əşyalar aşkar olunub. Qalayçılıq sənəti birbaşa misgərliklə bağlı olduğu üçün onun da yaşı misgərlik sənətinin yaşına yaxın hesab edilir.

Bu sənəti digərlərindən fərqləndirən cəhətlərindən biri də qalayçının asanlıqla öz iş yerini bir yerdən başqa yerə daşıya və istənilən yerdə quraşdıra bilməsidir. Yaşlı sakinlər söyləyirlər ki, əvvəllər qalayçı şagirdi ilə birlikdə bir kisə kömürdən, dəmirçi körüyündən, soda və naşatrdan ibarət emalatxanasını istədiyi yerdə, küçədə, həyətdə quraşdıra bilərdi. Qalayçı yanında gəzdirdiyi piştaxtası ilə məhəllə-məhəllə gəzər, uca səslə qalayçının gəlməsini xəbər verərdi. Mis qabların qalaylanması üçün əvvəlcə qab paxırından təmizlənirdi. Tədqiqatçılar mis qabların təmizlənməsi zamanı soda və naşatrdan istifadəni qeyd edirlər. Daha sonra torpaqda kiçik çala qazıb orada kömür yandırılır, qalay əridilərək maye halına salınır və təmizlənmiş qab möhkəm isidilirdi. Qalayçı əlinə qalın əlcək geydikdən sonra əlinin içərisini qalaya batırıb isidilmiş qabın daxili səthinə cəld şəkildə sürtərək qabın içərisini qalaylayırdı. Yalnız bundan sonra həmin qabda xörək bişirilər, qida məhsulları hazırlanardı. Çünki qalaylanmamış mis qablarda xörək bişirilən zaman qida zəhərlənməsi baş verirdi. Bu sənətkarlıq sahəsi keçmişdə uzun müddət səyyar xidmət göstərib. XVII əsrdə Azərbaycanda olmuş fransız səyyahı İ.Şarden qalayçıların daimi fəaliyyət göstərən emalatxanalarının olmadığını qeyd edib. Lakin sonrakı əsrlərdə səyyari xidmətlə yanaşı, xüsusi qalayçı emalatxanaları da yaranıb. Bunun səbəbi isə həmin dövrdə misgərlik sənətinin inkişaf etməsidir. Yazıda oxucularımızın qalayçı emalatxanasını aydın təsəvvür etməsi üçün Əməkdar rəssam Şamil Qazıyevin “Qalayçılar” tablosunu təqdim edirik. Qeyd edək ki, XX əsr sənətkarlıq emalatxanaları, onların iş yerinin öyrənilməsində Ş.Qazıyevin rəsm əsərlərinin xidməti böyükdür. Mənbələrdə XIX əsrdə Naxçıvanda fəaliyyət göstərən qalayçıların sayı barədə məlumat vardır. Tədqiqatçı Vidadi Muradov “Naxçıvan diyarında sənətkarlıq və ticarət” adlı kitabında 1831 və 1832-ci illərdə 4, 1848-ci ildə və 1863-cü ildə 3, 1864-cü ildə 5, 1865-ci ildə isə 9 sənətkarın Naxçıvan şəhərində bu işlə məşğul olduğunu göstərib. XIX əsrin sonlarından başlayaraq misgərlik sənəti zəifləməyə başlayır. Bunun da səbəbi çarizmin yeritdiyi müstəmləkə siyasəti, eləcə də Rusiyadan gətirilən daha ucuz sənaye məhsulları ilə bağlı olub. Sənaye məhsulları həm də möhkəm və yüngül olduğu üçün onların istifadəsi daha əlverişli idi. Sonralar isə məişətdə mis əşyaları artıq sənaye məhsulları əvəz etməyə başlayır. Bütün bunlar da öz növbəsində qalayçılıq sənətinin zəifləməsinə gətirib çıxarır. Səyyari şəkildə XX əsrin ikinci yarısına kimi yaşayan qalayçılıq sənəti ilə bu gün tək-tük sənətkarlar məşğul olur. Onlardan biri də Naxçıvan şəhər sakini Rizvan Nəcəfovdur. Usta söyləyir ki, Naxçıvan şəhərində tanınmış qalayçılar olub. Hətta 80-ci illərdə kənar yerlərdən bu yurda bir çox sənətkarlar gəlib. Mahaçqaladan gələn Sultan adlı usta bir vaxtlar Naxçıvanda və yaxın kəndlərdə mis qabları qalaylayırdı. Bu gün qalayçılıq sənəti əvvəlki kimi tələb olunan sahə olmasa da, çalışıram ki, bu sənəti qoruyub saxlayım və unudulmasına icazə verməyim.

Mirsəlim Eminov

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: