30-cu illərdən sonra Naxçıvanda ədəbi mühitin poetik vüsətlə inkişafında, xüsusilə poeziyanın rövnəqlənməsində Müzəffər Nəsirli, Kəmalə Ağayeva, İslam Səfərli, Məmməd Araz, Hüseyn Razi, Əkbər Məftun, Məmmədəli Tarverdiyev, Əlyar Yusifli və başqalarının imzası çox məşhur idi. Vətənpərvər poeziyanın vüsət alması sahəsində onun da təbi, istedadı və zəhməti xeyli rol oynadı- Naxçıvanın tanınmış şairi Hüseyn Əzimin...
Ədəbi mühitdə Hüseyn Əzim kimi tanınan və sevilən Hüseynqulu Qurban oğlu Əzimov (1913-1987) öz yaradıcı fəaliyyətilə Naxçıvan ədəbi mühitinin inkişafı və zənginləşməsinə böyük töhfələr verib. O, 1913-cü ilin iyul ayının 15-də təkcə Azərbaycanın deyil, ümumən dünyanın ən gözəl, dilbər yerlərindən olan qədim mədəniyyət yurdu Ordubad rayonunun Dəstə kəndində anadan olub, ilk təhsilini doğma kəndində alıb, Ordubad pedaqoji məktəbində davam etdirərək orta təhsilini müvəffəqiyyətlə tamamlayıb. Gələcəyin qüdrətli sənətkarlarından olacaq bu yaradıcılıq həvəskarı gənc Azərbaycanın məşhur ali təhsil müəssisələrindən olan indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, ali təhsildən sonra müxtəlif sahələrdə əmək fəaliyyətilə məşğul olub. Dəstə kənd kolxozunun hesabdarı, kənd sovetinin katibi, kənd soveti sədri, rayon mədəniyyət şöbəsində müdir işləyib.
Hüseynqulu Əzimovun fəaliyyətində jurnalistika sahəsi üstünlük təşkil edib. Uzun müddət jurnalistika sahəsində fəaliyyətini davam etdirən Hüseynqulu Əzimov “Ordubad işçisi” qəzeti redaksiyasında məsul katib, “Sovet Culfası” qəzetinin redaktoru, habelə muxtar respublikanın əsas mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin Ordubad-Culfa rayonları üzrə xüsusi müxbiri, 1974-cü ildən “Ordubad işçisi” redaksiyasında şöbə müdiri olaraq işləyib. Fəal ictimaiyyətçi olan H.Əzimov Ordubad rayon partiya təşkilatında müxtəlif işlərdə də çalışıb, ilk vaxtlar təbliğatçı, sonralar isə plenum və büro üzvü olub, zəhmətkeş deputatları sovetinin deputatı seçilib, Ordubad rayon mədəniyyət şöbəsinin müdiri olub. Səmərəli fəaliyyəti və göstərdiyi xidmətlərə görə müxtəlif medal və diplomlarla təltif edilən H.Əzimov Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1974) adına da layiq görülüb.
Hüseyn Əzim imzası ilə tanınmış şair ədəbi yaradıcılığa “Ordubad fəhləsi” qəzetində (Ordubad rayonunun mətbu orqanı olan bu qəzet 1932-ci ildən 1937-ci ilə qədər “Ordubad fəhləsi”, 1937-ci ildən 1963-cü ilə qədər “Ordubad işçisi”, 1966-cı ildən 1991-ci ilə qədər “Yeni Ordubad” və s. adlanmışdır – R.Q.) 1934-cü ildə çap edilmiş “Yaz səhəri” şeirilə başlayıb. İlk kitabı müxtəlif şeirlərdən ibarət olmaqla 1957-ci ildə “Şeirlər” adı ilə çap olunub. Müxtəlif illərdə şairin “Dübəndi çayı” (1973), “Gəncliyimdən yadigar” (1980), “Mən günəşə borcluyam” (1985) kitabları nəşr olunub. Ömrünün sonlarına yaxın – 1985-ci ildə çap olunan “Mən günəşə borcluyam” kitabına ön sözü Azərbaycanın istedadlı şairi və tənqidçisi Xəlil Rza yazıb. “Dəstə kəndindən bir güldəstə” başlıqlı həmin yazıda görkəmli şair və tənqidçi şairin yaradıcılığının yaxşı tərəflərilə bərabər çatışmayan tərəflərini də ifadə edib, xüsusilə şairin “Xanın tələbi” poeması və “Əkbər kimdir?” mənzum pyesi ilə bağlı tənqidi fikirlərini əks etdirib. Lakin böyük şairin bu fikirləri də unudulmamalıdır: “Hüseyn Əzimin şeir və poemaları ilə öz həyat yolu, ömürlüyü arasında təbii bir ahəngdarlıq, vəhdət var”. Və yaxud: “Hüseyn Əzim pak və zəngin bir mənəviyyata malik olduğu üçündür ki, öyüd, nəsihət verməyə haqqı çatan bir şair, ağsaqqal sənətkar kimi qələm çalır. ...Hüseyn Əzim zəngin daxili mədəniyyətə malik, təvazökar bir qələm sahibidir, şairdən və poeziyadan tələbləri böyükdür, özündən narazıdır” (Xəlil Rza).
Geniş oxucu kütləsi arasında istedadlı şair kimi tanınan və sevilən Hüseyn Əzim maraqlı əsərlərilə yadda qalıb. Onun şeirlərinin əsas ruhunu ana vətənə bağlılıq, onu bütün gözəlliyi və varlığı ilə vəsf, zəhmətkeş insanlarını öymə təşkil edir. “Naxçıvanım”, “Barı Naxçıvan”, “Dübəndi çayı”, “Ordubada gəl”, “Xanbulaq”, “Göy göl”, klassik şeir üslubunda, qəzəl janrında yazdığı “Vətən”, “Vətən eşqiylə”, “Seyrangahdır bu diyar” və b. əsərləri vətənə məhəbbət və vətən gözəlliklərini tərənnüm baxımdan yazılmış ən sanballı şeir nümunələrindəndir. Onun “Çox sevirəm bu lisanı, dili mən” başlıqlı şeiri də milli kimliyi və vətənin əbədiliyini özündə qoruyan və təzahür etdirən ana dilinə məhəbbətlə yazılan əsərlərdəndir. “Şuşa lövhələri” şeirlər silsiləsi də vətən mövzusuna həsr edilmiş əsərlər cəhətdən çox qiymətlidir. Şairin:
Olmuşam eşqinlə mən bir bülbüli-şeyda, Vətən!
Bağçada hər bülbülün olmaz mənə həmtay, Vətən!
Ürəyim dil-dil ötür fəsli baharın eşqinə,
Hansı Məcnunda var məndə olan sevda, Vətən!
kimi beytləri Vətən eşqilə dilə gələn şair qəlbinin zəngulələri kimi diqqəti cəlb edir.
Əlbəttə, Hüseyn Əzim elə bir dövrün sənətkarı, şairidir ki, onun da yaradıcılığında Böyük Vətən Müharibəsi mövzusu başlıca yerdə gəlib. Şairin bu mövzuda yazdığı “Terek sahillərində”, “Yadigar üzük” və s. şeirlərində, “Əkbər kimdir?” mənzum pyesində müharibə dövrü insanının bir-birinə sədaqəti, vətən və insan qarşısındakı vəfa borcu, mübarizə əzmi və çətinlikləri aşma qüdrəti, rəşadəti və qəhrəmanlığı əks edilib. “Vətən” adlı şeirində vətəndaşlıq manifestini ifadə edən şair deyirdi:
Eşqindir çatdıran məni murada,
Sevgilim, könlümü vermərəm yada.
Min canım olsa da mənim dünyada
Demişəm yolunda qurbandır, Vətən!
Şair Hüseyn Əzimin bu mövzuda yazılmış əsərlərini həm də öz mövzu və məzmun keyfiyyətlərinə görə vətəndaşlıq lirikasının gözəl örnəkləri sırasına daxil edə bilərik. Şair bu şeirlərində təkcə vətənə olan məhəbbəti tərənnüm edib sevgi duyğularından bəhs etmir, bununla bərabər vətən, el, oba, xalq qarşısındakı vətəndaşlıq xidməti, vətəndaşlıq borcundan da söhbət açır, vətənpərvərlik hisslərini əməli fəaliyyət olaraq oxucularının düşüncəsinə təlqin edir. Şairin yaradıcılığında vətən mövzusu söhbət mövzusuna çevriləndə Naxçıvan bütün gözəllikləri ilə gözlər önünə gəlir, regional mənada deyil, bütöv Azərbaycanı təmsil edən vətən anlamında onun yaradıcılığının kredosuna çevrilir. Şair “Naxçıvanım”, “Barı Naxçıvan”, “Dübəndi çayı”, “Ordubada gəl” və s. kimi şeirlərində vətən torpağının gözəlliklərini tərənnüm obyektinə çevirir, onu sevilməyə, vurulmağa layiq “məşuq”, “canan” hesab edir. Bu şeirlərdə böyük məhəbbət və məharətlə vəsf və tərənnüm etdiyi Naxçıvan Azərbaycanın o dilbər guşəsidir ki, tarixlə mədəniyyətin, gözəlliklə inkişafın, qədimliklə müasirliyin qovuşduğu, Şərqlə Qərbə körpü – qapı rolunu oynayan müqəddəs bir məkandır. Bu yerdə insanlar 500 min ilə yaxın bir tarixdə yaşayış məskəni salıb, bəşəri sivilizasiyaya Nuh peyğəmbərlə bağlı inanc, mif və əfsanələri, Gəmiqaya qayaüstü rəsmlərini, adı müqəddəs kitablarda çəkilən Əshabi-Kəhfi və s. mədəniyyət abidələri və düşüncəsini bəxş edib, öz kimliyindən nişanə qoyub. Bu müqəddəs torpağı iman və can kimi sevən şair də davamlı yaradıcı əzmlə məhz qoynunda doğulub-böyümək xoşbəxtliyinə qovuşduğu bu vətən torpağını məhəbbətlə təsvir və təqdim edib.
Uzun zamandır dillər əzbərinə çevrilən, hamının canı-könüldən oxuduğu və dinlədiyi, çox sevilən, məşhur “Barı Naxçıvan” mahnısının sözlərinin müəllifi də istedadlı şairimiz Hüseyn Əzimdir. Bu şeirdə də Tanrının min bir məhəbbətlə yaratdığı Naxçıvanın qəlbləri cuşa gətirən, könüllərə təb verən, gözlərə rahatlıq bəxş edən gözəllikləri, eyni zamanda qürur hissi yaşadan tarixi, mədəniyyəti əksini tapıb:
Səndə tarixlərin çox nişanı var,
Hər daşın köksündə ox nişanı var.
İndi nə xanı var, nə sultanı var,
Ey könül mülkümün barı, Naxçıvan,
Ellərin sevgili yarı, Naxçıvan.
Ədəbi təxəllüsü “Əzim” olan Hüseyn Əzim belə vətəndaş, vətənsevər və əzmkar bir şair, yaradıcı insan idi. Şairin “Ordubada gəl” adlı şeirində məhz Ordubadın əsrarəngiz təbiəti və gözəllikləri vəsf edilib, tərənnüm olunur:
Şair, gəzə-gəzə aranı, dağı,
Bir gün də sən bizim Ordubada gəl!
Yolunu gözləyir çəməni, bağı,
Üzümü, əriyi dada-dada gəl!
Şeir Azərbaycanın görkəmli şairi Süleyman Rüstəmin məşhur “Azərbaycana gəlsin” şeirindən həvəslənərək ona nəzirə yazılıb. Vətən təbiətinin al-əlvanlığı, gözəlliyi, füsunkarlığı ilə bərabər camaatın adət-ənənələri, xüsusilə qonaqpərvərliyi və açıqqəlbliliyi şeirin misralarında ifadə edilib. Eləcə də şairin Dübəndi çayına ithaf etdiyi “Dübəndi çayı” şeiri Ordubada gözəllik və yaraşıq, torpaqlarına min bir bərəkət və bolluq gətirən bir çayın insan qəlbində yaratdığı minnnətdarlıq, məmnunluq və gözəllik duyğularını əks etdirib:
Qıvrıla-qıvrıla axıb gedirsən,
Haradır səfərin, Dübəndi çayı?
Gah sağa, gah sola baxıb gedirsən,
Var olsun gözlərin, Dübəndi çayı!
İnsanların daxili-mənəvi aləmi və saf insani keyfiyyətlər onun yaradıcılığı üçün səciyyəvidir. Mövzu rəngarəngliyinə malik olduğu kimi Hüseyn Əzimin yaradıcılığı həm də forma və janr baxımından da əlvan və çoxcəhətlidir. Onun yaradıcılığında xalq şeiri şəkillərindən başlamış klassik irsin rübai və qəzəl janrına qədər ən müxtəlif vəzn və şeir şəkilləri istifadə edilib. Kiçik şeirlərdən poema və mənzum pyesə qədər onun yaradıcılığı hərtərəfli, əlvan və müxtəlif şəkillidir. Şair yeri gəldikcə xalq bayatılarından təsirlənməklə müəllifli bayatıların da gözəl nümunələrini yaradıb. Tədqiqatlarda onun yaradıcılığı haqqında deyilirdi: “Hüseyn Əzimin 1961-1970-ci illərin məhsulu olan “Dübəndi çayı” və az sonra çap etdirdiyi “Gəncliyimin yadigarı’ və “Mən günəşə borcluyam” kitablarında zəngin həyat təcrübəsi olan yetkin və müdrik bir insanın ürək çırpıntıları duyulurdu” (Surə Seyid). Əsərlərində həmişə insan taleləri haqda düşünən və əxlaqi-mənəvi varlıq olaraq insana nəzər yetirən Hüeyn Əzim şeirlərində insan və həyat problemi, qayğıları barədə də düşüncələrini qələmə alıb. İnsan və həyat qarşılaşmasında insanın həyat dedikləri ömür yolundakı yaşam fəlsəfəsi, həyat həqiqətləri, fəaliyyət tərzi və əxlaqı, qarşısında duran vəzifələr şairin öz təbirilə həllini tapıb. “Çıx pillə-pillə” adlı şeiri də məhz bu baxımdan diqqətəlayiqdir:
Dünyada şan-şöhrət gəldi-gedərdi,
Yaxşı ad yanında onlar hədərdi.
Var-dövlət insana dərddi, kədərdi,
Dosta quyu qazma, şirin dillə sən.
Ağla bu ellə sən, gül bu ellə sən.
Şair H.Əzim “Qaldı” şeirində də nostalji duyğularını qələmə alsa da, ömrün yaşanan günlərini boşa keçirməməyi, yelə verməməyi qabarıq ideya olaraq diqqətə çatdırır, gənclik illərini mənalı, məqsədli yaşamağı tövsiyə edir.
Halallıq, zəhmətkeşlik, humanizm və s. keyfiyyətlər onun başqa əsərlərinin də aparıcı mövzusu və ya problemidir. Müəllimə həsr etdiyi şeirində “Ey şanlı müəllim, sənin aləm hünərin var, Hər qəlbdə hörmətlə, məhəbbətlə yerin var” deyə müəllimin halal əməyi və vətənə, xalqa vətəndaş-insan hazırlayan tərbiyəçi zəhmətini poetik vüsətlə öykü yerinə çevirir.
Başqa mövzularla bərabər ana məhəbbəti mövzusu, övlad borcu məsələsi də onun yaradıcılığında yer tutub. “Ana” adlı şeirlərində şair ananın və ya ana olmağın simasını, obrazını əməllərin və hisslərin kontekstində yaratmağa çalışır. Övladın həyatı və taleyində ananın yerini, özü də əvəzsiz yerini sevgiyə, məhəbbətə, övladlıq borcuna çevirməklə ifadə edir:
Ana! Göylərdən də ucadır bu ad!
Böyük bir kainat bağlıdır ona.
O, mənə canından ayırdı həyat,
Dünya bir yanadır, ana bir yana!
Şairin məhəbbət ruhu qəzəllərində daha çox ifadə olunub. Qəzəl janrında yazdığı çoxsaylı şeirlərində dərin sədəqət və vəfa ifadə edən eşq başlıca yerdə gəlir. “Yarım”, “Gülsən üzümə”, “Könül”, “Getmə”, “Səndən qeyri”, “Çıxa eyvanımıza”, “Nə edim?” və s. qəzəlləri klassik şeir üslubunda yazılmış ən yaxşı aşiqanə şeir nümunələrindən hesab oluna bilər. Bu qəzəllərdə böyük qəzəlxan Ə.Vahid və S.Rüstəmin təsirləri özünü göstərir.
“Əkbər kimdir?” mənzum pyesi ilə dramaturji fəaliyyətə də qədəm qoyan tanınmış şairin bu əsəri Naxçıvan Musiqili Dram Teatrı tərəfindən tamaşaya qoyularaq geniş tamaşaçı marağı qazanıb, böyük oxucu məhəbbətilə qarşılanıb. Şairin “Xanın tələbi” adlı poeması isə Azərbaycan xalqının böyük şairi Nizami Gəncəviyə həsr edilib. Poemada dünya ədəbiyyatının qüdrətli söz ustadının məşhur əsərlərindən olan “Leyli və Məcnun” poemasının yazılması ilə bağlı əhvalat ön planda dayanır.
1987-ci ildə dünyadan köçən şair Hüseyn Əzim əsərlərinin bəxş etdiyi ruhi vüsət və vətənə, xalqa, insana sonsuz məhəbbət ideyaları ilə ədəbiyyatımızın yaddaşında əbədi olaraq yaşayır.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent