Özbəkistanın nargis.uz portalında Azərbaycan opera sənəti haqqında rus dilində material yerləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında da ətraflı məlumat verilir.
Bildirilir ki, 1908-1915-ci illərdə Üzeyir Hacıbəyli altı opera yaradıb. 1908-ci ildə yazılan “Leyli və Məcnun” operası ilə Üzeyir Hacıbəyov ancaq Azərbaycanda deyil, Şərqdə ilk operanın əsasını qoyub. Elə həmin il yanvarın 25-də Bakıdakı Tağıyev teatrında operanın premyerası olub. Yazıda bildirilir ki, dahi bəstəkar 1936-cı ildə opera sənətinin zirvəsi olan “Koroğlu” operasını yaradır.
Vurğulanır ki, “Ər və arvad”, “O olmasın bu olsun” və “Arşın mal alan” operettaları da Üzeyir Hacıbəyli dühasının məhsuludur.
Materialda bu opera və operettaların yazılma tarixi, tamaşaya qoyulduğu günlər haqqında da ətraflı söhbət açılır.