Bu gün Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür - FOTOLAR
Həmişə duymuşam ki, sənətkarların yaşadığı ömürlər heç vaxt bir-birinə bənzəməyib, özünəməxsus olub. Onların keçib-getdiyi yollar, döngələr, eniş-yoxuşlar yaşadıqları illərə öz naxışlarını salıb. Kimisində rənglər solğun, ya parlaq, kimisində tünd, yaxud açıq olub, hansısa rəngin çalarları daha qabarıq görünüb. Bunlar özünəxas keyfiyyətlərin, ştrixlərin məcmusu timsalında yaddaşlara həkk olunub. Kino yaradıcılığında da belədir: ssenarist, rejissor, eləcə də aktyor Tanrının ona lütf etdiyi istedadı özünün zəhməti, bacarığı ilə ömürlüyündə əks etdirir. Bu mənada sənətdə özünün parlaq obrazını yaradan Azərbaycanın Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərovun da sənət taleyi cazibədar olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin Azərbaycanın Xalq artisti Şahmar Ələkbərovun anadan olmasının 77-ci ildönümünə həsr etdiyi “Azərbaycan kinosunun Şahmarı” məqaləsində yer alıb. Yazını oxuculara təqdim edirik.
Onun yaradıcılıqda yaşadığı ömür 70 deyil, 60 deyil, 50, 40, heç 30 da deyil, cəmi 20 il oldu. Amma bu iki onillikdə Şahmarın sənətkarlığı yaradıcılığın üç qanadında özünü təsdiq edə, sevdirə bildi: aktyor, ssenarist, rejissor. Bu sahələrin hər birində Şahmar Ələkbərovun kinoşünaslar, tamaşaçı auditoriyası tərəfindən böyük sevgi, rəğbətlə qarşıladığı bənzərsiz işləri, məhsulları vardı. Bir insanın xarakterini, yaradıcılıq potensialını, imkanlarını, peşəkarlığını göstərə bilən ədəbi məhsullar. İstedadın bütün çalarlarında, rəssamın bədii ifadə vasitələrinin məcmusunda əks etdirdiyi tablonun göz oxşayan, könül açan rənglərinin doğurduğu mükəmməl yaradıcılıq nümunələri...
50 ilə sığan ömrün yaradıcılıqla bağlı 20 ili rəngarəng sənət inciləri ilə o qədər zəngin olub ki. O, aktyor olaraq müxtəlif xarakterə, yaradıcılıq diapozonuna malik rejissorlarla işləyib, hər biri ilə çalışmalarında özünü maraqlı, canlı və təbii rollarda təsdiq edib.
Şahmar Ələkbərov 1964-cü ildə Azərbaycan İncəsənət İnstitutunu bitirmişdir. Teatr İnstitutunun aktyorluq fakültəsində isə görkəmli sənətkar Rza Təhmasibdən dərs almışdır. Elə ilk vaxtlardan istedadı, bacarığı ilə ustad sənətkarların diqqətini cəlb etmişdir. Görkəmli rejissor Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət etmişdi. Hələ III kursdan Şahmar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə qəbul olunur və böyük həvəslə, inamla özünü yetişdirməyə başlayır.
“Azərbaycanfilm” kinostudiyasında aktyor, rejissor kimi fəaliyyət göstərən Şahmar teleradio sahəsində də özünü göstərə bilib. Bir çox proqramların aparıcısı olub. Televiziya tamaşalarında gözəl, bənzərsiz rollar yaradıb. Hətta bir çox filmlərin dublyajında iştirak edib. Onun çəkildiyi filmləri xatırlayanda gözümüzün önündə Şahmarın kinoya gətirdiyi yeni obrazlar canlanır. “Qızılqaz” (Rizvan), “Mən ki gözəl deyildim” (Məzahir), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İmran), “Həyat bizi sınayır” (Arif), “Bizim küçənin oğlanları” (oğlanlardan biri), “Bakıda küləklər əsir” (Azad), “Qatır Məmməd” (Qatır Məmməd), “Firəngiz” (Feyzi), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Gözlə məni” (Tahir), “Atları yəhərləyin” (İbrahim) və digər filmlərdə Şahmar Ələkbərov qəribə bir ifa tərzi, peşəkar oyunu ilə yaratdığı rollarına özünün möhürünü vurur. Bu filmlər yaradıcılıq karyerasında parlaq ştrixlərlə yadda qalıb.
Onun ümdə arzularından biri də daxili potensialının, yaradıcılıq imkanlarının gücü ilə rejissor işinə başlamaq, sərbəst filmlər çəkmək idi. Az keçmir ki, bu arzusuna da çatır. Belə ki, o, rejissor kimi Gülbəniz Əzimzadə ilə “İmtahan” filmini çəkir və yaradıcı qrup işinin öhdəsindən bacarıqla gəldiyindən film tamaşaçı auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanır. Bundan sonra o, “Sahilsiz gecə”ni çəkir. Lakin bu film cəmiyyətdə birmənalı qarşılanmır, ətrafında böyük mübahisələr yaranır. Buna səbəb isə müharibə dövründə qadınlarımızın yaşam tərzində görünən acı məqamlar olmuşdur. İctimai motivlərə üstünlük verilən bu filmdə etiraz doğuran səhnələr qabarıq şəkildə yer almışdır. Eh, müharibə insanlara hansı çətinlik və acıları yaşatmamışdı. Təbii ki, bunlar qadınlarımızın da həyatına təsirsiz ötüşməmişdi. Onların arasında acından ölməmək, yaşamaq naminə pis yollara düşənlər də olurdu. Bu ştrixlərin filimdə öz əksini tapması qadınlar arasında böyük qalmaqal yaratmışdır. Elə bu səbəbdən də “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan çıxarıldı.
Bu barədə filmə çəkilən aktyorlardan Tariyel Qasımov, Nuriyyə Əhmədova, Mehriban Xanlarova bəzi məqamlara, onun ekran nümayişindən sonra yaratdığı tamaşaçı təşvişlərinə bir növ aydınlıq gətirmiş, öz xatirə-təəssüratlarını açıqlayıblar.
“Sahilsiz gecə” filminin çəkilişlərində Şahmar Ələkbərov amansız xəstəliklə, dil xərçəngi ilə çarpışırdı. Taleyin ona yaşatdığı xəstəliyin şiddətli vaxtlarında belə, dincəlmədən, nəfəs dərmədən ağrılarına tablaşaraq böyük səylə işləyirdi. Elə bil ömrün ona vəfa etməyəcəyini, arzularının gözündə qalacağını duymuşdu. Məhz buna görə də işini böyük səylə, sevgi ilə, uğurla başa çatdırıb.
Çənə sümüyündə cərrahiyyə əməliyyatının aparılmasından ötrü onu Almaniyaya aparırlar. Az müddətdə səhhətində yaxşılaşma hiss edən Şahmar Ələkbərov özünün ssenarisi əsasında Əliağa Vahid haqqında sərbəst film çəkmək arzusunu həyata keçirir. 1990-cı ildə “Qəzəlxan” filmi üzərində işlər gedir. Burda şairin yaşadığı ədəbi mühit, Azərbaycan kəndlərinin adət-ənənələri bütün gerçəkliyi ilə öz əksini tapıb. O, xəstə olmasına baxmayaraq, işini böyük məsuliyyətlə apardığından film 1991-ci ildə ekranlara vəsiqə aldı. Heyf ki, Şahmar Ələkbərov ikihissəli “Qəzəlxan” filminin ekran nümayişinin doğurduğu əks-sədanın, onun xoş təəssüratlarının sevincini yaşaya bilmədi. Yaradıcılıqda üç sahənin mahir bilicisi 1992-ci ildə ağır sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Bu, ömrün elə bir çağı idi ki, sənətdə qazandığı təcrübə, mükəmməllik onun qarşısında yeni üfüqlər açmışdı. O, aktyor, rejissor, ssenarist kimi nə qədər filmlərə əbədiyaşarlıq verəcəkdi. Yeni yaradıcılıq amplualarında görünməsi ona çox sayda uğurlar gətirəcək, zəhmət və istedadının bəhrəsi olan tamaşaçı məhəbbəti qazandıracaqdı. Şahmar Ələkbərov məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevə həsr etdiyi mükəmməl bir ssenarini də başa çatdırmışdı. Onu da ekranlaşdırmaq arzusunda idi. Amma Şahmarın bu arzusu da ürəyində qaldı. Nə yaxşı ki, rejissor Rövşən Almuradlı 1995-ci ildə bu filmi ərsəyə gətirdi.
Doğmaları, dostları xatırlayır ki, Şahmar çox səmimi, qayğıkeş, həlim xasiyyətli bir insan idi. Onunla bir dəfə görüşüb söhbətləşən, dərdləşən insan yeni görüşə can atardı. Həyatda hansı keyfiyyətlərə malik idisə (humanizm, insansevərlik, qayğıkeşlik), bunları rollarının təbiətində də yarada bilirdi. Çünki bu keyfiyyətlər onunla birgə doğulmuşdu. Bu səbəbdən də Azərbaycan kino salnaməsinin 20 ilindən Şahmar Ələkbərovun adı qırmızı xətlə keçir...
Görkəmli sənətkarın az müddətdə böyük yaradıcılıq zəhməti ona bir sıra mükafatlar qazandırıb. Azərbaycan SSR Əməkdar artisti (1976), Azərbaycan SSR Xalq artisti (1989), Azərbaycan SSR Dövlət mükafatı, ən yaxşı bədii filmə görə mükafat (1991) onun layiq olduğu halal haqqı idi.
Gələn qalmaz, gedən dönməz... Bu, Tanrının bəşər övladının alnına yazdığı qanun idi. Amma həyatda əsl insan kimi yaşamaq, zəhməti, istedadı, bacarığı sayəsində əbədiyaşarlıq qazanmaq insanın özünə məxsusdur. Bu özünəməxsusluğu ikinci həyatında yaşayanlardan biri də Şahmar Ələkbərov oldu...