Dulusçuluq ölkəmizdə sənətkarlıq istehsalının ən qədim sahələrindən olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. İlk orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, dulus kürələrinin kütləvi şəkildə tətbiq edilməsi yüksək keyfıyyətli saxsı məmulatının istehsalı üçün daha əlverişli şərait yaradırdı.
Bu dövrdə saxsı qabların yayılması arealı Azərbaycanın demək olar ki, bütün şəhər və vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, o cümlədən Xarabagilanda aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanda şirsiz və şirli qablar istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlu materiallar aşkar edilmişdir.
Azərbaycan xanlıqlarının mövcud olduqları XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəlində dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafık tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsulları öz təyinatlarına görə bir neçə qrupa bölünürdülər. Bunların arasında su və yemək qabları, süd məhsulları üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tuturdu.
Təkcə məişətdə işlədilən su qablarının bir neçə növü su daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), su saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstəmaz almaq üçün (aftafa, lüləyin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi. Ümumiyyətlə isə, dulus ustaları 50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarırdılar.
Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Ordubad şəhərində də saxsı məmulatının istehsalı barədə məlumat verilir. Bu məlumatlardan aydın olur ki, Ordubad şəhərinin özündə və bir çox kəndlərində gil qablar hazırlayırdılar. Onu da qeyd edək ki, Naxçıvan xanlığında saxsı qablar istehsalı haqqında məlumat daha çoxdur. Lakin əksər hallarda bu məlumatlar bir-birlərini təkrar edirlər. Naxçıvan xanlığının Rusiya tərəfındən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 dulusçu çalışırdı. Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarayda yerləşirdi.
“El həyatı”