2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Babək Abidovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Şabran rayonunun Zeyvə kəndində aparılır. Ekran işinin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatorları Rizvan Hacıyev və Mais Allahverdiyevdir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində ərsəyə gələcək filmin sentyabr ayının sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub. “Aprel Qəhrəmanı” adlı ekran işi “ARB Media Qrup”a daxil olan “ARB Günəş” kanalında yayımlanacaq.
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Babək Abidov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.