UNESCO-nun sessiyasında dünyada mövcud irsin qorunmasına dair çoxsaylı məsələlər müzakirə ediləcək - FOTOLAR
Parisdə UNESCO-nun baş qərargahında “Qeyri-maddi mədəni irsin qorunması” üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 8-ci sessiyası başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sessiyada 178 iştirakçı dövlət dünyada mövcud irsin qorunmasına dair çoxsaylı məsələləri müzakirə edəcəkdir. Sessiyanın əvvəlində Büro seçkiləri keçiriləcək. Hökumətlərarası Komitənin 14-cü sessiyasının hesabatı dinləniləcək. Təşkilatın katibliyinin fəaliyyətinə dair hesab təqdim olunacaq.
2022-2029-cu illər üçün yeni strategiyanın, eləcə də 2022-2025-ci illər üçün proqram və büdcənin hazırlanmasına töhfələr, təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irslə bağlı məsələlərə baxılacaq.
Konvensiyanın həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının iştirakına dair fikirlər dinləniləcək.
“Qeyri-maddi mədəni irsin qorunması” üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının 8-ci sessiyasında Azərbaycan UNESCO yanında Daimi Nümayəndəliyi ilə təmsil olunur.
Sessiya sentyabrın 10-dək davam edəcək.