Sentyabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Komitənin sədri Qənirə Paşayeva əvvəlcə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib. Vurğulayıb ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşür. Q.Paşayeva qeyd edib ki, Milli Məclisin Sədri Sahibə Qafarova da hər zaman Mədəniyyət komitəsinin fəaliyyətinə diqqət göstərir və ciddi dəstək verir.
O, qanunvericilik işlərini səmərəli qurmaq, bu sahədə mövcud olan problemləri daha dərindən öyrənmək üçün payız sessiyasındakı bu ilk iclasa Mədəniyyət nazirinin birinci müavini, həmçinin Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun, mədəniyyət sahəsində çalışan QHT-lərin rəhbərlərinin dəvət olunduğunu bildirib.
Sonra iclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlərin hesabatı dinlənilib. Qənirə Paşayeva məlumat verib ki, hesabat dövründə 6 iclas keçirilib, 14 məsələ müzakirə edilib. Həmin məsələlərdən 13-ü qanun layihəsi olub. Komitədə birinci, ikinci və üçüncü oxunuşda müzakirədən keçən qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub.
Parlamentin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olan 622 məktub, təklif, ərizə və şikayətin 554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Bütün yay boyu fəaliyyət göstərən komitə üzvləri yerlərdə 300-ə yaxın ziyalı ilə görüşüb, mədəniyyət sahəsində mövcud problemləri, çatışmazlıqları öyrəniblər. Deputatlar, həmçinin seçicilərin qayğıları ilə maraqlanıblar.
Hesabat dinlənildikdən sonra iclasda Mədəniyyət nazirinin birinci müavini, həmçinin Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov çıxış edərək mədəniyyət sahəsinin və Nazirliyin qarşısında duran vəzifələrdən söhbət açıb. Son aylarda görülən işlər və Mədəniyyət Nazirliyinin perspektiv planları barədə ətraflı məlumat verən A.Kərimov strateji sahə olan milli mədəniyyətin qorunması və inkişafı, ölkə və dünya miqyasında təbliği və təşviqi, müasir dövrün tələbinə uyğun olaraq gəlir gətirən sahəyə çevrilməsi üçün mütəxəssislərin və vətəndaşların təkliflərinin nəzərə alındığını deyib.
Anar Kərimov bir sıra məsələlərin həlli üçün Milli Məclisin dəstəyinə ehtiyac olduğunu vurğulayıb, tətbiq edilməsi nəzərdə tutulan yeniliklərin hüquqi bazaya istinadən tənzimlənməsi vacibliyini diqqətə çatdırıb.
Daha sonra komitədə geniş müzakirələr aparılıb. Deputatlar Nizami Cəfərov, Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərli, Ülviyyə Ağayeva rəy və təkliflərini bildirdiblər.
Mədəniyyət komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayılıb.
Komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verən Qənirə Paşayeva bildirib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, “Kinematoqrafiya haqqında” və “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılacaq. Həmçinin komitədə müxtəlif mövzularda bir sıra dinləmələr keçiriləcək.
Fikir mübadiləsinin yekununda iş planı təsdiqlənib.
Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.