Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək, Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermişdir.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət doktoru, “Humay” mükafatı laureatı, Abbasqulu Ağa Bakıxanov adına mükafatın üç dəfə laureatı, “Uğur” mükafatı laureatı, “Min bir mahnı” milli musiqi və mahnı mükafatı laureatı, İran İslam Respublikasında keçirilən ilk muğam festivalının Fəxri mükafatçısı, Tehran “Surə” Universitetinin Fəxri diplom mükafatçısı, ABŞ-ın “Fulbrayt-Heys” təqaüdü laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar, Naxçıvan MR-nın Əməkdar incəsənət xadimi, İran İslam Respublikasının Tehrandakı Musiqi və Memarlıq “Azad” Universitetinin Fəxri Doktoru Tofiq Əhməd Ağa oğlu Bakıxanov Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli davamçılarından biridir.
Çoxşaxəli və məhsuldar yaradıcılığı, əsasən, XX əsrin ortalarında formalaşmağa başlayan T. Bakıxanov bugünədək, demək olar ki, operadan başqa musiqinin bütün janrlarında əsərlər yazmış, musiqili səhnə əsərləri – baletlər, musiqili komediyalar, simfonik orkestr üçün əsərlər (simfoniyalar, simfonik poemalar, uvertüralar, simfoniyettalar, simfonik muğamlar, konsertlər), xor üçün əsərlər, instrumental əsərlər, kamera-vokal əsərlər və s. onun qələminin məhsulu olmuşdur. Zəngin yaradıcılıq irsi yaratmış bəstəkarın hər bir əsəri – istər irihəcmli, istərsə də kiçikhəcmli əsərləri olduqca qiymətlidir.
Azərbaycanın mötəbər nəsillərindən birinin – Bakıxanovlar nəslinin nümayəndəsi olan Tofiq müəllimin milli musiqi tariximizə yüksək məharətlə öz adını yazdırması elə gözlənilən bir hadisə idi. Atası görkəmli tarzən, muğam bilicisi Əhməd ağa Bakıxanovdan öyrəndiyi muğamlar onun yaradıcılığı üçün əsaslı bünövrə olması ilə yanaşı, dahi Qara Qarayevin sinfində musiqinin incəliklərini öyrənməsi T.Bakıxanovun dünyagörüşünün, yaradıcılıq üslubunun formalaşmasına, professional zirvəyə çatmasına səbəb olmuşdur.
Görkəmli bəstəkarımız Tofiq Quliyev deyirdi: “Tofiq Bakıxanov ona görə xoşbəxt sənətkardır ki, elə bir ailədə doğulub, böyük bəstəkar və gözəl insan Qara Qarayevin sinfində təhsil alıb. Belə bir şəxsin Azərbaycan musiqisində mühüm rol oynaması təbiidir. T.Bakıxanov musiqinin bütün janrlarında fəal yaradıcılıq göstərən bir sənətkardır. Onun simfonik, kamera, səhnə musiqisindən ibarət əsərləri dəyərli sənət nümunələridir”.
Müəllimi Q.Qarayev kimi klassik musiqinin milli ənənələr əsasında inkişaf etdirilməsi və bu inkişafda müasirlik mövqeyindən çıxış etmək prinsipi T.Bakıxanovun da yaradıcılıq üslubunda özünü büruzə verir. Bəstəkarın əsərlərində xalq musiqisi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaradır. Belə ki, o, istər irihəcmli, istərsə də kamera əsərlərində milli musiqi xəzinəsindən bacarıqla bəhrələnərək uğurlu bədii nəticələrə nail olur.
Azərbaycan musiqi tarixində ilklərə imza atan Tofiq Bakıxanov Azərbaycanda ilk solist skripkaçılardan olmuş, viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq müraciət etmiş, Azərbaycanda ilk birpərdəli baletin yaradıcısı olmuşdur. Dahi Q.Qarayevdən yüksək qiymət almaq violonçel ilə simfonik orkestr üçün birinci konsertinin ilk dinləyişindən sonra da (1958-ci il) T.Bakıxanova qismət olmuşdur. Belə ki, əsəri dinlədikdən sonra Qarayev bəstəkarı təbrik edərək demişdir: “Tofiq Bakıxanov fəxr edə bilər ki, Azərbaycan musiqi tarixində ilk violonçel konsertinin müəllifidir”.
Ü.Hacıbəyovun anadan olmasının 60 illiyi münasibəti ilə keçirilən konsertdə T.Bakıxanovun solist kimi “Arşın mal alan” musiqili komediyasının mövzuları əsasında fantaziyanı ifa etməsini bəstəkar belə xatırlayır: “Xoşbəxtliyimdən dahi bəstəkarın 60 illik yubileyi ərəfəsində simfonik orkestrin müşayiətilə “Arşın mal alan” musiqili komediyasının əsasında yazılmış “Fantaziya”nı ifa etdim. Üzeyir Hacıbəyov adına Dövlət Simfonik orkestri, solist-skripkaçı mən və dirijor Moskva Dövlət Konservatoriyasının professoru Leo Qinzburq idi. Konsertdə ifa olunmuş əsər dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.”
1950-ci illərdən başlayaraq, Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki trioda skripkaçı kimi fəaliyyət göstərməsi də bəstəkarın uğurlu yaradıcılıq inkişafından xəbər verir. Görkəmli bəstəkarlarımızın bir sıra əsərlərinin ilk ifaçısı olmuş T.Bakıxanov F.Əmirovun skripka, fortepiano və simfonik orkestr üçün ikili konsertini, S.Ələsgərovun “Xatirə”, “Romans” triolarını (S.Əliyev və E.Əliyeva ilə birlikdə), skripka və fortepiano üçün sonatasını, C.Cahangirovun skripka və fortepiano üçün sonatinasını, skripka və simfonik orkestr üçün konsertini məharətli ifası ilə musiqisevərlərə təqdim etmişdir.
Görkəmli bəstəkar Tofiq Bakıxanova müəllimi dahi Üzeyir bəyin adına olan mükafatı almaq da nəsib olmuşdur. Onun AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatı ilə təltif olunması 2017-ci ilin aprel ayında baş tutmuşdur. Bəstəkar özü deyir ki, bu mükafat onun üçün ən ali, ən əziz olan mükafatlar sırasındadır.
T.Bakıxanovun həyat və yaradıcılığında Azərbaycanımızın ən qədim və səfalı guşələrindən olan doğma Naxçıvanımızla bağlılıq qabarıq şəkildə özünü göstərir. Bəstəkarın özünün təbirincə desək, Naxçıvan diyarı ilə bağlı olan anları onun həyatının ən gözəl xatirələrinin mühüm hissəsini təşkil edir.
Tofiq Bakıxanovun Naxçıvana olan sevgi və məhəbbəti Muxtar Respublika rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmiş və daim diqqət mərkəzində saxlanılmışdır. Ali Məclisin Sədri Vasif Talıbovun milli musiqimizin, mədəniyyətimizin inkişafına, təbliğinə, sənətə və sənətkara verdiyi önəm sayəsində Naxçıvan musiqi ictimaiyyəti Tofiq Bakıxanov yaradıcılığı ilə daha dərindən tanış olmaq şansı əldə etmişdir.
Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sərəncamları ilə Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri, eyni zamanda, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi Naxçıvanda yüksək səviyyədə qeyd olunmuşdur.
Bəstəkar Tofiq Bakıxanov Naxçıvana hər gəlişində buradan olduqca razı halda geri dönmüş, xoş təəssüratlarını mətbuatda, televiziyada öz müsahibələrində dilə gətirmişdir: “Mənim Naxçıvana olan səfərlərimin hamısı maraqlı və yaddaqalan olub. Ancaq bu sonuncu səfərimdən (2016-cı ilin oktyabr ayı. G.M.) daha böyük təəssüratla qayıtdım. Çünki Naxçıvanın möhtəşəm inkişafının son nailiyyətlərini gördüm, oradakı elm, təhsil, mədəniyyət xadimlərinin hər cürə qayğı ilə əhatələndiyinin şahidi oldum, şəxsən öz yaradıcılığımın yüksək səviyyədə qiymətləndirilməsinin sevincini yaşadım. Hörmətli Vasif Talıbov yenə də məni şəxsən qəbul etdi və Azərbaycan mədəniyyətinin bugünkü uğurları barədə əhatəli şəkildə, səmimi söhbətimiz oldu. Həm də ona görə məmnun oldum ki, Naxçıvanda atam Əhməd Ağa Bakıxanovdan musiqinin bir çox sirlərini öyrənmiş sənətkarlarla yanaşı, özümün keçmiş tələbələrimlə də görüşdüm. Qətiyyətlə deyə bilərəm ki, bu gün Naxçıvanda musiqi mədəniyyətimiz, həqiqətən, heç zaman görünməmiş inkişaf mərhələsini yaşayır. Yerli sənətkarların ifasında elə musiqi parçaları eşitdim ki, onları dinləyən istənilən azərbaycanlı sadəcə fəxr edə bilər.”
Görkəmli bəstəkar Naxçıvana təkcə yubileydən-yubileyə yox, həm də burada fəaliyyət göstərən musiqi ocaqlarında müəllim və tələbələrlə görüşlərə, ustad dərslərinə də dəvət olunmuşdur. O, dəfələrlə Naxçıvan Dövlət Universitetində, Naxçıvan Musiqi Kollecində, eyni zamanda, musiqi məktəblərində həm tələbələrə ustad dərsləri keçmiş, öz dəyərli məsləhətlərini vermiş, həm də tələbələrin ifasında təşkil olunan konsertlərin, tədbirlərin dinləyicisi olmuş, çox razı qalmışdır. Bəstəkar bu barədə öz geniş təəssüratlarını bölüşərkən, Naxçıvanda müəllimlərin, sözün həqiqi mənasında, milli mədəniyyətimizə, musiqi incəsənətimizə özünəməxsus töhfələr verə biləcək gənclərə xüsusi qayğı ilə yanaşdıqlarını, istedadlı musiqiçilər nəsli yetişdiyini vurğulamışdır.
2017-ci ildə ilk peşəkar naxçıvanlı bəstəkar olan Məmməd Nəsirbəyovun anadan olmasının 120 illik yubileyi Naxçıvanda yüksək səviyyədə qeyd olunmuşdu. Həmin yubiley tədbirinə Tofiq Bakıxanovun da dəvət olunması və şəxsən iştirakı təsadüfi deyildi. Çünki Tofiq müəllim bəstəkar Məmməd Nəsirbəyovun yaradıcılıq irsinin tədqiqatçısı (bəstəkar Nazim Quliyevlə birlikdə) olmuş, Məmməd Nəsirbəyov haqqında kitab ərsəyə gətirmişdir. Tədbirdə iştirak edən Tofiq müəllim öz ürək sözlərini və xatirələrini bölüşmüşdü.
Tofiq Bakıxanov, həmçinin Naxçıvana olan sevgisini və heyranlığını belə ifadə etmişdir: “Bilirsiniz, Naxçıvan mənim üçün çox ulu bir şəhərdir. Həm də çox müqəddəsdir. Ona görə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu torpaqda dünyaya göz açıb. Hava limanında təyyarədən enərkən elə oradaca qeyri-adi hisslərə bürünürəm. Mən dünyanın bir çox gözəl şəhərlərində olmuşam. Bu gözəl şəhərlər sırasında Naxçıvan da yaddaşımda möhkəm yer tutub. Sonuncu dəfə 2006-cı ildə olmuşdum. O zaman da çox gözəl idi. İndi isə daha da gözəlləşib. Buranın təkcə suyu, havası yox, siması da gözəldir. Müasir binalar, səliqəli yollar, təmizlik insana xoş təsir bağışlayır. Burada hər şey çox ürəkaçandır. İnsanları da xoşbəxtdirlər ki, belə bir qədim və eyni zamanda, gözəl bir diyarda yaşayırlar.”
Bu qədim diyar Tofiq Bakıxanovun həm də ilham mənbəyi olmuş, bəstəkar öz məhəbbətini musiqi ilə də dilə gətirmişdir. Bəstəkarın xalq çalğı alətləri orkestri və simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyettası maraqlı əsərlərindən biridir. Əsəri dinləyərkən doğma elimizin füsunkar təbiəti, qədim tarixi və mədəniyyəti, mehriban insanları sanki gözlərimiz önündə canlanır. Əməkdar jurnalist İttifaq Mirzəbəyli bu əsər haqqında öz qiymətli fikirlərini belə qələmə almışdır: “Bu simfoniyettada Naxçıvanın Əcəmi Naxçıvanidən Hüseyn Cavidə qədər olan mədəniyyətinin, Əshabi- Kəhfdən Batabata qədər olan Allah vergisinin, Babəkdən Heydər Əliyevə qədər olan şəxsiyyətlərinin obrazını görməmək mümkün deyil.”
Ümumiyyətlə, zəngin yaradıcılıq irsinə malik olan bəstəkarın kamera-vokal əsərləri arasında “Naxçıvan təranələri”, “Xoş ovqatlı mahnılar” mahnı məcmuələrində naxçıvanlı şairlərin sözlərinə bəstələdiyi doğma diyarımıza həsr olunmuş mahnılar da Tofiq müəllimin qədim Naxçıvanımıza olan sevgisinin ifadəsidir. Məcmuədə akademik İsa Həbibbəylinin, tanınmış şairlər İslam Səfərlinin, Ramiq Muxtarın, Asim Yadigarın, Adil Babayevin və s. sözlərinə yazılmış mahnılar mövzu və melodiya baxımından rəngarəngdirlər. “Naxçıvan” (bu mahnı Azərbaycan Televiziyası Baba Salahov adına xalq çalğı alətləri ansamblının müşayiəti ilə əməkdar artist Nuriyyə Hüseynovanın ifasında lentə alınaraq Dövlət Radiosunun “Qızıl fondu”nda saxlanılır), “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” və s. mahnılar onun qələmindən çıxmış, ümummilli lider Heydər Əliyevdən bəhs edən “Həmişə bizimləsən” adlı simfonik poeması da bəstəkarın məhz Naxçıvan səfərlərindən aldığı yüksək enerji və ilhamın meyvəsi olmuşdur. “Həmişə bizimləsən” simfonik poeması da Tofiq müəllimin dəyərli əsərləri sırasına daxildir. İlk dəfə məhz Naxçıvanda, bəstəkarın 75 illik yubiley tədbirində səsləndirilmiş bu əsər Bakıdan əvvəl Naxçıvanda ekranlaşdırılmışdır.
Əsər beş il sonra, bəstəkarın 80 illik yubileyi zamanı təşkil olunmuş konsertdə yenidən dinləyicilərin gurultulu alqışlarını qazanmışdır. Hətta həmin vaxt geniş tədbirdən sonra səhnə arxasına keçən Ali Məclisin Sədri Vasif Talıbov bütün ifaçılara səmimi təbriklərini çatdırmış, Tofiq Bakıxanov yaradıcılığını yüksək musiqişünalıq qabiliyyəti ilə təhlil edərək demişdir: “Tofiq Bakıxanovun yaradıcılığı o qədər geniş, mənalıdır ki, onun əsərlərinin – simfoniyalarının, lirik və tərənnüm mahnılarının hər birinin öz yeri, öz gözəlliyi vardır. Rəssam insanı nə qədər dərindən tanısa, onun xarakterini bilsə, həmin əsər o qədər gözəl alınar. Bəstəkarın Vətəninə bağlılığı, Azərbaycana dərindən bələd olması mahnılarından görünür. Azərbaycanı tanımayanlar Tofiq Bakıxanovun Vətənimizi tərənnüm edən mahnılarını dinləyib ölkəmizi tanıya, sevə bilərlər. Onun simfonik orkestr üçün yazdığı “Həmişə bizimləsən” əsəri ümummilli liderimizin unudulmaz xatirəsinə tükənməz məhəbbətin ifadəsidir”.
Tofiq Bakıxanov sadəcə, görkəmli bəstəkar deyil, həm də heyrətamiz insan və gözəl müəllimdir. Bu qədər tanınmış ustad olmasına baxmayaraq, daimi axtarış cəsarətini itirməyən və yaradıcılıq enerjisi əvvəlki kimi aşıb-daşan sənətkara səmimi və mehriban xarakteri, həssaslığı və məsuliyyəti ətrafdakı insanların sevgisini və dərin hörmətini qazandırıb. Bu fikri Tofiq müəllimlə əyani surətdə tanış olan hər bir kəs tam əminliklə təsdiq edə bilər. Tofiq Bakıxanovun çalışmaq, yazıb-yaratmaq eşqi onu ilk dəfə tanıyan insanlara sirayət edir, onun sənətə bağlılığı gənc nəsildə sənətə qarşı sevgi və məsuliyyət hissi oyadır.
Bu il Azərbaycan musiqi mədəniyyəti tarixində və inkişafında özünəməxsus xidmətləti olan görkəmli bəstəkarımızın anadan olmasının 90 ili tamam olur. Çoxaspektli və geniş yaradıcılıq fəaliyyətinə malik olan, milli ənənələrə böyük məsuliyyət və ciddiliklə yanaşan, musiqinin akademik janrlarında yazıb-yaradaraq milli musiqi sənətimizə dəyərli əsərlər bəxş edən, əsərlərində yüksək peşəkarlıq və orijinal yanaşma tərzi nümayiş etdirən bəstəkar, qocaman sənətkar Tofiq Bakıxanovu qarşıdan gələn yubiley münasibətilə ürəkdən təbrik edir, ona sağlam ömür arzu edirik!
Günay Məmmədova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, musiqişünas,
Bəstəkarlar İttifaqının üzvü
"Xalq" qəzeti
21.09.2020