Muxtar respublikanın turizm loqosunun təqdimatı olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Saat Meydanı” Turistik İstirahət Mərkəzində 27 sentyabr-Ümumdünya Turizm Günü və Turizm İşçiləri Günü peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd edib ki, muxtar respublikanın qədim tarixi, mədəniyyət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.
Məhz bu səbəbdəndir ki, Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd olunub.
Əkbər Novruzov bildirib ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı” hazırlanıb. Birgə fəaliyyət çərçivəsində “Take another look” brendi və loqosuna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının özünəməxsus yerli loqosu hazırlanıb.
“Nəqşicahan Holding Şirkətlər Qrupu” MMC-nin direktor müavini Rifat Mahmudov muxtar respublikda turizm sahəsində görülən işlərdən danışıb, turizm potensialı haqqında məlumat verib.
Sonda Naxçıvan Muxtar Respublikasının turizm loqosunun təqdimat videoçarxına baxış olub.
Sadiq Məmmədov