“TRT World” kanalında Ermənistan-Azərbaycan münaqişəsinə dair film yayımlanıb - FOTOLAR
Nüfuzlu “TRT World” telekanalında Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən növbəti sənədli film yayımlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, filmdə münaqişənin insanların həyatına vurduğu ağır zərbələrdən bəhs olunub.
Budəfəki ekran əsərində “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.
Qeyd olunur ki, Gülməmməd Məmmədov Laçın rayonundan məcburi köçkün düşüb. 17 yaşında ilk dəfə parta arxasında əyləşən G.Məmmədov bütün çətinliklərə baxmayaraq, təhsildə böyük uğurlar əldə edib. Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirən Gülməmməd Məmmədov təhsilini İtaliyada, sonra isə ABŞ-ın nüfuzlu Sirakuz Universitetində davam etdirərək elmlər doktoru, professor dərəcələri alıb.
İngilisdilli auditoriya üçün nəzərdə tutulan “Dağlar oğlu” sənədli filmində Gülməmməd Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələrə gətirib çıxardığını, insanların taleyində kədərli izlər buraxdığını bildirir.
Qeyd edək ki, filmin çəkilişləri Bakı ilə yanaşı, Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.