Dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstələrinin sədası Vaşinqtonda ucalıb - FOTOLAR
Sentyabrın 25-də Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası (Washington International Piano Arts Council - WİPAC) və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-dakı səfirliyinin dəstəyi ilə bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şuranın İdarə heyətinin üzvü və təsisçisi Şato Qardeki dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycanın dövlət himnin müəlliflərindən biri olduğunu qeyd edib.
Sonra çıxış edən səfirliyin müşaviri Orxan Zeynalov tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. O, ABŞ-da Azərbaycanın Qarabağ bölgəsində doğulmuş tanınmış bəstəkar Ü.Hacıbəyliyə həsr olunmuş belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsindən bəhs edib və Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının mədəni diplomatiyanın inkişafında xüsusi rolunu vurğulayıb.
Tədbirdə Marina Şinko (soprano) və Frenk Konlonun (pianoçu) ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin dahi şairimiz Nizami Gəncəvinin şeirinə bəstələnmiş “Sevgili canan” əsəri və “Koroğlu” operasından uvertüra, həmçinin tanınmış dünya bəstəkarlarının ifaları səsləndirilib.
Qeyd edək ki, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası Azərbaycan Dillər Universiteti və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi ilə 2017-ci ildən əməkdaşlıq edir. Eyni zamanda, 2019-cu ildə Şuranın təşkilatçılığı ilə Vaşinqton şəhərində şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib və onun “Sığmazam” fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentanonun musiqi bəstələnib.