Mahnı müsabiqəsində 10 ifaçı finala vəsiqə qazanıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Gənclik Mərkəzində “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalının seçim mərhələsi keçirilib. Festival Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar təşkil olunub.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə baş tutan festivalın növbəti mərhələsində Naxçıvan şəhərindən və muxtar respublikamızın rayonlarından, ümumilikdə, 25 gənc iştirak edib. Seçim mərhələsinin sonunda 10 ifaçı final mərhələyə vəsiqə qazanıb.
Festivalda Azərbaycan Respublikasının Xalq artistləri, görkəmli müğənni Mübariz Tağıyev və bəstəkar Eldar Mansurov, eləcə də Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu münsiflər heyəti olaraq yer alıblar.
“Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalının final və mükafatlandırma mərasimi sabah Gənclik Mərkəzində baş tutacaq. Eyni zamanda Festival çərçivəsində Bakı şəhərindən dəvət olunan estrada müğənniləri də konsert proqramı ilə çıxış edəcəklər.
Yaqub İsayev