Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də böyük maraqla oxunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Süleyman Sani Axundovun anadan olmasından 145 il ötür.
Azərbaycan dramaturqu, nasir, maarif xadimi S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. Uşaq
yaşlarından atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb.1885-1894-cü illərdə Qori
Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib, ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə "Əmək qəhrəmanı" adına layiq
görülüb. 1921-1930-cu illər ərzində, keçmiş Sovetlər İttifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün sonuna kimi
pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınıb. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının
inkişafında böyük xidmətləri olub. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması
üçün əlindən gələni əsirgəməyən ədib, 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak
edib. Qurultaydan sonra ərəb əlifbasının islahı üçün təkliflər irəli sürən S.S.Axundov, pedaqoji sahədə həmkarları ilə birlikdə
“İkinci il” dərsliyini tərtib edib.
Yaradıcılığında yazdığı ilk əsəri olan "Tamahkar" komediyasi ilə tanınmış yazıçı bu əsərini böyük dramaturq
Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə qələmə alıb. Dramaturqun sənətini sevən yazıçı ədəbiyyatda
ondan fərqlənməkdən ötrü ərəbcə ikinci mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürüb. “Tamahkar" komediyasında
o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən tamahkarlıq, qadın azadlığına qarşı çıxanlar tənqid edilir. Bu əsərində yaratdığı
Gülzar, Şərəf xanım, İmran kimi müsbət surətləri ilə gələcək nəsli həqiqətə, fədakarlığa səsləmişdir. Bundan başqa yazıçı
1907-ci ildə yazdığı "Dibdat bəy", "Türk birliyi" komediyaları, "Laçın yuvası", Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri",
"Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" kimi pyeslərinin və bir sıra uşaq əsərlərinin də
müəllifidir. Bir nasir kimi 1905-ci ildə yazdığı "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu" kimi hekayələri də müəllifin
maraqlı hekayələrindəndir.
O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir.
“Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.
Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. “Qaraca qız” əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub.
Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri var. 1920-ci ildən sonra yazdığı
əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundov 1939-cu il martın 29-da 63 yaşında vəfat edib.
Hazırda yazıçının yaradıcılığına verilən qiymət kimi Bakı küçələrindən biri onun adını daşıyır.