"Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır” rəsm müsabiqəsinə yekun vurulub - FOTOLAR

A- A A+

Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə sosial şəbəkələr vasitəsilə bu ilin may-iyun aylarında keçirilən, ölkəmizin Respublika Gününə həsr olunan “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Pakistanın Milli İncəsənət Şurasının baş direktoru Fouzia Səid, bu ölkənin ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, müsabiqə iştirakçıları və səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib və Azərbaycanla bağlı videoçarx izlənilib.

Azərbaycanın Pakistandakı səfir Əli Əlizadə Azərbaycan-Pakistan dostluğu haqqında fikirlərini bölüşüb, müsabiqənin keçirilməsində məqsədin Pakistan gənclərinə hər iki qardaş ölkənin bir-birinə bağlılığını, dini, mədəni-irsi oxşarlığını aşılamaq, xalqlar arasındakı münasibətləri möhkəmləndirmək, gənclərin istedadlarını təşviq etmək və onlarla əməkdaşlığı gücləndirmək olduğunu bildirib.

Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən səfir Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatlarının, günahsız insanlara qarşı hücumlarının Pakistan xalqı, ictimaiyyəti və gəncləri tərəfindən daim qınandığını, çətin zamanlarda Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirərək davamlı dəstəyə və həmrəyliyə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü çatdırıb.

Ə.Əlizadə 18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası ildönümü ərəfəsində keçirilən bu mərasimin hər iki ölkə gənclərinin möhkəm birliyinə bir stimul olduğunu qeyd edərək müsabiqənin qaliblərini və iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbir haqqında xoş təəssüratlarını ifadə edən Fouzia Səid koronavirus pandemiyasının insanlarda yeni ideyalar və layihələrin yaranmasına səbəb olduğunu bildirib. İki ölkə arasındakı mövcud oxşarlıqlardan bəhs edən baş direktor Azərbaycan-Pakistan dostluğunun belə layihələrlə daha da gücləndirilməsinə töhfə verdiyi üçün səfirə və səfirliyin əməkdaşlarına təşəkkür edib.

Fouzia Səid həmçinin bir-birinə hər zaman qarşılıqlı dəstək verən iki ölkə arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bəyan edib.

Tədbirdə çıxış edən digər qonaqlar müsabiqə haqqında öz xoş təəssüratlarını bölüşərək ölkələrimiz və xalqlarımız arasında dostluğun həqiqətən əbədi və sarsılmazlığından söhbət açıb, Pakistan xalqının daim Azərbaycanın yanında olacağını və Azərbaycana qarşı törədilmiş erməni təcavüzü və hücumlarını qəti şəkildə pislədiklərini vurğulayıblar.

Tədbirin sonunda müsabiqənin iştirakçılarına və qaliblərinə pul mükafatları, sertifikatlar və hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: