“Şair əbədi ocaq, əbədi bələdçi, əbədi ağsaqqal deməkdir. Məncə, şair həmişə işıqdır. O, kədərləndirib kövrəldəndə də, qəzəbləndirib yerdən üzəndə də, nakam bir məhəbbətin tərcümeyi-halını danışanda da. İşıq olmayan sənət ildırımın ağzından qopsa belə insanlara lazım deyil...” Bu fikirləri onun yarımçıq qalmış əlyazmalarının içindən oxumuşdum. Əbədi ocaq, əbədi bələdçi olan Məmməd Arazın. Kim üçün yazıbmış görəsən? Kimə aid edib bu gözəlim cümlələri? Görən heç düşünübmü ki, onun hər sözü, fikri bu millətin heç vaxt sönməyəcək vətənpərvərlik ocağıdır. Hər şeiri bələdçi, hər fikri mayak olan Məmməd Arazın...
“Bu torpağın daşı ollam, bu torpağı sevmək azdı”- Arzunun, duanın hansı məqamı, vətənpərvərliyin hansı zirvəsidir bu?! Bir dərsdir, Vətəni Məmməd Araz kimi sevmək dərsi...
Qoca vulkan ayağa qalxıb haqq mübarizəsi, müharibəsi aparır, şairim. Bu müharibədə hər daim bir addım öndə olan sənsən. Sərhəd boyu ərlər bitirən, nərlər bitirən Ulu torpaq sənin fikirlərinlə silahlanıb. Nə zaman ki bütövləşmək uğrunda başladı haqq mübarizəmiz, onda söz ordusunu çəkib səngərdə dayanan gördük səni. Əli tətikdə olan əsgər sənin misralarından güc aldı:
Əbədi məzarımız bu torpaqdı deyirik,
Vətən göyü dəyişməz Göy bayraqdı deyirik.
Qarabağ dərdimizin, Xocalı yarasının qaysaq tutmadığı bu ötən 30 ildə Məmməd Araz söz ordusunu daim səfərbər gördük. Sinəsi səngər olan misralar tufan yıxan, gürşad boğan oğulların qulağının dibində elə hey pıçıldadı:
Yatma Vətən, yatma torpaq, yatma insan
Ölüm-qalım savaşı var öndə hələ.
İstiqlalla irticanın savaşı var öndə hələ
Tapdaq altda qalan torpaq səninkidir.
Qəlpə-qəlpə qoparılan yurd yerimizi geri alırıq, biz ocaqlarımızı yenidən çatmağa gedirik, Məmməd Araz. Enməzliyə qalxmış olan bayrağımız Qarabağ düzünə can atır. Dillərdə, ürəklərdə Vətən var. Elə məhz sənin arzuladığın kimi. Ölənimiz, qalanımız Vətən deyir...
Sən bu yurda söykəlisən, bu yurd sənə...
Ana millət, ata millət gözünün yaşını çoxdan qurudub. “Mən” olmağı, “sən” olmağı lüğətimizdən çıxarmışıq, burda “biz” olmağı bacara bilirik, Məmməd Araz. Ana-bacılar daha ağlamağa vaxt gəzmir. Alnından öpüb cəbhəyə uğurladığı övladına oxuduğu dualarında sənin misraların göyərir:
Bu torpağı son nəfəsi olsan belə,
Son dirisi, son əsgəri olsan belə
Geri dönmə son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.
Hər qayası əsgər olan, hər qalası səngər olan Qarabağ bizi səsləyir. Ömrünün sonunadək “Dəlidağa söykənmədik, ona sınıq vüqar qoyub gəldik” dərdinin, həsrətinin ağrı-acısını yerə-göyə sığdıra bilmədin. Azərbaycan oğulları indi o yollarla geri qayıdır-Babaların məzarını qorumaq üçün, ataların vüqarını qorumaq üçün...
“Sən mənim oğlumsan, qələmim oğlum, qoyma bu atanın ocağı sönə...” yarımçıq qalmış şeirlərinin bir tamamlanmamış misrası daha. Bu nə ümidsizlikdi, Məmməd Araz? “Vətən mənə oğul desə, nə dərdim” deyən minlər, milyonlar sənin oğlun deyilmi? İstər sülh olsun, istər müharibə, sənin fikirlərin bütün nəsillərin Əsgər andı, Vətən nəğməsi deyilmi? Vuruşanda, döyüşəndə, darıxanda, ağlayanda, sevəndə, itirəndə, qazananda da dilimizdə ilk sənin misraların göyərir, göyərəcək. Şeirin yiyəsinin qartal nəfəsli misraları bizi müşayiət edib, ən dar məqamlarda bizə qəhmər çıxacaq. Odlar yurdunun şeir generalı, söz generalı, bu torpaq uğrunda daşlaşmaq arzusunu da səndən öyrənirik...
Məmməd Araz şeirlərində qədim tarix dərəsindən gələn səsə qulaq veririk, o haraya, o çağırışa ürəyimizi söykəyirik. Səsdən qopan qəlpələrin, görünməyən güllələrin səsini duyuruq. O səslər bizə döyüş deyir, vuruş deyir... Vətən Oğlu Xudafərinin daş harayına yetə bilir.. Şair Arazın odlu-alovlu çağırışları əsgər barmaqlarında tətiyə söykənən hünər, cəsarət olur:
Bu dağları baba bil, bu daşları ata bil
Qılınc qap, Vətən oğlu, bizi Vətən çağırır.
Sənin bütöv yaradıcılığın Azərbaycanın deyilməmiş, yazılmamış tarixi oldu, Məmməd Araz. Könül nəğmələrinlə bu xalqın keçmişini, bu gününü, sabahını yazdın, şeirlərin tarixə yazıldı, tarixin özü oldu...
Şah Xətainin qılıncına söykənən oğulların tarix yazır...
Azərbaycan ayağa qalxıb, düşmən üstünə gedir. İndi Qarabağ torpağına günəş Murovdan doğur. Murovun qarını Azərbaycan əsgərinin isti nəfəsi əridir. Gözün aydın, Məmməd Araz, Azərbaycan zəfər çalır. Dönməzlər yoluna, qalib əsgər yoluna çoxdan çıxmışıq. Ər oğullar Suqovuşanda, Cəbrayılda, Hadrutda Azərbaycan bayrağı dalğalandırır. Bütünləşməyə, bütövləşməyə, ruhumuzu, o torpaqlarda dinləndirməyə gedirik. Bütöv Azərbaycan dünyasından dünyaya baxmaq üçün... Kaş bu günləri sən də görərdin, mənim ölümsüz şairim...
Ondan ayrılmayır könlüm bir an da,
Qəlbimdir, canımdır bu torpaq mənim.
Özüm o yerlərdə olmayanda da,
Xəyalım orada olacaq mənim.
Fizzə Bağırova