Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Mədəniyyət Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihə çərçivəsində növbəti material Şuşa şəhərinin “Saatlı” məhəlləsində yerləşən Saatlı məscidinə həsr edilib.
Tarixi məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib.
Məscidin inşa edildiyi yerdə əvvəl böyük Azərbaycan şairi Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.
1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra məscid xarabalığa çevrilib, onun zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılıb.