Mədəniyyət Nazirliyi Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb
Mədəniyyət Nazirliyi Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda deyilir: “30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin zəbt etdiyi Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlərdə müzəffər Azərbaycan Ordusu tərəfindən qarış-qarış işğaldan azad edilir. Silahlı Qüvvələrimizin şəxsi heyətinin şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan rayon mərkəzləri, habelə bu rayonların, eləcə də Xocavənd, Tərtər rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad olunmuşdur. Azad olunan ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də düşmən tapdağından xilas edilib. Bununla yanaşı, təəssüf hissi ilə qeyd olunmalıdır ki, illərlə davam etmiş bu işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir. Azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, gözlənildiyi kimi, acınacaqlı vəziyyətdədir. Zəngilan rayonunda yerləşən, daşınmaz tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olan tarixi məscid binasından donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin daha bir bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq təşkilatların, tərəqqipərvər dünya birliyinin kəskin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Müsəlmanların ibadət yeri olan məsciddə heyvanların saxlanılması Ermənistan Respublikasının bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlikdir və bu beynəlxalq səviyyədə hüquqi qiymətini almalıdır. Sivil dünya dövlətlərini və xalqlarını Ermənistanın bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq. Diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir”.