Bu gün görkəmli filosof şair Hüseyn Cavidin anadan olmasının 138 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
NUHÇIXAN İnformasiya Agentliyi ədibin şeirlərindən bir neçə nümunəni öz oxucularına təqdim edir:
Vətən
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?
Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən…
Neçün şərafətini, fəxrini verib əldən,
Bu qədər yurduna biganədir ricali-vətən?
Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?
Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,
Əminəm, heç də silinməz bu ibtizali-vətən.
Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,
Səlamımı eşidə bəlkə növnəhali-vətən.
Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.
Əgər sual edələr – Cavidin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub maali-vətən.
İblisin monoloqu
İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Həp Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşkünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əlan nəmə lazim!
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
İblis nədir?
– Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
– İblis...
Qadın
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.
O bir mələk… onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Mənim tanrım
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.
Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.
Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
Sevinmə, gülmə, quzum…
Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;
Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
Sevinmə başqasının hali-pürsəfalətinə,
Toqunma qəlbinə bikəslərin, zavallıların.
İnan ki, bir acı söz, bir baqış, bir incə gülüş
Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar.
O qəlb avunsa da, aldanma, incinib küsmüş,
Sağalmaz iştə o, yıllar keçər də həp sızlar.
Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün
Qızar, həmən gücənib intiqam alır səndən.
Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!
Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..
Qaçqın
Örtünmə, dur! Kimsin, nerəlisin sən,
Gözəl qaçqın, başı bəlalı qaçqın!
Gül ki, nur saçılsın qönçə ləbindən,
Ey hər halı mələk ədalı qaçqın!...
Zülfünü qoynunda bəsləmiş gecə,
Süzgün gözlərin, gül üzün pək incə,
Gönül məst olur sən gülümsədikcə,
Ey nazlı dağların maralı qaçqın!
Bən istərim ömrüm səninlə gülsün,
Söylə, nə dərdin varsa anlat bütün;
Aman, nə oldu ki, sən böylə düşdün
Yurdundan, elindən aralı qaçqın!
Ah, səni gördümdə dağıldı huşum,
Vuruldum sana sanki bir sərxoşum,
Mən də sənin kibi qərib bir quşum,
Gəl bana, ey gönlü yaralı qaçqın!...