Unudulmuş yazıçı haqqında möhtəşəm əsərlər

A- A A+

Naxçıvan ədəbi mühitinin öyrənilməsi sahəsində son dövrlər diqqəti cəlb edən çoxsaylı elmi nəşrlər ərsəyə gəlib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmə olan qayğısı sayəsində  bir elm sahəsi kimi  formalaşan naxçıvanşünaslıq  mühüm nəşrlər ortaya qoyub. Aparılan elmi tədqiqatlar həm də Naxçıvan ədəbi mühitinin araşdırılmayan, qaranlıqda qalan səhifələrinin də tədqiqinə imkanlar verib, diqqətəlayiq əsərlər meydana gəlib. Bu sahədə aparılan tədqiqatların kəmiyyəti, sanbalı və əhəmiyyətinə görə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin də xidmətləri təqdirəlayiqdir. Mərhum alimin zəhmətkeşliklə apardığı tədqiqatların nəticəsində ərsəyə gələn çoxsaylı ciddi elmi nəşrlər Naxçıvan ədəbi mühitinin araşdırılmayan çox mühüm bir dövrünün və görkəmli yetirmələrinin tədqiq edilməsinə stimul olub. Alimin sağlığında nəşr etdirdiyi görkəmli diplomat, yazıçı, publisist Əli Səbri Qasımov haqqında monoqrafiyadan sonra Naxçıvan ədəbi mühitinin çox qiymətli nümayəndələrindən olan unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı haqqında əsərləri dövlət qayğısı ilə nəşr edilərək elmi dövriyyəyə buraxılıb. Alimin min bir zəhmətlə ərsəyə gətirdiyi “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” (Naxçıvan, “Əcəmi” NPB, 2020, 168 s.) adlı 168 səhifəlik monoqrafiyası və “Haqq divanı” adı ilə çap edilmiş 200 səhifədən ibarət külliyyatı (Naxçıvan, “Əcəmi” NPB, 2020, 200 s.) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun qayğısı ilə nəşr edilərək geniş oxucu kütləsinin ixtiyarına verilib.

Əməkdar elm xadimi, professor Hüseyn Həşimli uzun illər apardığı tədqiqatların nəticəsi olaraq Naxçıvanın görkəmli yetirmələrindən olan yazıçı, tərcüməçi Ələkbər Qəribin əsərlərini müxtəlif mənbələrdən, o cümlədən arxivlərdən toplayaraq “Haqq divanı” adı altında nəşrə hazırlayıb. Alim, həmçinin əsərə həm də olduqca məzmunlu ön söz, müəyyən məsələlərlə bağlı izahlar və şərhlər yazıb. Kitabın rəyçisi alimin istedadlı tələbələrindən olan filologiya üzrə fəlsəfə doktoru Surə Seyiddir.

Kitabda Ə.Q.Naxçıvanlının müxtəlif illərdə yazdığı bədii əsərləri, o cümlədən yeddi hekayəsi və bir povesti, səkkiz publisistik və ədəbi-tənqidi yazıları, görkəmli alim, tədqiqatçı Əziz Şərifə ünvanladığı məktubu,  rus yazıçısı N.M.Karamzindən etdiyi “Bədbəxt Liza” əsərinin tərcüməsi və əsərlərinə yazılmış iki resenziya yer alır. Azərbaycan ədəbiyyatında özünəməxsus inkişaf yolu keçən sentimentalizm nümunələri kimi Ələkbər Qərib Naxçıvanlının bədii əsərləri – hekayələri və povesti  əlamətdar və əhəmiyyətlidir. Onun “Zavallı Leyla xala”, “Bacı və qardaş”, “Haqq divanı”, “Faciə”, “Uşaq divanı”, “Tamahkarlığın nəticəsi”, “Əfi ilan” kimi hekayələri sadə insanların həyat şəraiti və qayğılarından bəhs etdiyi kimi, yüksək insani dəyərlər və əxlaqi məziyyətlərdən söhbət açır, insanları xeyirə, ədalətə, yardımlaşmaya dəvət edir. “Zavallı Leyla xala” hekayəsi sanki ədibin vaxtilə tərcüməsini də həyata keçirdiyi böyük rus yazıçısı Karamzinin “Bədbəxt Liza” əsərinin təsiri altında yazılıb. Sadə və köməksiz bir qadın olan Leyla arvadın güzəranı, ağır yaşayış şəraiti və qayğıları çox sentimentalist ruhda təqdim və təsvir edilib.

Ədibin hekayələri arasında öz sərlövhəsi, məzmunu və ideyası ilə bir-birinə yaxın olan “Haqq divanı” və “Uşaq divanı” hekayələri də maraq doğurur. Hekayələrin adındakı “divan” – məhkəmə, mühakimə və cəza anlayışına görə də əsərlərdə hadisələr verilib və qənaətlər ortaya qoyulub. “Haqq divanı” hekayəsində İlahi ədalətə inam başlıca yerdə dayanıb. Hekayənin başlanğıcında böyük Azərbaycan şairi Məhəmməd Füzulidən “Hər yerdə olsa qanlını, əlbəttə, qan tutar” misrası ilə epiqraf gətirməsi əsərin məzmununu sərlövhədən duymağa imkan verir. Əsərdə Firudin və Firrax adlı obrazların simasında ümumiləşdirilmiş xeyir və şər problemi qoyulub. Müəllif şifahi xalq ədəbiyyatı və klassik əsərlərdə geniş yayılmış bu mövzuya müasir dövrün şərtlərinə uyğun yenidən müraciət edərək müasirlərinə yaxşı və düz əməl haqda təlqin yaratmaq istəyir. Əsərdə doğruluğu, düzlüyü, xeyirxahlığı təmsil edən Firudin, şəri, yalanı və bədxahlığı təmsil edən Firraxa ölüm tələsi hazırlayırsa da, Allahın haqq divanı gərəyi ilə Firudin deyil, ondan qabaq mənzilə yetən Firraxın özü cəzasına çatır və xanın əmrinə uyğun şəkildə dəmir kürəsində işçilər tərəfindən yandırılır. Əsərin sonunda Firudinin deyil, Firraxın öldürüldüyünü bilən Xanın dilindən deyilən “Bu özü də, doğrusu, haqq divanı deyilmi?” fikri əsərin əsas ideyasını ümumiləşdirərək ortaya çıxarır. Əsərdə, Allahın ədalətinə inam və özünü mühakimə əsas ideyanı təşkil edir. Bu əsərə uyğun mövzuda yazılmış “Uşaq divanı” hekayəsində də İlahi ədalət uşaq mühakiməsinin timsalında özünə yer tapır və gerçəkləşir. Harun Ər-Rəşid dövründə baş verən hadisələrin əsasında müəllif cinayət, mühakimə və cəza məsələsinə diqqəti cəlb edir. Əsərdə göstərilir ki, Qasım adlı bir tacir zeytun altında gizlədilmiş bir küpə dolusu qızılını saxlamaq üçün doğrucul və haqqa düz olaraq tanıdığı dostu bir tacirə verir. Uzun illər keçəndən sonra Qasımın gəlmədiyini və onun öldüyünü güman edən xain və tamahkar tacir doğrucul arvadının etirazlarına baxmayaraq, küpü gətirib açır və qızılları da oğurlayıb təzə zeytunları küpə dolduraraq yerinə qoyur. Geri qayıdıb küpəsini istəyən Qasım küpənin içərisində qızıllarını görmür və tacir də əməlini danaraq xəbərsiz olduğunu deyir. İş məhkəməyə düşür və Harun Ər-Rəşidə yetir. Bir gecə şəhəri gəzməyə çıxan Harun Ər-Rəşid bir həyətdə divan qurmuş uşaqların oyununu görür və dillər əzbərinə çevrilən Qasımla oğru tacirin məsələsinin necə ədalətlə mühakimə edildiyi və qərar verildiyinə şahidlik edib heyrətdə qalır. Harun Ər-Rəşidin qərarı ilə müstəntiqlik edən uşaq saraya gətirilir və onun müstəntiqliyi ilə Qasımla tacirin məsələsinə baxılır. Çox ədalətli mühakimə və ağıllı istintaqdan sonra tacirin günahkarlığı ortaya çıxır, qızıllar qaytarılıb Qasıma verilir və xain tacir də cəzasına çatdırılır. Göründüyü kimi, hər iki əsərdə haqqa düz olmaq və doğruculluq başlıca ideyanı təşkil edir. Həm də ədalətli mühakimə və cəza məsələsi də ön planda dayanır.

Ədibin digər hekayələrində də məhz bu cür – ictimai ədalət və ədalətli yaşayış məsələsi başlıca yer alıb. Bu baxımdan ədibin “Qəlbimin sultanı” povesti də çox böyük maraq doğurur. Sadə bir azərbaycanlı tələbənin Rozaliya adlı bir rus qızına bəslədiyi məhəbbət və onların sevgi əhvalatından bəhs olunan əsərdə Rozaliyanın dilindən azərbaycanlı tələbəyə nəsihətlə deyilən “Gələcək ömründə “insan” ol! ...Bircə həqiqi insaniyyət sahibi həm bu dünyada, həm axirətdə füyuzati-ilahiyyəyə malik ola bilər” kimi müdrik sözləri böyük ədibin M.T.Sidqi, E.Sultanov, C.Məmmədquluzadə, H.Cavid kimi böyük ədiblərin Azərbaycan xalqının gələcəyinə olan ümid dolu çağırışlarını ehtiva edir.

Adıgedən kitabda naxçıvanlı yazıçı Ə.Qəribin bir sıra ədəbi-tənqidi və publisistik məqalələri də yer alıb. “Qraf L.N.Tolstoyun ətfalına təbiyə verməsi”, “Milli şairimiz Sabir”, “Maarif işləri”, “Ərbabi-qələm qadınlar haqqında”, “Tənqid və tənqidçilərimiz” və b. kimi məqalələrində ciddi mövzuları qələmə alan ədib çox diqqətəlayiq, maraqlı baxış və təhlil nümunələri əks etdirib.  Məqalələrdə müəllifin Tolstoy kimi bir dünya ədəbiyyatı korifeyi haqda: “Lev Tolstoy bacardıqca uşaqlara hürriyyət və azadlıq bağışlayıb. ...Tolstoy fitrətən xariqadə olduğu kimi, onun işləri də qəribə və müstəsna idi. ...Tolstoyun ədalət, müsavat, üxüvvət haqqındakı fikri tamamən islamiyyətin əmri ilə mütabaqidir” fikirləri, böyük Azırbaycan şairi, qüdrətli satira ustası M.Ə.Sabir haqqında yazdığı: “...milli şairi-şəhirimiz, o böyük, dahi Sabir vəfat edib də Qafqaziya türklərinin gənc ədəbiyyatını yetim buraxdı. ...Sabirdən başlayaraq Qafqaziya türk ədəbiyyatı sadələşməyə, milliləşməyə, xəlqiləşməyə başlayaraq müsəlman sadə xalqı içində də yavaş-yavaş milli ədəbiyyata hissi-məhəbbət, şövq və həvəs oyandırır. ...Sabir bir şair idi, lakin adi bir şair olmayıb şairliyi ilə bərabər nəzəriyyəsi geniş bir alim, müqtədir bir xalqçı, qorxusuz bir hürriyyətpərvər idi. ...Sabirin əşarı hədsiz nöqsanlarımızı bizə açmaq ilə bizi düz yola dəvət edərək ruh və qəlbimizi rövşənlədir”, və yaxud “Maarif işləri” məqaləsində maarif, elm, məktəbdarlıqla bağlı yazdığı: “Hər bir məmləkət və millətin tərəqqi və təalisi onun maarif və mədəniyyət dərəcəsindən asılıdır. ...Mədəniyyət və maarif işığı ilə hər bir millət özünə yol açıb, öz varlığını qüvvətli millətlərin pənceyi-istifadəsindən qurtarır” və s. kimi müdrikanə, uzaqgörən fikirləri oxucularda çox böyük təsir buraxmış olur. Bu vətənpərvər və millətpərvər şəxsiyyətin “Ərbabi-qələm qadınlar haqqında” məqaləsində ziyalıların qadın azadlığı və maarifi haqqında fikirləri özünə yer alıb. Konkret faktlar və fikirlər üzərində məqaləsini quran ədib qadın azadlığı haqqında maraqlı fikirlər irəli sürərək qadınların maariflənməsini milli inkişafın təməli kimi qiymətləndirir.

 Kitabda həmçinin Ələkbər Qərib Naxçıvanlının yaxın dostu və silahdaşı Əziz Şərifə məktubları, iki bədii tərcüməsi və bədii tərcümələri haqda yazılan resenziyalar təqdim edilib. Kitabın geniş oxucu kütləsi üçün maraqlı olacağına inanırıq.

Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin nəşr olunan ikinci əsəri “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” (Naxçıvan, “Əcəmi” NPB, 2020, 168 s.) adlanır. Əsər müəllifin Ələkbər Qərib Naxçıvanlı haqqında monoqrafik tədqiqatlarını özündə ümumiləşdirir. Əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Surə Seyiddir.

Əsərin “Şərəfli ömür yolu” adlanan birinci fəslində Ələkbər Qərib Naxçıvanlının həyatı və taleyindən, çoxcəhətli fəaliyyətindən bəhs edilir. Tanınmış ədibin təvəllüd tarixi dəqiq göstərilməsə də, XIX əsrin 90-cı illərində, təxminən 1893-1894-cü illərdə Naxçıvan şəhərində dünyaya göz açdığı deyilir. Müəllifin müxtəlif mənbələrə istinadən gəldiyi qənaətinə görə Ə.Q.Naxçıvanlı məşhur Nəsirbəyovlarla qohum olmuşdur. Atası Kərbəlayı Tağı Naxçıvanın açıqfikirli adamlarından biri olmuş, hətta adı farmasyonların sırasında çəkilmişdir. Qori Müəllimlər Seminariyasının məzunu olmuş Ə.Qəribin də Firudin bəy Köçərlinin uğurlu işlərində imzası keçən tələbələrdən biri olduğu qeyd edilir. Onun, həmçinin özünü peşəkar bir pedaqoq kimi tanıtdığı, müxtəlif məktəb və maarif ocaqlarında fəaliyyət göstərdiyi, müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq etdiyi də bildirilir.

Əsərin ikinci fəsli “Ələkbər Qərib Naxçıvanlının bədii yaradıcılığı” adlanır. Müəllifin də qeyd etdiyi kimi, Ə.Qərib yazıçılıq fəaliyyətinə hələ Seminariyada oxuyan vaxt başlayıbdır.  Müəllifin gəldiyi qənaətə görə, Ələkbər Qərib ilk qələm təcrübəsini rus dilində sınaqdan keçirib 1910-cu ildə çap etdirdiyi “Məktəbli qız” (“Ученица”) hekayəsilə yazıçılıq fəaliyyətinə başlamışdır. Gənc yazıçının ana dilində yazdığı hekayələr sırasında 1911-ci ildə nəşrinə nail olduğu “Zavallı Leyla xala” əsəri ilkin yer alır. Ümumiyyətlə, Ə.Qərib özünü hər şeydən əvvəl bir nasir kimi təsdiq etmiş, bir sıra hekayələrin və “Qəlbimin sultanı” povestinin müəllifi olmuşdur. Müəllifin tədqiqatları təsdiq edir ki, Ə.Qərib sovet dövrü illərində “Azadlıq bahası” adlı roman üzərində də işləmiş,  müəyyən hissələrini nəşr də etdirmişdir. Ədibin müxtəlif illərdə kitabları da nəşr edilmiş, 1914-cü ildə çap olunan üç hekayədən ibarət “Haqq divanı” adlı kitabı işıq üzü görübdür.  

“Ədəbi-tənqidi və publisistik məqalələri” adlanan fəsildə müəllif Ə.Q.Naxçıvanlının yaradıcılıq fəaliyyətinin publisistika mərhələsi və ədəbi-tənqidi məşğuliyyət dövrünü araşdırır. Əsərin özündə də qeyd edildiyi kimi, “Ələkbər Qərib naxçıvanlı publisistik yaradıcılığa hələ Qori Müəllimlər Seminariyasında 1909-1913-cü illərdə təhsil alarkən başlamışdır”. Buna görə də tədqiqatçı tədqiqatın nəzərlərini yazıçının o vaxt Bakıda işıq üzü görən mətbuat orqanı olan “İşıq” qəzetilə əməkdaşlığına yönəldir. Ümumiyyətlə, tədqiqatçı pedaqoq-yazıçının bir sıra publisistik və ədəbi-tənqidi məqalələrini də toplayaraq təhlilə cəlb etmiş, onlara tənqidi münasibət göstəribdir. Bu məqalələrdə yazıçı bir ziyalı olaraq dövrün ən nüfuzlu ədəbiyyat xadimlərindən olan rus və dünya ədəbiyyatının nəhəng siması kimi L.N.Tolstoyun tərbiyə məsələləri (“Qraf L.N.Tolstoyun ətfalına təbiyə verməsi”), Azərbaycanda yeni satirik şeirin banisi və qüdrətli nümayəndəsi Mirzə Ələkbər Sabirin həyat və yaradıcılıq yolu (“Milli şairimiz Sabir”), habelə ölkədə maarif işləri (“Maarif işləri”), qadın azadlığı (“Ərbabi-qələm qadınlar haqqında”), tənqid və tənqidçilər (“Tənqid və tənqidçilərimiz”)  və başqa məsələlər barədə öz görüşlərini əks etdiribdir.

Əsərin sonuncu – dördüncü fəslində “Tərcüməçilik və naşirlik fəaliyyəti” araşdırılaraq ciddi faktlar əks etdirilmişdir. Burada müəllif, artıq qeyd edildiyi kimi, yazıçının tərcüməçiliyə başlama məsələsi və onlara istiqamət verən F.Köçərlinin istiqamətverici rolundan ətraflı bəhs etmiş, yazıçı Ə.Qəribin tərcümə etdiyi əsərlər haqda əhatəli məlumatlar verilərək təhlillər aparılmışdır. Müəllif Ə.Qərib Naxçıvanlının nəşriyyatlarla olan əməkdaşlığı məsələsinə də əhəmiyyətlə yanaşmış, onun redaktoru olduğu əsərlər barədə məlumat verilmişdir. Hətta müəllif  “o illərdə Ə.Qəribin redaktorluğu ilə Bakıda nəşr olunmuş bədii tərcümə kitablarının əsas qisminin” siyahısını da tədqim etmişdir. Siyahıda 23 tərcümə kitabının adı çəkilmişdir. Bunlar arasında A.S.Puşkin, N.V.Qoqol, İ.S.Turgenev, M.Qorki, L.N.Tolstoy, C.London, A.Barbüs, E.Zolya və digər tanınmış müəlliflərin əsərlərinin adı yer alır.

“Son söz əvəzi” adlanan nəticədə müəllif gəlinən qənaətləri ümumiləşdirir və əsərə yekun vurur.

Ümumiyyətlə, hər iki əsərdə müəllif professor H.Həşimlinin zəhmət və əməksevərliyi özünü aydın nümayiş etdirir. Alim unudulmuş bu yazıçı haqqında dolğun, əhatəli məlumatlar vermək üçün apardığı uzunmüddətli axtarışlarının nəticəsini ortaya qoyur. Bir daha qətiyyətlə demək olar ki, bir sıra naxçıvanlı ədəbi sima və tanınmış nümayəndələrin ədəbi ictimaiyyətə tanıdılmasında professor H.Həşimlinin müstəsna xidmətləri olmuşdur. Hətta bir çox yeni adların ədəbi düşüncəyə daxil olmasında ustadı akademik İsa Həbibbəyli ilə bərabər onun da tədqiqatları mühüm rol oynmışdır. Professor Hüseyn Həşimli məhz o alimlərdən idi ki, onun qələmindən çıxan hər bir əsər özünün elmi sanbalı, yeniliyi və əhəmiyyəti ilə seçilirdi. Qəti qənaətlə deyə bilərik ki, professor Hüseyn Həşimlinin yenicə çapdan çıxmış əsərləri geniş oxucu kütləsinin diqqətini cəlb edəcək, hətta bir sıra araşdırmalar üçün sanballı mənbə və istiqamətverici rol oynayacaqdır. Bu əsərlərdən nəinki peşəkar oxucular – alimlər, müəllimlər, tələbələr, hətta geniş, kütləvi auditoriya da istifadə edəcəkdir. Redaktorun da yazdığı kimi bu əsərlər “gənc alimlər və tədqiqatçılar üçün məxəz rolunu oynamaqla yeni əsərlərin yaranmasına, yeni elmi baxışların formalaşmasına, yeni ədəbi düşüncələrin işıq üzü görməsinə səbəb olacaqdır”.

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: