Naxçıvana səyahət edən hər bir turist qrupu üçün zəngin tur proqramları hazırlamağa imkan verən turizm ehtiyatlarımız və mükəmməl infrastruktur Naxçıvan şəhərindən başlayaraq Şərur, Kəngərli, Şahbuz, Culfa və Ordubad istiqamətlərində bir-birindən maraqlı və təkrarolunmaz turizm marşrutlarının təşkili üçün əlverişli şərait yaradır. Artıq böyük populyarlıqla yerli və əcnəbi turistlər tərəfindən istifadə olunan Naxçıvan-Batabat, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Ordubad, Naxçıvan-Əlincə və digərləri kimi Naxçıvan-Qarabağlar turizm marşrutu da özünün cəlbediciliyi ilə diqqəti çəkir.
Naxçıvan-Qarabağlar turizm marşrutu yerləşdiyi bölgənin coğrafi mövqeyi, təbii-iqlim xüsusiyyətləri və sahib olduğu resurslara görə ilboyu istifadə oluna bilən marşrutlardandır. Turistlər həmin marşrutla Naxçıvan şəhərindən başlayaraq istər Qıvraq qəsəbəsi, Yurdçu, Qarabağlar, istərsə də Təzəkənd və Çalxanqala kəndlərindən keçməklə dairəvi istiqamətdə Naxçıvandan Qarabağlara və geriyə hərəkət edə bilərlər. Marşrut üzrə səyahət müddəti ondan istifadə edən turistlərin sayına və səfər motivinə görə bir neçə saatdan gün ərzinədək davam edə bilər. Hazırda turistlərin Naxçıvan şəhərindən Qarabağlar kəndinə qədər, təqribən, 40 kilometr olan yolu bir saat müddətində rahat avtomobillər və ya mikroavtobuslarla getmək imkanları vardır. Yol şəraiti, ümumiyyətlə, Naxçıvanın bütün ərazisinə xas olan yüksək komfortluğu, təhlükəsizliyi ilə fərqlənməkdədir ki, bu da müasir turistləri maraqlandıran ən mühüm amillərdən biridir. Bundan əlavə, marşrut üzrə hərəkət edən turistlər yolboyu kəndlərdəki müasir ticarət-iaşə obyektləri və 4G mobil internet xidmətlərindən də istifadə imkanlarına malikdirlər. Bölgədəki yaşayış məntəqələrinə xas olan müasirlik, əhalinin yüksələn həyat səviyyəsinə şərait yaradan sosial-mədəni infrastruktur şəraiti də marşrut boyunca turistlərin gözündən qaçmayacaq məziyyətlərdəndir.
Naxçıvan-Qarabağlar turizm marşrutu muxtar respublikamızın nisbətən yeni, ancaq böyük potensial vəd edən destinasiyalarındandır. Marşrut, əsasən, tarix, mədəniyyət, müasirlik və nostalgiya duyğularını bir arada yaşamaq istəyən turistlər üçün çox cazibədardır. Bu marşrut üzərində qədim Azərbaycan memarlıq məktəbinin görkəmli nümunəsi olan Qarabağlar Türbə Kompleksini görmək, şübhəsiz, Naxçıvana gəlmiş turistlərin əsas maraqlarından biridir. XII-XIV əsrlərə aid olan bu türbə kompleksi əsrlər boyu Şərq ölkələrinə səfərə çıxan səyyahların görüb bu torpaqların əzəməti ilə yaxından tanış olmaq istədiyi möhtəşəm abidələrdəndir.
Muxtar respublikamız qədim abidələr diyarıdır. Naxçıvan şəhərindən başlayaraq Qarabağlar istiqamətində hərəkət edən turistlərə belə abidələr haqqında məlumat verilərkən onların Azərbaycanın dövlətçilik tarixi ilə birbaşa bağlılığının diqqətə çatdırılması mühüm amillərdəndir. Turistlər Naxçıvan ərazisində mövcud olan abidələrlə tanış olduqda, buradakı şəhər mədəniyyətinin izləri ilə yaxından maraqlanır, qədim dövrlərdə mövcud olmuş Azərbaycan dövlətlərinin iqtisadi və hərbi gücü, buradakı mədəniyyətin inkişafı barədə təsəvvürlər əldə edirlər. Bu mənada, Qarabağlar Türbə Kompleksi də inşa edildiyi dövrdə mövcud olmuş Azərbaycan dövlətlərinin günümüzə qədər yaşayıb gəlmiş bir pasportu kimi təqdim olunmalıdır. Qarabağlar Türbə Kompleksinin bərpası da bu kimliyin yaşadılmasına və onun gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Qarabağlara gəlmiş turistlərə kənd haqqında məlumatlar verilərkən, şübhəsiz, bu qədim yurda xas olan şəhər mədəniyyəti də onların diqqətini cəlb edəcəkdir. Belə ki, XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbinin “Səyahətnamə” əsərində qeyd olunduğu kimi Qarabağların o dövrdə 50 min nəfər əhalisi, 10 min evi, 70 məscidi, 40 minarə və karvansarası, hamamı, bazarı olan, orta əsrlərə xas tipik bir şəhər həyatı olub. Yəni turistlər, əslində, buranın bir kənd deyil, bir zamanlar şəhər olduğunu öyrənəcəklər. Turistlər Qarabağlar Türbə Kompleksində sərgilənən və kəndin o dövrlərdə qədim Roma və Bizans imperiyaları ilə iqtisadi-mədəni əlaqələrini sübut edən tapıntıları görüb, onun bu coğrafi-tarixi əhəmiyyətini, orta əsrlərdə Təbriz, Səmərqənd, Bağdad kimi elm, mədəniyyət, təhsil mərkəzləri ilə əlaqələrinin olmasını öyrəndikdə isə təəccüblərini gizlədə bilməyəcəkdir.
Tarixə marağı olan turistlər, həmçinin qədim Qarabağların ərazisinin o dövrlərdə Damlama, Dübək, Qalacıq kimi tarixi yerlərdə olduğunu və indiki Şərur rayonunun Tənənəm kəndinə qədər yayıldığını da bu marşrut üzrə səyahət etdikləri zaman öyrənə bilərlər. Turistlər onu da biləcəklər ki, tipik inkişaf etmiş orta əsr Azərbaycan şəhərlərində olduğu kimi, Qarabağlar mədrəsələrində də o zamanlar uşaqlara riyaziyyat, nücum elmləri öyrədilib, burada mürəkkəb riyazi hesablamalara və astronomik bilgilərə əsaslanan memarlıq nümunələri yaradılıb. Kəndin müasirliyə qovuşmuş yeni növrağını görən turistlər onun tarixini yaşadan Süleymanlı, Bəydilli, Ağahəsənli, Cığallı, Əlmədədli, Turabxanlı, Hacı Baxşəlilər məhəllə adlarını da öyrəndikdə burada torpağına bağlı insanların həyat tərzi ilə də tanış ola bilərlər.
Hazırda geniş əraziyə, 1200-dən artıq evə malik, 7 mindən artıq sakinin yaşadığı Qarabağlar kəndi haqqında belə ümumi təsəvvür əldə edən turistlər marşrutun final nöqtəsi olan Qarabağlar Türbə Kompleksi ilə yaxından tanış olduqda deyilənlərin heç də bir təsadüf olmadığının fərqinə varacaqlar. Elmi və tarixi əsaslarla bərpa edilmiş türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi kimi dövlətçilik irsimiz və mədəni sərvətimiz kimi turistlərə təqdim olunduğu zaman, əslində, onların gözü qarşısında müasir Naxçıvanda əsaslı təmir və bərpa edilmiş digər tarix və mədəniyyət abidələri haqqında da virtual təsəvvür yaranacaq.
Beləliklə, Elxani hökmdarı Hülakü xanın xanımı Qudi xatının əmri ilə inşa edilmiş Qarabağlar Türbə Kompleksi ilə yaxından tanışlıq orta əsr Azərbaycan dövlətlərinin iqtisadi gücü, mədəni həyatı, burada qadına, onun nüfuzuna verilən hörmət haqqında əcnəbi turistlərə, xüsusən avropalı və amerikalı turistlərə müfəssəl məlumat verə bilmək üçün qiymətli xəzinədir. Bu xəzinə kompleksə aid olan türbə və minarələrlə yanaşı, xanəgahda sərgilənən qiymətli ekspozisiya materialları ilə də zənginləşdirilib. İnanırıq ki, bu tarixi abidəni müasir turizmin imkanlarından yararlanmaqla əcnəbilərə daha yaxından tanıda biləcəyik.
Naxçıvan-Qarabağlar turizm marşrutu hazırda özünü təkmilləşdirmə mərhələsindədir. Şübhəsiz, ixtisaslı kadrların gücündən və müasir texnoloji imkanlardan istifadə etməklə bu marşrutu daha da səmərəli təşkil etmək mümkündür. Bu imkanlar Qarabağların timsalında doğma Naxçıvanımızın hər qarışını – onun daşını, torpağını, bulaqlarını, otlarını, çiçəklərini, canlılarını daha yaxşı tanımaq və tanıtmaq üçün əlverişli fürsətlər yaradır. Gəlin bu fürsətləri qaçırmayaq!
Əli CABBAROV
"Şərq qapısı" qəzeti