“Ayrılıq bir dənizmiş..” - FOTOLAR

Bu gün Emin Sabitoğlunun anadan olmasının 83-cü ildönümü tamam olur

A- A A+

Onun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun: “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Payız gəldi”, “Kəpənək”... Amma təkcə bunlarmı? Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema... Bəs bəstəkarın musiqi çeşməsindən süzülən kino və komediyalar üçün yazdığı musiqilər? Əslində, bunlar da onun yaradıcılığının hamısı deyil...

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifi olan Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 83-cü ildönümü tamam olur.

Özü aramızda olmasa da, “bəzən bir ümid, bəzən göz yaşı gətirən” nəğmələri həmişə bizimlə olan unudulmaz bəstəkarın yubileyi ötən il dövlət səviyyəsində keçirilib. Bununla bağlı Prezident İlham Əliyev ötən il avqustun 5-də “Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq sənətkarın 80 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

Bir payız axşamı görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan Emin sonralar məşhur mahnılarından birində söylədiyi kimi, “haradan gəlib hayana gedəcəyini” çox gözəl bilirdi. Belə olmasaydı, Üzeyir Hacıbəyli adına Azərbaycan Konservatoriyasının nəzdindəki orta musiqi məktəbində (indiki Bülbül adına məktəbdə) təhsil almazdı, 1954-cü ildə Konservatoriyada, Qara Qarayevin sinfinə daxil olmazdı, 1957-1961-ci illərdə təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirməzdi.

Sonralar o, “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müəllim işləyib.

Ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoyub getmiş Emin Sabit oğlu Mahmudov milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır. Bəstəkar tanınmış rejissorlardan - Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və Vaqif Mustafayevlə əməkdaşlıq edib, onların çəkdikləri filmlərə yaddaqalan musiqi bəstələyib.

Bu gün - noyabrın 2-si onun ad günüdür - özü aramızda olmasa da, mahnıları dilimizin əzbəri olan Emin Sabitoğlunun... O mahnılar, o musiqilər ki, hər dəfə ifa olunduqca qəlbimizdə romantik duyğular oyadır, bizi bizdən alıb çox-çox uzaqlara aparır. Elə uzaqlara ki, orada yaşıl ada var, “bir axşam taksidən payıza düşüb”, “bahar həsrəti ilə payız axşamında”, “yağışın əlindən qaçıb”, “üzü dənizə sarı dayanır”...

Lakin üz tutub getdiyi dənizdəki yaşıl ada, nə aradan ötüb keçən illər onu – bənzərsiz və qənirsiz musiqilərin bəstəçisi olan Emin Sabitoğlunu bizdən ayıra bilməz, çünki yadigar qoyub getdiyi həmin bəstələr hər gün evimizdə, ekran və efirimizdə və qəlbimizdə səslənir...

Bir də “Dədə Qorqud”da, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə, “Evləri köndələn yar”da, “Özgə ömür”də, “Ad günü”ndə, “Gün keçdi”də, “Bəyin oğurlanması”nda, “Otel otağı”nda...

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: